Qərb ölkələri Ukraynaya hansı silahlar verir və bunlar neçə çatdırılır?

9-03-2022, 15:56           
Qərb ölkələri Ukraynaya hansı silahlar verir və bunlar neçə çatdırılır?
Ukraynada müharibə tam sürəti ilə davam edir. Qərb ölkələri Rusiyaya ağır sanksiyalar tətbiq edərkən, Ukraynaya kritik yardımlar göstərirlər. Bəs, Qərb ölkələri Ukraynaya hansı silahları göndərir, hərbi texnika ölkəyə necə gətirilir? Teref.az reyting.az-a istinadla xəbər verir ki, Ukrayna ordusu Rusiya ordusuna məxsus təyyarələrin vurulması ilə bağlı videolar paylaşır. Təsdiqlənmiş videolardan birində Rusiya helikopteri hava hücumundan müdafiə sistemlərindən yayınmaq üçün çox aşağı məsafədən uçsa da hədəfə tuş gəlir.

Bu postlardan belə anlaşılır ki, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus reaktiv təyyarələr də vurulur. Hərbi ekspertlərin fikrincə, bu videolar Ukraynada artıq Qərbin hərbi texnologiyalarından istifadə olunduğunu sübuta yetirir.

Böyük Britaniyanın müdafiə və təhlükəsizlik araşdırma mərkəzi ROSI-nin mütəxəssisi Kastin Bronkin sözlərinə görə, bu şəkildə ən azı 20 təyyarənin vurulmasına dair videolar var. Bu rəqəm Ukrayna hakimiyyətinin “48 təyyarə və 80 helikopteri vurduq”,- bəyanatından az olsa da, Rusiyanın hava məkanında üstünlük yaratmaqda çətinlik çəkdiyini göstərir.

Təbii ki, Ukraynanın da itkiləri var. Amma Böyük Britaniyanın müdafiə naziri Ben Uolles BBC-yə deyib ki, Rusiya hələ də Ukraynanın hava hücumundan müdafiə sistemlərini və hava qüvvələrini ləğv etmək məqsədinə nail olmayıb.

Uollesin fikrincə, Ukraynanın hava hücumundan müdafiə sistemlərinin heç olmasa bir hissəsini özündə saxlamağa nail olması Rusiya təyyarələrini gecələr uçmağa məcbur edir.

“Manpad” kimi tanınan və çiyinlərə quraşdırılan, daşınması asan olan hava hücumundan müdafiə sistemləri Qərbin Ukraynaya verdiyi silahlardan sadəcə biridir. Bu sıraya “Manpad”la yanaşı ABŞ istehsalı olan “Stinger” raketləri də daxildir. Dəqiq sayı bilinməsə də, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukrayna ordusuna minlərlə tank əleyhinə silah və mindən çox “Stinger” raketinin çatdırıldığını deyib.

CNN-nin ABŞ rəsmisinə istinadla verdiyi məlumata görə, Ukraynaya 17 min tank əleyhinə silah və 2 min “Stinger” çatdırılıb.

İşğal başlamazdan əvvəl Britaniya Ukrayna ordusuna “Nlaws” adlı tank əleyhinə raketlərdən 2000-ə yaxın tədarük edib. Ümumilikdə 14 ölkənin Ukraynaya silah tədarük etdiyi bildirilir. Bu ölkələr arasında NATO üzvü olmayan İsveç və Finlandiya da var.

Almaniya Ukraynaya tank əleyhinə 1000 ədəd silah və 500 “Stinger” raketi göndərib. 2,5 km mənzilli və dünyanın ən təsirli tank əleyhinə silahları arasında göstərilən “Javelin” də Ukrayna ordusuna verilən Qərb silahları arasındadır. Bundan əlavə, Ukraynaya minlərlə avtomatik hücum silahı, sursat və tibbi ləvazimat çatdırılıb. Britaniya bu silahların Ukraynaya qaçaqmalçılıq yolu ilə keçirilməsini “təmin etdiyini” deyir. Qərb səlahiyyətliləri isə hərbi təchizatın necə çatdırıldığına dair təfərrüatları açıqlamırlar. Ancaq sirr deyil ki, bu, Ukraynaya qonşu olan Avropa dövlətləri vasitəsilə daşınır. Estoniya, İsveç və Danimarka müdafiə nazirlikləri ötən həftələrdə Ukraynaya hərbi ləvazimatların gəldiyini təsdiqləyiblər.

Bir müddət əvvəl məlumat yayılıb ki, ABŞ Baş Qərargah rəisi general Milley Polşa-Ukrayna sərhədinə gəlib, burada hansısa aerodromla tanış olub. Ehtimal olunur ki, Ukraynaya silahlar məhz bu aerodrom vasitəsilə çatdırılır. Təyyarələr Qərbin göndərdiyi silah-sursatı bu aerodroma gətirir, buradan avtomobillərə yüklənərək Ukraynanın qərb ərazilərinə daşınır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.