Azərbaycan adambaşına düşən məhbus sayına görə Avropada 4-cü sıradadır
5-04-2022, 19:08
![Azərbaycan adambaşına düşən məhbus sayına görə Avropada 4-cü sıradadır](/uploads/posts/2022-04/1649171262_1.jpg)
Avropa Şurası 2021-ci il üçün “həbsxanalar və məhkumlar” adlı yeni hesabatını açıqlayıb. Avropa Şurasına üzv olan 46 ölkədəki həbsxanalar, məhbusların yaşı, cinsiyyəti, törətdikləri cinayət, yaş aralığı və sairlə bağlı məlumatların yer aldığı hesabatda Azərbaycan haqdada qeyd olunub.
Hesabatda bildirilir ki, hazırda Azərbaycanda 21 min 813 nəfər məhbusluq həyatı yaşayır. Azərbaycan məhbusların sayına görə Avropa Şurasına üzv olan 46 ölkə arasında 11-ci sırada qərarlaşıb.
Qeyd edək ki, məhbus sayına görə Rusiya birinci (447 312 nəfər), Türkiyə ikinci ( 268 672 nəfər), Polşa isə üçüncü (62 126 nəfər) sıradadır. Qonşu Gürcüstanda 9332 məhbus var.
Azərbaycanda hər 10 min nəfərə 215 məhbus düşür. Azərbaycan adambaşına düşən məhbus sayına görə Türkiyə, Rusiya və Gürcüstandan sonra 4-cü yeri tutur.
Məlumatda qeyd olunur ki, son 10 il ərzində Azərbaycanda məhbusların sayı 15,3 faiz, 2020-ci illə müqayisədə isə 3,3 faiz azalıb.
Üzv dövlətlər arasında ən yüksək artım Türkiyədə qeydə alınıb. 2010-2021-ci illər ərzində adambaşına düşən məhbus sayına görə Türkiyədə 89 faiz artım qeydə alınıb. Bunun səbəbi təbii ki, 2016-cı ildə dövlət çevriişinə cəhd edən FETO terror təşkilatının üzvlərinin və PKK-çıların kütləvi şəkildə həbsi olub.
Azərbaycan həbsxana sıxlığına görə Avropda 20-ci sıradadır. Azərbaycan həbsxanalarında ümumilikdə 25 501 məhbus üçün yer var. Onlardan 20840-ı həbsxanada cəza çəkənlər üçün, 4 461-i təcridxana yeri, 200-i isə 18 yaşdan aşağı yeniyetmələrin saxlanıldıqları düşərgələrdir.
Hazırda ölkə həbsxanalarında 85,5 faiz sıxlıq müşahidə olunur. Məlumat üçün qeyd edək ki, həbsxana tutumuna görə Rusiya birinci (714 253 yer), Ukrayna ikinci (111 861 yer), İngiltərə üçüncü (81 000 yer) sıradadır.
Hesabatda yer alan xəbərə görə məhkumlardan 21 224-ü kişi, 589-u isə qadındır. Onlardan 482-si xarici ölkə vətəndaşıdır. Qadın məhbusların sayına görə Azərbaycan Avropa ölkələri arasında 16-cı sıradadır. Məlumat üçün qeyd edək ki, ən çox qadın məhbus Rusiya (39 377) və Türkiyədədir (10 787).
2021-ci ildə Azərbaycanda 2371 ağır və xüsusilə ağır cinayətin, 256 zorlama, 827 sağlamlığa zərər vurma, 1982 oğurluq, 5266 narkotik vasitələrin satışı, 1437 yol qəzası, 492 oğurluğa cəhd cinayətinin, 4457 digər cinayət hadisəsinin baş verdiyi bildirilir.
Onlardan 1931-i 1 ildən- 3 ilə qədər, 7521-i 3 ildən-5 ilə qədər, 5041-i 5 ildən-10 ilə qədər, 2280-i 10 ildən-20 ilə qədər, 287 nəfər isə ömürlük həbs cəzası alıb. Məlumat üçün qeyd edək ki, Türkiyə ömürlük məhbusların sayına görə siyahıda birinci sıradadır (9 147 nəfər) .
Hesabatda Azərbaycandakı məhkumların yaş keteqoriyasıyla bağlı ətraflı məlumat verilməsə də qeyd olunur ki, 50-60 yaş aralığında olan məhbusların sayı 2229 nəfərdir. Yaşı 60 və daha yuxarı olan məhbusların sayı isə 458-dir.
Hesabatda həbsxanalarda baş verən ölüm statistikasıyla bağlı qeyd olunub ki, 2020-ci ildə Azərbaycan həbsxanalarında 100 məhbus vəfat edib. Ölənlərin 4-nün intihar etdiyi, 96-sının isə digər səbəblərdən vəfat etdiyi bildirilir.
Məlumat üçün qeyd edək ki, ən yüksək ölüm göstəricisi Rusiyada qeydə alınıb. Belə ki, Rusiya həbsxanalarında 2020-ci ildə 2400 məhbus vəfat edib.
Açıqlamada qeyd olunub ki, Azərbaycanda həbsxanaların və məhbusların saxlanması üçün ümumilikdə 63 milyon 78 min 807 avro vəsait xərclənilib. Azərbaycanda bir məhbusa gündəlik 8,08 avro xərcləndiyi bildirilir. Qeyd edək ki, ortalama olaraq qonşu Gürcüstanda məhbuslara 10,35 avro xərclənib.
Məhbusların saxlanılması üçün ən yüksək vəsait isə San Marinoda qeydə alınıb. San Marinoda bir məhkum üçün gündəlik 2030 avro xərcləndiyi qeyd olunub.
Elvin Bəyməmmədli
“AzPolitika.info”