İranda qadın cinayətləri: ərindən şiddət gördüyü üçün Türkiyəyə qaçdı, amma geri qaytarıldı və öldürüldü

12-02-2022, 16:44           
İranda qadın cinayətləri:
İranda 17 yaşlı gənc qadının əri olduğu deyilən şəxs tərəfindən öldürülməsi həm qadın cinayətləri haqda qanunların, həm də bu xəbərlərin mətbuatda işıqlandırması üsullarının gərgin müzakirəsinə səbəb olub.

Xəbərdarlıq: bu məqalədəki bəzi ifadələr sizə narahatedici görünə bilər.

İranda bir qadının öldürülməsinə aid dəhşətli görüntülər sosial şəbəkələrdə dolaşmaqdadır. Videonu hətta İranın "Rokna" xəbər saytı da paylaşıb.

Buna görə sayt rəsmilər tərəfindən bağlanıb.

Nə baş verib?

Cinayətin fevral ayının 5-də İranın Xuzistan əyalətinin güney-qərbindəki Əhvaz şəhərində baş verdiyi ehtimal olunur.

İranın "Rokna" xəbər agentliyi yazıb ki, gənc qız əri olduğu deyilən şəxs tərəfindən öldürülmüş ola bilər.

BBC Farsca Xidməti Mona Qazal Heydəri adlı gənc qadının üç yaşlı bir oğlu olduğunu və ərinin "zorakı davranışlarına" görə Türkiyəyə qaçdığını, ancaq sonra ailəsi tərəfindən geri qaytarıldığını bildirib.

"Rokna" şübhəlinin həbsdən əvvəl gənc qadının kəsilmiş başıyla küçələrdə gəzdiyini əks etdirən görüntüləri paylaşıb (kəsik başın görüntüsünü tutqunlaşdıraraq). Video sosial şəbəkələrdə də geniş yayılıb.

Ertəsi gün İranın İLNA xəbər agentliyi cinayətdən dörd saat sonra iki şübhəlinin həbs edildiyini və onların Mona Qazal Heydərinin başını kəsdiklərini etiraf etdiklərini bildirib.

İLNA həmçinin yazıb ki, polis məmuru Zöhrab Hüseyninejad həmin şəxslərin ədliyyə orqanlarına təhvil verildiyini deyib.

Yerli mətbuat orqanları Mona Qazal Heydərinin əri və qaynının "qətl törətdiklərinə görə həbs olunduqlarını" və böyük ehtimalla, qətlin "ailə problemlərindən" qaynaqlandığını yazıblar.

Gənc qadının ailəsi nə deyir?
Mona Qazal Heydərinin atası İranın "Entekhab" xəbər agentliyinə açıqlamasında deyib ki, qızını Türkiyədən Əhvaza onun qaynatasıyla birlikdə qaytarıblar.

O iddia edib ki, Mona "insan alveriylə məşğul olan qrup" tərəfindən əvvəl Tehrana, ordan da Türkiyəyə qaçırılıb. Ata qızını ordan suriyalı insan alverçisinə pul verərək xilas etdiyini, Monanın əri Səccaddan boşanmaq istəməsi barədə xəbərin yalan olduğunu deyib.

O, qızını hələ uşaqkən ərə verdiyini, bunun üçün "fiziki inkişafının evliliyə uyğun gəlməsi" haqda arayış aldığnı etiraf edib. Ata "qızının başını kəsdiyi üçün" Səccaddan şikayət etdiyini, onu bağışlamaq fikrində olmadığını bildirib.

Necə reaksiya verildi?
Sosial mediada bir çox insan qətli pisləyib, farsca "Əhvaz", "namus cinayəti" və "uşaq evlilikləri" həştəqləri altında İrandakı qadın haqlarını müzakirə edilib.

Bəzi istifadəçilər xəbərlərdə adı çəkilməyən gənc qızın "ölümündən sonra da ayrı-seçkiliyə məruz qalmasından" şikayətləniblər.

İran qəzetlərinin çoxu bu xəbəri birinci səhifədə dərc edib.

"Arman-e Melli" qəzeti "Namus cinayətləri: qadınlar hələ də qurbandır" yazıb.

İslahatçı "Ebtekar" qəzeti yazıb ki, "Qadınlara qarşı zorakılıq sosial problemdir... Boşanmalara, evdən qaçmağa və namus cinayətlərinə səbəb olur".

İranın mühafizəkar mövqeli "Javan" qəzeti zorakılıq təsvirləri olan videoların bəzi media orqanlarında yayımlanmasını tənqid edib: "İnsan hüquqlarına məlumat əldə etmək hüququ da daxildir. Amma zorakılıq görüntülərinin dərci dünyadakı hər bir peşəkar media qurumunun qırmızı xəttidir".

