Su-30-lar adi “Stinger”lə vurulur: Hanı Su-57-lər?

8-04-2022, 12:44           
Su-30-lar adi “Stinger”lə vurulur: Hanı Su-57-lər?
Bu gün Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 44 günü tamam olur. Bu müddət ərzində hər iki tərəf – həm Rusiya, həm də Ukrayna xeyli canlı qüvvə və texnika itkisi ilə üzləşib. Müharibə davam edir deyə, bu itkilərin daha da çoxalacağı qaçılmazdır.

Ukrayna hərbi komandanlığının Rusiyanın itkiləri ilə bağlı gündəlik hesabatda müdhiş rəqəmlər var. Məsələn, 43 gün ərzində Rusiya 18.900 əsgər, 698 tank, 1891 hərbi zirehli maşın, 332 artilleriya sistemi, 108 reaktiv yaylım atəş sistemi, 55 HHM sistemi, 150 təyyarə, 135 helikopter, 1358 avtomobil texnikası, 7 gəmi/kater, 76 yanacaq-sürtkü sisterni, 111 PUA, 25 xüsusi texnika və 4 operativ taktiki raket kompleksi itirib.

İnanılmazdır: Rusiya Federasiyası 90-cı illərdən bəri girdiyi heç bir müharibə və yaxud hərbi əməliyyatda bu qədər vaxta belə itki verməmişdi.

Rusiya hərb sənayesi dünya üçün nəhəng sistem sayılırdı. Rusiyanın tank, təyyarə, artilleriya, HHM-ləri dünyanı qorxuya salmışdı. Amma bu mif Ukraynada qısa müddətdə dağıldı. Rusiyanın T-72, T-80 və T-90 tankları, zirehli döyüş maşınları “Javelin”, NLAW kimi daşınan tank əleyhinə raketlər vasitəsilə darmadağın edildi.

Rusların dünya aviasiyasının “allah”ları hesab etdikləri Su-30 çoxməqsədli qırıcıları, Su-34 çoxməqsədli qırıcı-bombardmançıları, Su-35 çoxməqsədli qırıcıları, K-52, Mi-24, Mi-28N (Gecə ovçusu) helikopterləri Qərbin verdiyi 90-cı illərin “Stingerlər”i ilə vuruldu.

Görünür, Rusiya hərbi texnikası olduqca əlçatan və yüngül hədəfdir. Bəs, Rusiya bir neçə il əvvəl istehsal etdiyi və dünyada analoqu olmayan tank kimi təqdim etdiyi “Armata” T-14 tankları, “Terminator” PDM-ləri niyə hərbi əməliyyatlarda iştirak etmir? Niyə 5-ci nəsil hesab etdikləri S-57 PAKFA qırıcılarını qaldırmır? Əgər Rusiyanın dediyi kimi bu adıçəkilən texnikalarının analoqu yoxdursa, deməli, həm “Armata”lar, həm də Su-57-lər Ukraynada böyük işlər görə bilər. Amma bu texnikalar döyüş meydanına buraxılmayıblar.

Çünki yoxdur! Rusiya ordusu illərdir reklam etdiyi texnikaları hələ də seriyalı istehsala verə bilməyib, ordunu bu texnikalarla təmin etməyib. Səbəb isə məlum deyil...axar.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.