Bayramı unudanlar - evini qızına verib kirayədə qalan, onu atan anasına baxan qadınlar

10-03-2022, 00:06           
Bayramı unudanlar  -
“Toplum TV”-nin əməkdaşı hər gün yaşam uğrunda savaş aparan, hər gün rastlaşdığımız, amma diqqət yetirmədiyimiz üç qadının hekayətini danışır.

Güllər, bayramlar, hədiyyələr bu qadınlardan yan keçir. Onlar üçün xoşbəxtlik evlərinə bir tikə çörək pulu aparmaqdır.

Gülsatan Nargilə xala: “Mənə 8 martda heç gül verən yoxdur”

Hava çox soyuqdur. Mart ayı olsa da, adamın əli-ayağı buz bağlayır. Buna baxmayaraq, camaat şəhərin mərkəzi küçələrinə axın edib, bayram əhval-ruhiyəsi var.

Günün ən xoşbəxtləri isə gül satanlardır deyəsən. Gül dükanlarının qarşısı insanla qaynayır. Amma Nargilə xalanın Türkandakı bağından dərib, satmaq üçün gətirdiyi nərgiz güllərinin sayı azalmır. Onlar artıq solub, yarpaqları saralıb. Amma xalanın üzündə də təbəssüm var. Gözləri par-par parıldayır.

İmkansızlıqdan həftədə bir dəfə bağında əkdiyi gülləri satmağa gətirir: “Çətin dolandığımıza görə, həftədə bir dəfə şəhərə gəlib gül satıram”.

Nargilə xala gül satsa da, ona gül alan yoxdur.

“Mənə 8 martda heç gül verən yoxdur. Bağımdan gülləri dərib gətirirəm ki, satım, qızlar alsın, bayram günündə üzləri gülsün. Mən qızları çox istəyirəm, özümün də 5 qızım var. Oğlum yoxdur. Onlar da bilirlər mən şəhərə gəlib gül satıram. Özləri də çətinliklə dolanırlar”.

Milli Qəhrəmanın bacısı, evini qızına verib kirayədə yaşayan Tərbiyə xalanın hekayəti

Saatlardır skamyada oturan Tərbiyə Səfiyeva qalın jaketlərini üst-üstə geyinməsinə baxmayaraq soyuqdan tir-tir əsir, ancaq büruzə verməməyə çalışır. Qabarlı əlləri zəhmətkeş olmasına işarədir. 56 yaşı var, amma həyatın yükü onu tez qocaldıb.

“Mənim həyatım qara gəlib. 1992-ci ildə qardaşım 22 yaşında 1-ci Qarabağ müharibəsində şəhid oldu. Milli Qəhrəman adı aldı. Qardaş itirmək çox çətindir”- bu sözləri deyəndə gözlərindən gilə-gilə yaş axır. Sanki həyatın çətinliklərinə qarşı dişini sıxıb, möhkəm dayanan ananın gözündən axan yaşla birlikdə dərdləri də tökülür.

“5 il öncə həyat yoldaşım rəhmətə getdi. Oğlum olmadı ki, mənə baxsın. Oğlum olsaydı, burda nə işim var idi. Mən də evimdə oturardım. Qızım var, ailəlidir, 2 uşağı var. Yoldaşı 400 manat maaş alır. Mənim Şirvanda öz evim var. Onlar mənim evimdə qalırlar. Orda dolana bilmirəm deyə, gəlib burda alver edirəm”.

Bakıda fıstıq satmaqla dolanan Tərbiyə xala kirayədə yaşayır.

“Evim ola-ola burda kirayə qalıram. 3 qadınla bir evdə yaşayırıq. Biri xadimə işləyir, o biriləri də mənim kimi alver edir. Kirayə pulunu birlikdə veririk. Tək qalsam kirayə pulunu verə bilmərəm. İkinci qızım da ailəlidir. Mən necə onlarda qalım? Bəziləri deyir ki, uşaqlarım evləndi, qurtardı, getdi. Elə deyil. Mən axı valideyinəm. İşləyib onlara kömək edirəm. Allah mənə can sağlığı versin, onlara daha çox kömək edim. Mən özümdən çox onları düşünürəm. Nəvəmə də kömək edirəm. Qızım işləmir. Uşaqları da balacadı. İşləsə uşaqlarına kim baxacaq?”

