Erməni təxribatı səngimir - VİDEO

10-03-2022, 16:51           
Erməni təxribatı səngimir - VİDEO
10 noyabr 2020-ci il razılaşmasına əsasən, Azərbaycan və Ermənistan arasında münaqişənin başa çatmasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri martın 10-u gecədən səhər saatlarınadək mövqelərimizi dəfələrlə atəşə tutub.

Bu amil erməni tərəfinin üzərinə götürdüyü öhdəliklərə əməl etməməkdə israrlı olduğunu göstərir. Digər tərəfdən, Ağdam rayonunun Çuxurməhlə, Qurdlar, Xıdırlı, Qaradağlı və Qasımlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizin müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutulması son bir neçə gündə baş verən ilk belə hal da deyil.

Bundan öncə isə mövqelərimiz Naxçıvan, Goranboy, Tərtər, Ağdam və Xocalı rayonları istiqamətindən erməni təxribatına məruz qalıb. Ekspertlər bildirir ki, Ağdam bölgəsindən bilavasitə sülhməramlıların fəaliyyət göstərdiyi ərazilərdə atəşkəsin pozulması siyasi məqsədlərdən xəbər verir.

44 günlük Vətən müharibəsindəki məğlubiyyətdən sonra erməni silahlı qüvvələri ara-sıra bu cür təxribatlarla özünün mövcudluğunu göstərməyə çalışır. Ərazi bütövlüyümüz və bölgədə təhlükəsizliyin təmin olunmasına təhdid yaranacağı təqdirdə isə heç şübhəsiz, Azərbaycan buna adekvat cavab verəcək.

İndiki vəziyyətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altında olsa da, aydındır ki, Ermənistan tərəfinin revanşizm mövqeyindən çıxış edərək hərbi təxribatları davam etdirməsi sərhəddə vəziyyəti bir qədər də gərginləşdirir. Bu mənada, sözsüz ki, qarşı tərəfin dövlət sərhədi boyunca istənilən döyüş aktivliyi bölmələrimiz tərəfindən izlənilir və lazım gələcəyi halda antiterror əməliyyatlarının aparılması da istisna olunmur.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.