Menopauzayla bağlı tabular yıxılır: “İnsanların üzünə yumruq vurmaq istəyirdim”

4-04-2022, 08:13           
Menopauzayla bağlı tabular yıxılır:
Menopauza qadınların həyatına narahatlıq, qəzəb, yaddaş problemləri, nizamsız və ağır menstruasiya günləri kimi 40 fərqli əlamətlə daxil olur.

Əksər qadınlar bu dövrdə özlərini tək hiss edirlər; kimdən, haradan və necə kömək alacaqlarını bilmirlər.

BBC-nin müxbiri Alex Pope menopauza dövründə qadınların həyatını asanlaşdırmağın bir yolu olub-olmadığını araşdırıb.

İsabel Kelly-də perimenopauza (menopauzadan əvvəlki dövr) 30 yaşlarında başlayıb.

42 yaşına çatanda istilik basma halları dözülməz səviyyəyə çatıb - qarnı tez-tez şişib, ən gözlənilməz anlarda elektrik vurmuş kimi olub.

Bir çox həmcinsi kimi o da ailə həkiminə müraciət edib.

Britaniyanın Bedford şəhərində yaşayan Kelly həkimə deyib ki, dəli olub-olmadığını bilmək istəyir.

Əks cinsə mənsub olan həkimin təklif etdiyi yeganə variant əvəzedici hormon terapiyası kimi tanınan menopauza hormon terapiyası olub.

Sonra bir dostu Kelly-yə Bedfordda çox da məşhur olmayan bir klinika haqqında danışıb.

Vaxtilə özü də menopauzayla mübarizə aparmış baş tibb bacısı Lesley Quinn bu müəssisəni 2020-ci ilin fevral ayında açıb.

"Bedford Doctors on Call" ("Bedoc") adlı QHT tərəfindən idarə olunan klinika Britaniya Milli Səhiyyə Sistemi nəzdində fəaliyyət göstərən nadir tibb mərkəzlərindən biridir.

Mərkəz əvvəlcə yalnız altı xəstə qəbul edib, iki il sonra bu rəqəm 31-ə yüksəlib, 27 nəfərəsə kənardan nəzarət edilib.

Kelly bu klinikanın ilk xəstələrindən biridir.
"Yüzlərlə mesaj gəldi"
Lesley-lə tanış olmaq və hormon terapiyasından vaz keçmək Kelly-nin həyatında dönüş nöqtəsi olub.

Kilinikaya ilk gedişindən bir ay sonra yuxu problemi və dərisindəki qaşıntı aradan qalxıb.

Qadınların menopauza əlamətləri haqqında açıq danışmasının vacib olduğunu vurğulayan Kelly deyir ki, "Həyatın bu dövrü hələ də tabu hesab olunur".

Menopauzayla bağlı problemlərindən öz "İnstaqram" səhifəsində də yazan Kelly-yə yüzlərlə qadından mesaj gəlib, onlar da eyni problemlərlə üzləşdiklərini yazıblar.

54 yaşlı Sam Price onda "insanların üzünə yumruq vurmaq istəyəcək səviyyədə" qəzəb, gecələr tərləmə, istilik basmaları və emosional diskomfort kimi əlamətlər olduğunu bildirib. O, ailə həkimindən lazımi dəstəyi ala bilmədiyini qeyd edib.

Price-ın sözlərinə görə, dostları, ailəsi, iş yerindəki rəhbərləri və tibb mütəxəssisləriylə söhbətlər problemin həllinə kömək edib; sənədli film prodüseri Davina McCall-ın menopauza haqqında filminə baxdıqdan sonrasa məsələni həmkarlarıyla müzakirə edib və iş yerində bununla bağlı siyasətin dəyişməsinə nail olub.

Nəticə etibarilə ofisdə istiliyin azaldılması, vəzifələrin dəyişdirilməsinə icazə verilməsi, işçilərə gün ərzində paltarlarını dəyişmək üçün yer ayrılması kimi yeniliklər baş verib.

"Danışın, kənara qoyduğunuz sualları səsləndirin. Söhbət orqanizminizin tələblərini dinləməkdən gedir" - psixoterapevt Rachel Young belə deyir.

Onun sözlərinə görə, bir neçə il əvvəl əqli sağlamlıq mövzusu hansı səviyyədəydisə, klimaks mövzusu da bu gün o yerdədir:

"Bu haqda danışan ilk nəsilik. Bu, adətən, pıçıltıyla deyilən, amma paylaşılmayan təcrübədir".

Menopauzayla bağlı davranışın dəyişməsinə ehtiyac olduğunu deyən Kelly bəzi dəyişikliklərin artıq baş verdiyini qeyd edir:

"Əvvəllər bunun məndəki kimi 30-40 yaşlarında yox, 50-60 yaşlarında olacağını düşünürdünüz. Bu mövzuda danışmağa başlamasanız, necə yardım ala bilərsiniz?"
bbc












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.