Çeçenlər hakimin ailəsini niyə lənətləyib? - FOTOLAR
3-02-2022, 11:34
Çeçenistan Respublikası rəhbərinin dəftərxanasının yaydığı məlumata görə, Rusiya prezidenti Vladimir Putin Ramzan Kadırovu qəbul edib. Moskvada təşkil olunan görüşdə Kremlin sahibi ilə Çeçenistanın dövlət başçısı arasında bəzi məsələlər müzakirə olunub.
Məlumatda Çeçenistan hakimiyyəti tərəfindən keçmiş federal hakim Saydi Yanqulbayevin ailəsinə qarşı təqib və təhdidlə bağlı məsələnin müzakirə olunub-olunmadığı barədə heç nə deyilmir.
Rəsmi görüşdən bir qədər əvvəl Çeçenistanın lideri Ramzan Kadırov keçmiş hakimin ailəsi barədə belə bir açıqlama vermişdi: “Bu ailəni ya həbsxana kamerası, ya da torpağın altı gözləyir”.
S. Yanqulbayev və Z. Musayeva
Oxucularımızın nəzərinə çatdıraq ki, yanvarın sonlarında Çeçenistan Ali Məhkəməsinin sabiq hakimi Saydi Yanqulbayev (o, bu vəzifədə 2012-2015-ci illərdə çalışıb) həyat yoldaşı Zarema Musayevanın Çeçenistanın güc strukturları tərəfindən Nijnıy Novqorod şəhərində oğurlanması barədə məlumat yayıb. Bununla bağlı Çeçenistan DİN-nin müvafiq idarəsi açıqlamasında göstərib ki, xanım Musayeva dələduzluq işi üzrə şahid qismində məcburi qaydada istintaqa gətirilib. Az sonra qadının polis əməkdaşına hücum etdiyi və “onun üzünü cırmaqladığı” barədə məlumat yayıldı. Z. Musayevaya qarşı RF CM-nin 318-ci maddəsi üzrə cinayət işi qaldırıldı və dünən Qroznı məhkəməsi onun barəsində iki aylıq həbs qərarı çıxarıb.
Abubəkir
Keçmiş hakim Yanqulbayev ailəsi ilə bağlı baş verənlərin oğlu Abubəkirin ictimai fəaliyyəti ilə bağlı olduğunu bəyan edib. Onun oğlu İşgəncələrə qarşı Komitədə çalışıb. Bu komitə və onun rəhbəri İqor Kalyapin Çeçenistan hakimiyyəti tərəfindən dəfələrlə hədələrə və təhdidlərə məruz qalırmış. 2021-ci ilin dekabrında Abubəkir Yanqulbayev terrorizmə haqq qazandırmaq ittihamı ilə saxlanılıb. Az sonra həyatlarına təhlükə yaranması səbəbindən Saydi, oğlu və qızı Rusiyanı tərk ediblər.
Bunun ardınca RF Dövlət Dumasının deputatı Adam Delimxanov sosial şəkədə yaydığı videoda Yanqulbayevlər ailəsinin üzvlərinin başlarını kəsəcəyinə söz verir. Dünən isə Qroznı şəhərində “lənətlənmiş ailəyə” qarşı sanksiyalaşdırılmamış etiraz mitinqi keçirilib. “Qroznı-info”nun xəbərinə görə, yüz minlərlər insanın iştirak etdiyi mitinqdə Rusiya hakimiyyətinə qarşı aşağıdakı tələblər irəli sürülüb: Çeçenistana “düşmən KİV-lərin”, o cümlədən, “Novoya qazeta” və “Dojd” telekanalının fəaliyyətinə son qoyulsun.
Mitinqdə Saydi Yanqulbayevin və onun ailə üzvlərinin portretləri yandırılıb. Hazırda baş vermiş insidentlə bağlı həm Rusiya Baş Prokurorluğunda, həm də Dövlət Dumasının müvafiq komitəsində araşdırma aparılır.
Rusiya prezidentinin Kremldə Çeçenistanın dövlət başçısını məhz bu məsələ ilə bağlı qəbul etdiyi ehtimal olunur.
Reyting.az