Müharibə vaxtı bu ölkə Azərbaycana 100 tank verib? – “Ukrayna kişilik etdi…”
9-03-2022, 15:54
“Bilmirəm, Vahid müəllim bu rəqəmləri haradan götürüb. Amma SSRİ dağılandan sonra 220 tank Azərbaycana, o cümlədən Ermənistana və digərlərinə bərabər sayda hərbi texnika miras qalmışdı. Düzdür, onun müəyyən hissəsi sonradan sıradan çıxdı, lakin bir daha deyirəm, 100 tankı mən eşitməmişəm”. Teref.az xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərli deyib. O, Milli Məclisin deputatı Vahid Əhmədovun Birinci Qarabağ savaşında Ukraynanın Azərbaycana 100 tank verməsi ilə bağlı səsləndirdiyi fikirləri şərh edib:
“Birinci Qarabağ müharibəsi 1994-cü ildə başa çatıb. 1988-ci ildə hadisələr başlayanda ordumuz olmasa da, 3 il ərzində bizim Ukraynadan o qədər tank almağımız inandırıcı görünmür.
Amma buna baxmayaraq, Ukrayna Azərbaycana güclü dsətək olub. Silah-sursat və s. ilə təmin ediblər, amma 100 tankı eşitməmişəm. Bəlkə, Vahid müəllim bunu haradansa bilir və eşidib. Amma o 100 tank haraya verilib ki?
Belə götürsək, yeni yaranmış ordumuza keçmiş SSRİ-dən qalma 220 tank verdilər, amma sırf 100 dənə tankın verilməsi inandırıcı gəlmir”.
Ü. Cəfərov əlavə edib: “Məsələ burasındadır ki, bizim indi hər cümləmizdən Azərbaycana qarşı istifadə edə bilərlər. 100 olmasa da, onlarla tank olub. Mən onu bilirəm ki, sıradan çıxan tanklar da oldu orada. Bəlkə də bu həqiqətdir, mübahisələndirmirəm, lakin 100 tank haraya gətirilib? Ən azından, mən Füzuli döyüş briqadasında olmuşam və briqadaların sayı da o qədər çox deyildi. 20, 30, bəlkə də 40 tank olar…
O ki qaldı texnika baxımından bizə kömək edən ölkələrə, sözsüz ki, ən çox Ukrayna kömək edib. 44 günlük Vətən savaşında da Ukrayna bizə bir gecənin içərisində Müdafiə Sənayesi Nazirliyi üçün vacib olan komponentləri verib”.
“Burada da bizdə bəzi gərgin məqamlar var idi ki, o məsələləri Ukrayna ilə Qırğızıstan həll etdi. O zamanlar Rusiya imkan vermirdi ki, Azərbaycana texnikalar gəlsin, amma Ukrayna kişilik edib o məsələdə Azərbaycana çox dəstək oldu. Mən şəxsən bunun canlı şahidiyəm.
Bəzi məsələlər var ki, biz Azərbaycanı pis vəziyyətə qoymayaq deyə dilə gətirmirik, amma məqamı gələndə həmin o rəqəmlər də açıqlanacaq. Sizə qəribə gələ bilər, amma Qırğızıstanla Ukrayna Azərbaycana o 44 günlük savaşda elə kömək etdilər ki, biz onu unutmamalıyıq.
Onu da deyim ki, o vaxtı Ukraynadan bizə mütəxəssislər gəlmişdi və yerləri müəyyən edirdilər ki, haradan Azərbaycan ərazisinə radio-elektron müdaxilə var. Ukraynanın burada çox böyük dəstəyi olub” – deyə o, yekunlaşdırıb.