"Rokna" xəbər agentliyinin paylaşdığı görüntülərə baxan on minlərlə insan internet və sosial media üzərindən buna reaksiya verib.

Bəzi media qurumlarının zorakılıq görüntülərinə açıq şəkildə yer verməsi ölkədə ciddi reaksiyalar doğurub.

Bazar günü İranın Mətbuata Nəzarət Şurası "məzmun paylaşımındakı daimi pozuntulara" görə "Rokna"nın saytını qadağan edib.

İranda audiovizual medianı tənzimləyən "Satra" təşkilatı da "foto və videolar da daxil olmaqla, sözügedən görüntü və səhnələrin yayımına" qadağa qoyub.

İranın rəsmi xəbər agentliyi İRNA "Rokna"nın baş direktoru Məsud İbrahiminin "səhvlərini etiraf etdiklərini və məsuliyyəti öz üzlərinə götürəcəklərini" yazıb.

"Qərarı qəbul edirik... Videonun ictimaiyyəti narahat edə biləcəyini təqdir edirik. Jurnalistikada səhvlər olur, biz də istisna deyilik" - İbrahimi belə deyib.

Qadağa qaldırıldıqdan sonra redaksiya heyətində bəzi dəyişikliklər edəcəklərini bildirən İbrahimi "yeni bir mühit yaratmağa" ümid etdiklərini də sözlərinə əlavə edib.

İranın Baş prokuroru Məhəmməd Cəfər Montazeri də videonun yayılmasını pisləyib, amma hələlik agentliyə qarşı hüquqi addım atılmadığını bildirib.

İranda "namus cinayətləri" adlandırılan qətllərə dair hansı qanunlar var?
İranın İslami Cəza Qanunu uşaqlarını "namus" zəminində öldürən və ya ailə içində zorakılıq edərək onlara zərər verən ata və babaların cəzalarını yüngülləşdirir.

BBC Monitorinq Xidmətinin məlumatına görə, atalar və ata tərəfdən ağsaqqallar övladlarını və ya nəvələrini öldürməkdə təqsirli bilinərlərsə, onlara ölüm hökmü tətbiq edilmir.

Əgər qurbanın qardaşı və ya digər qohumları qətldə təqsirli bilinərlərsə,onlara qarşı qisas nəzərdə tutan şəriət qanunlarına tətbiq oluna bilər. Ancaq ailə tərəfindən bağışlanmaları da mümkündür.

Rominə Əşrəfinin öldürülməsi
Monanın qətli 14 yaşlı Rominə Əşrəfini - 35 yaşlı kişiyə ərə getmək istədiyi üçün İranda atası tərəfindən başı kəsilən qızı yada saldı.

Əşrəfinin ölümündən sonra - iyunun 7-də İran uşaqları zorakılıqdan qorumaq üçün qanun qəbul etdi.

Ancaq bəzi aktivistlər qanunu tənqid edirlər.

Monanın qətlini İranın islahatçı siyasətçisi Azər Mənsuri də pisləyib:

"Mona Heydəri daha bir namus qətlinin bir qurbanıdır. İllərlə davam edən müzakirələrdən sonra da qadınları müdafiə edən qanunvericilikdə qeyri-müəyyənlik var. Qadınlara qarşı zorakılıq rəsmi olaraq nəzəriyyələşdirilir və müxtəlif formalarda çoxaldılır".
İranda namus cinayətləri nə dərəcədə yayğındır?
İranda "namus" naminə qətllərin rəsmi statistikası yoxdur, amma BBC Monitorinq Xidmətinin məlumatına görə, bəzi araşdırmalarda hər il bu səbəbdən 375-450 adam öldürüldüyü görünür.

2019-cu ildə İran polisinin dərc etdiyi araşdırma göstərib ki, ölkədə baş verən qətllərin təxminən 30 faizi bu zorakılıq növüylə bağlıdır.

Əksəriyyəti qərbdəki Xuzistan, Kirmanşah və İllam əyalətlərində baş verən qətllər xüsusilə kəndlərdə və tayfalar arasında geniş yayılıb. Amma böyük şəhərlərdə də oxşar cinayətlər törədilir.

2020-ci ildə Rominə Əşrəfinin atası tərəfindən öldürülməsi ölkədə baş verən ən dəhşətli cinayətlərdən biridir.

2021-ci ilin may ayında 20 yaşlı Əli Fazeli Monfaredin Xuzistan əyalətindən qaçırıldığı və onun homoseksual olduğunu öyrənmiş qardaşları və əmisi oğlanları tərəfindən Əhvazda başının kəsildiyi barədə xəbərlər var. Deyilənə görə, Monfared ölkədən qaçaraq Türkiyədəki sevgilisinin yanına getmək istəyirmiş.

Məqalə BBC Farsça Xidmətinin yardımıyla hazırlanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.