Tərbiyə xala qızlarının arada ona baş çəkdiklərini, onu evlərinə aparmaq istədiklərini də deyir.

“Qızım deyir ki, gəl otur evdə, nə taparıq yeyərik. Amma görürəm ki, elə alınmır…”
Amma o, qızlarına yük olmamağa çalışır və iş axtarışındadır.

“İşləmək üçün çox yerə getmişəm. Deyiblər ki, sənin işçi qüvvən yoxdu. 40 yaşına qədər işə götürürlər. Süpürgəçi işi vardı. 120 manat maaş verirdilər. Mən 120 manatla necə dolanım axı. Evdə otursam işıq, qaz, su işləyəcək, pul yazacaq. Mən o qədər pulu necə verərəm?.. Ona görə evdə oturmaqdansa, küçədə oturub fıstıq satmaq yaxşıdır. Polislər işləməyə qoysalar, fıstıq satmaqla dolana bilirəm. Şəhid bacısıyam deyə mənə hörmət edirlər”.

Çətinliklərlə üzləşsə də, Tərbiyə Səfiyeva şükr etməyi unutmayan qadındır: “Hər şey bahalaşıb, od qiymətinədir. İndi yaşamaq çox çətindir. Yenə də bu günümə şükür edirəm. Təki dünyamız düz olsun. Bir tərəfdə müharibələr, bir tərəfdə pandemiya, bir tərəfdə aclıq, susuzluq, xəstəliklər. Hər gün xəbərlərdə insanların yaxınlarını itirdiklərini görürük. Ölənlər də candır, insandır, onlar da yaşamaq istəyirlər. Ona görə də, şükür etmək lazımdır”.

Onu atan anasına baxan, qızını internata qoyan Təranənin hekayəti

37 yaşlı Təranə süpürgəçiliklə dolanır. O, bu işə könülsüz başladığını deyir.

“3 il yarımdır süpürgəçi işləyirəm. Təzə işləməyə başlayanda çətin idi, artıq öyrəşmişəm. Müdirimiz 8 mart münasibətilə bütün süpürgəçi qadınlara stəkan dəsti hədiyyə etdi”.

Təranə uşaq evində böyüyüb. Həyatın hər üzüylə rastlaşdığını söyləyir. Başına gələnlər ucbatından əsəb xəstəsi olduğunu desə də, güclü görünür.

“Bizim “Tarqovı” küçəsində, “Malakan” bağının yanında evimiz olub. Atam rəhmətə gedəndən sonra anam o evi qəpik-quruşa satdı. Sonra da bir kişiyə qoşulub qaçdı.

Heç atamın qırxı çıxmamışdı. Bibim də məni, bacımı və qardaşımı uşaq evinə qoydu. Məni uşaq evinə qoyanda 11 yaşım var idi. 21 yaşıma qədər orda qaldım. Elə orda da mənə elçi gəldilər”.

Amma ailə xoşbəxtliyi uzun çəkmir:

“Uşağımız olandan bir həftə sonra yoldaşımın dostları gəlib mənə dedilər ki, Şamaxıda avtomobil qəzasında ölüb. Bilmirəm ölüb, yoxsa Türkiyəyə qaçıb. O vaxtdan ondan xəbər tutmadım. Dolanmaq çətin idi deyə mən də bələkdəki qızımı uşaq evinə qoydum. İndi 15 yaşı var. Tez-tez gedib dəyirəm. Axırıncı dəfə keçən ay getmişdim. Qızım məni günahlandırsa da, günahım yoxdur. Hamısını atası edib, mən yox”.

O, başına gələnlərə görə tək ərini yox, həm də anasını günahlandırır: “Anam bizi atdı, onu bağışlamıram. Başıma gələnlərə görə onu günahlandırıram. Amma şəkər xəstəsidir, ona baxmalıyam”.

Geri qayıdanda gül satan Nargilə xalanın qazandığı pul ilə marketdən ərzaq aldığını görürəm.

Onlar yaşadıqları həyatla barışıb, qədərlərinə baş əyiblər. Güllər, bayramlar, hədiyyələr bu qadınlardan yan keçir. Eynən bu gün olduğu kimi…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.