UKRAYNADA NƏ QƏDƏR AZƏRBAYCANLI YAŞAYIR? – Dövlət qurumları xəbərsizdir, Ukraynadakı mənbələr isə...
12-03-2022, 11:30
Uzun müddətdir davam edən Rusiya-Ukrayna münaqişəsinin müharibəyə çevrilməsi Ukraynada yaşayan soydaşlarımızı çətin vəziyyətdə qoyub. Hazırda onların bir çoxu təhlükəsiz bölgələrə təxliyyə olunmaq üçün yardım gözləyirlər.
Azərbaycan hökuməti isə öz imkanları daxilində vətəndaşlarımıza köməklik göstərməyə çalışır. Xarici İşlər Nazirliyi Ukraynadan təxliyyə olunan azərbaycanlılar haqqında hər gün statistik məlumatlar paylaşır.
Ancaq Ukraynadakı azərbaycanlıların sayı haqqında dəqiq məlumatlar olmadığından, təxliyyənin nə qədər davam edəcəyi, prosesdə neçə nəfərin iştirak edəcəyi kimi suallara rəsmi qurumlar cavab tapmaqda çətinlik çəkirlər.
“AzPolitika.info” dövlət qurumları və internet resurslarındakı məlumatlar əsasında Ukraynada yaşayan azərbaycanlıların sayını öyrənməyə çalışıb.
İlk öncə qeyd edək ki, sözügedən məsələ ilə bağlı müvafiq qurumlara müraciət ünvanlasaq da, tutarlı bir cavab ala bilmədik.
Dövlət Miqrasiya Xidmətindən “AzPolitika.info” ya bildirildi ki, qeyd olunan məsələ onların səlahiyyəti xaricindədir.
Azərbayanın Ukraynadakı səfirliyindən bildirilib ki, Ukraynada nə qədər Azərbaycan vətəndaşının yaşadığı məlum deyil: “Təxmini rəqəmlərə görə, Dnepr şəhərində 30 min, Dneprətrafı ərazilərdə isə 70 min nəfər soydaşımız yaşayır”.
Diasporlara İş üzrə Dövlət Komitəsi ilə əlaqə yaratmaq cəhdlərimiz isə baş tutmadı, gün ərzində telefonlara cavab verən olmadı.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov isə “AzPolitika.info” ya bildirdi ki, hazırda Ukraynadakı azərbaycanlıların dəqiq sayı haqqında heç bir məlumat yoxdur: “Ukrayna və Azərbaycan arasında viza rejimi olmadığından hesablama aparmaq mümkün deyil. Ona görə də, bu say qeyri-müəyyən olaraq qalır”.
Xairici İşlər Nazirliyinin rəsmiləri də Ukraynadakı vətəndaşlarımızın dəqiq sayından xəbərsiz olduqlarını bildiriblər.
Dövlət qurumlarından dəqiq məlumatlar verilmədiyindən, Ukrayna seqmentindəki internet resursları üzərindən araşdırmanı davam etdirdik.
Ukrayna mətbuatındakı məlumatlara əsasən, azərbaycanlılar 90-cı illərin əvvəllərindən bu ölkədə sıx məskunlaşmağa başlayıblar. 1990-2000-ci illər ərzində Ukraynadakı azərbaycanlıların sayının 4000 nəfərdən 45.000 nəfərə qədər artdığı bildirilir.
İkinci köç dalğası isə 2000-ci illərə təsadüf edir. Bu zaman Ukraynaya üz tutanların böyük əksəriyyəti tələbələr olub. Son statisitik məlumatlara görə, hazırda Ukraynada 10 mindən artıq azərbaycanlı tələbə təhsil alır.
Ukrayna Miqrasiya Xidmətinin məlumatına əsasən, azərbaycanlı icma Ukraynadakı ən böyük milli azlıqlardan hesab olunur. Qurumdan bildirilir ki, Ukraynada yaşayan azərbaycanlıların sayı 500 min nəfərdən artıqdır.
Ukraynalı deputat Borislav Bereza da təsdiqləyib ki, Ukraynada 500 min nəfərə yaxın azərbaycanlı yaşayır.
Onun sözlərinə görə, Ukrayna vətəndaşlığı alan azərbaycanlıların sayı 100 min nəfərdən artıqdır: “150 minə yaxın azərbaycanlı Donetsk, Dnepropetrovsk, Xarkov, Kiyev və Krım vilayətlərində məskunlaşıb”.
Qeyd edək ki, Ukraynadan indiyə qədər ümumilkdə 15 min vətəndaşımız təxliyyə olunub, onlardan 5 mini çarter reyslərlə Azərbaycana gətirilib.