Xəstəlik, çevriliş və sui-qəsd ehtimalları: Putinin yerinə kim keçəcək?
12-03-2022, 14:08
Rusiya və Ukrayna arasında müharibə başladığı gündən bəri dünyada müzakirə edilən mövzulardan biri də Rusiya Prezidenti Vladimir Putinin vəzifədən gedib-getməyəcəyidir.
Paralel.az "The Telegraph"a istinadla xəbər verir ki, müharibənin 17-ci günündə Putinin 24 fevraldakı mövqeyindən çox çox uzaqda olduğu deyilir.
Ukraynanın işğalının planlaşdırıldığı kimi getməməsindən sonra Putinin xəstə olması, vəzifədən gedəcəyi və hətta devriləcəyi ilə bağlı müxtəlif iddialar səsləndirilir.
Xəstəlik iddiaları
Rusiya liderinin qonaqlarını qəbul etdiyi uzun masalar, onunla görüşməsinə icazə verilməsi üçün Braziliya Prezidentinin 5 dəfə testdən keçirilməsi kimi faktorlar onun xəstə olması təsəvvürünü yaradıb. Putinin immunitetini azaldan və onu təhlükəyə atan xəstəliyi ola biləcəyi deyilir.
Rusiya Prezidentinin əllərinin titrədiyi videolar onun parkinson xəstəsi olması ehtimalı yaradır, üz-gözündəki şişkinliklər isə kortizonlu dərmanlar istifadə etdiyinin sübutu kimi qəbul edilir.
Davranışlarındakı qəribəlik və dəyişikliklər isə ölmdən qorxmasına səbəb olan böyük bir xəsytəliyi olması iddialarını yaradır.
Bütün bu reallıqları kənara qoysaq, Putinin vəzifəsindən və gücündən öz istəyi ilə imtina edəcəyini düşünmək çətindir.
Rusiya konstitusiyası nə deyir?
Rusiya konstitusiyasının 93-cü maddəsinə görə, prezidentlər törətdikləri cinayətlərə görə vəzifəsindən azad edilə bilər. Ancaq bunun üçün parlamentdə səs çoxluğu ilə qəbul edilməli, konstitusiya və ali məhkəmələr tərəfindən təsdiqlənməlidir. Lakin bütün qurumlar Putinin nəzarətində olduğu üçün bu ehtimal da o qədər yüksək görünmür.
Sui-qəsd təhlükəsi
Qərb ölkələrində Putinə qarşı sui-qəsd təhlükəsi variantı da tez-tez dilə gətirilir. Qaldığı hər yerin havadan və qurudan müdafiə eilməsinə görə bu ehtimal olduqca aşağıdır. Qeyd olunur ki, Putin bir yerə gedirsə, onun yanında bomba zərərsizləşdirmək üçün xüsusi komanda gedir, hətta yeməklərin dadına ondan əvvəl baxan biriləri də var.
Çevriliş ehtimalı
Putinin iqtidardan getməsi üçün ağla gələn ehtimallardan biri də çevriliş cəhdidir. Hətta Rusiyanın müdafiə naziri Sergey Şoyqunun çevriliş planlaşdırdığı ilə bağlı dedi-qodular da səsləndirilir. Bildirilir ki, Putinə qarşı çevriliş olarsa, bu, Rusiya liderinin ən yaxınındakı şəxslərdən biri tərəfindən törədilə bilər.
Putinin varisi kim olacaq?
Putin ölməzsə və ya çevriliş olmazsa, onun vəkili kimi hakimiyyətə kimlərin gələcəyi də müzakirə edilir.
Rusiya konstitusiyasına görə, seçkilərdən əvvəl prezidentin səlahiyyətləri baş nazirə yəni hazırkı baş nazir Mixail Mişustinə həvalə edilə bilər.
Mişustin kimi önə çıxan adlardan biri də Rusiyada sevilən və hörmət edilən Moskva meri Sergey Sobyanindir. İdarəçilik gücü yüksək olan bu iki şəxsin ancaq onlara “qapı açan” biriləri olarsa dəyişiklik yarada biləcəyi deyilir.
Amma müdafiə naziri Sergey Şoyqu o qapını təpiklə açacaq gücdə biridir.
Hərbi keçmişi olmayan Şoyqu Rusiyada qısa müddətdə etibar qazanmağı bacarıb. O, fövqəladə hallar naziri olduğu dövrdə qurumun nüfuzunu yüksəldib, müdafiə naziri vəzifəsində generalların etibarını qazanıb. Həm də qurbanların ailələrini təsəlli edərək qəhrəman statusu qazanıb.
Bundan əlavə, Şoyqu uzunmüddətli dostluq münasibətləri olmamasına baxmayaraq Putinin yaxın çevrəsinə girməyi bacaran tək-tük adamlardandır.
Şoyqunun 2014-cü ildə Putinin ətrafındakı şəxslərdən Krımın ilhaqını dəstəkləməyən yeganə adam olduğu bildirilir.
Medvedev
Modern rusiyalı siyasətçi olan Dmitri Medvedev 2008-2012-ci illərdə prezident vəzifəsini icra edib. Bununla belə onun mülkləri ilə bağlı yayılan informasiya imicini aşağı salıb. Yəni Mededev böyük ehtimalla, yenidən prezident olsa da, əslində yalnızca Putinin vəkili kimi qalacaq.
Putini birbaşa hədəf almaq təhlükəlidir
Qərbin bu prosesdə diqqətli və ağıllı olması gərəkdiyi vurğulanır. Qeyd olunur ki, insanları Putin rejimini devirməyə dəvət etmək belə tövsiyə edilməməlidir. Sui-qəsd və ya gizli fəaliyyət yolu ilə rejim dəyişikliyi olduqca pis nəticələnə bilər.
Putini birbaşa hədəfə almaq və uğursuzluğa düçar olmaq təhlükəli presedent yaradar və qisas almağa səbəb olar. Mümkün sui-qəsd çox güman ki, bütün siyasi spektrdə rusları qəzəbləndirəcək və Qərblə münasibətlərin yaxşılaşdırılmasını çətinləşdirəcək.
Putin hər şeyini qumara qoydu
Putin Ukraynada hər şeyini ortaya qoyub qumar oynadı, bütün mərclər isə hələlik bağlanıb.
Billurə Yunus