Ukraynadan surroqat ana seçənlər müharibəyə görə körpələrini götürə bilmirlər
9-04-2022, 10:08
![Ukraynadan surroqat ana seçənlər müharibəyə görə körpələrini götürə bilmirlər](/uploads/posts/2022-04/1649484406_1.jpg)
Rusiya Ukrayna müharibəsi Ukraynada savaş Ukraynada həyat sağlamlıq surroqat analar surroqat uşaq savaş Rusiyanın UKraynaya hücumunun 44-cü günü
Hər il Ukraynada surroqat ana vasitəçiliyilə 2000-dən çox uşaq doğulur.
Digər Avropa ölkələrindən fərqli olaraq burada doğum haqqında şəhadətnamədə belə körpələri onların valideynləri olmaq istəyən şəxslərin övladları kimi qeyd edirlər. Ona görə də dünyanın müxtəlif ölkələrində yaşayan cütlüklər surroqat analıq üsuluyla uşaq sahibi olmaq üçün Ukraynaya üstünlük verirlər.
Ölkədə 50-yə yaxın reproduktiv klinika və çox sayda vasitəçi agentlik fəaliyyət göstərir. Bu agentliklər valideyn olmaq istəyən cütlüklər üçün surroqat analar tapır və onların arasında əlaqə yaradır.
Ancaq Rusiyanın Ukraynaya hücum etməsiylə başlayan müharibə surroqat analıq üçün müraciət etmiş əcnəbilərə övladlarını götürməyə mane olur. Körpələr ağır müharibə şəraitində doğulurlar.
Ukraynada 500-ə yaxın surroqat anaya cavabdeh olan ən böyük vasitəçi "BioTexCom" agentliyinin məlumatına görə, təkcə Kiyevdə hələ də valideynlərinə qovuşmayan 41 körpə var. Bu körpələri zirzəmilərin birində yaradılmış körpələr evində saxlayırlar. Şəhərin girəcəyindəki Rusiya qoşunları isə paytaxta hücumları davam etdirir.
Agentlik rəsmiləri bildirirlər ki, hər gün yeni körpələr doğulur, amma müharibə başlayandan bəri yalnız doqquz valideyn öz uşağını götürmək üçün Kiyevə getməyə risk edib, beş valideynsə surroqat ananın evakuasiyasını təşkil edib.
"Vəziyyət dəyişməsə, 100 körpəyə cavabdehlik bizim üzərimizə düşə bilər", - "BioTexCom"-un hüquq məsləhətçisi Denys Herman belə deyir.
Müharibənin başlaması və hərbi əməliyyatların paytaxta doğru irəliləməsi agentliyi çətin seçim qarşısında qoyub - həyatlarına məsul olduqları körpələri Kiyevdən çıxarıb ölkənin qərbindəki daha təhlükəsiz bölgələrə aparıb-aparmamaq barədə qərar vermək lazımdır. Qurum müharibə şəraitində yola çıxmağın çox riskli olduğunu bildirir.
Ukraynanı tərk etmiş surroqat analar
Surroqat analar ölkənin digər bölgələrində də çətinliklərlə üzləşirlər.
Paytaxtdan 80 kilometr məsafədəki Bila Tserkva şəhərinin sakini Svetlana Avstraliyada yaşayan cütlüyün körpəsini daşıyır.
Svetlana və doğulacaq körpənin anası Emma 6 aydır ki, bir-birilərilə əlaqə saxlayır, uşaqlarının fotolarını paylaşır və daha yaxından tanış olmaq üçün uzun-uzadı söhbət edirdilər.
Ancaq Rusiya qoşunları bu şəhərə hücuma keçməyə başlayanda Emma Svetlananın ordan çıxması üçün yollar axtarmağa başlayıb.
O, müştərisi olduğu agentliyin köməyilə şəxsi avtobus tapıb. Svetlana, iki başqa qadın və 10 uşaq həmin avtobusla Moldova sərhədinə doğru 18 saat yol gediblər.
Moldovanın paytaxtı Kişinyov şəhərində onlar kiçik mənzildə yaşamağa başlayıblar. Hamıya çarpayı çatmadığı üçün yerdə yatmaq məcburiyyətində qalan Svetlana Ukraynada qoyub gəldiyi ərindən və Almaniyaya qaçmalı olan anasından nigarandır.
O, hər dəfə anasıyla danışanda ağladığını deyir:
"Müharibənin ailələri pərən-pərən salması məni çox ağrıdır. Moldovada özümü təhlükəsiz hiss edirəm, amma ürəyim Ukraynadadır".
Bu ölkədə surroqat analıq qaydaları fərqli olduğu üçün Svetlana körpəni Ukraynanın sərhədə yaxın bir yerində doğmağa hazırlaşır.
Ukraynadan çıxa bilməyənlər
Daşıyıcı anaların heç də hamısı Ukraynadan çıxa bilməyib.
Xarkovda ev almaq üçün pul yığan, iki oğul anası Nastya müharibə başlayandan bir neçə gün sonra ikinci surroqat hamiləliyini başa vuraraq əkiz uşaq dünyaya gətirib.
Xarkov xəstəxanasında yerin divardan-divara döşəklər və nənnilərlə dolu olduğunu deyən Nastya şəhərə bombalar atılanda iki uşağıyla birlikdə xəstəxananın anbarına sığındığını deyir.
Xarkova hücumlar davam etdiyi üçün Nastya və ailəsi keçən həftə agentliyin dəstəyilə sərhədə gedib və əkizləri valideynlərinə təhvil verib. Bundan sonra onlarla əlaqə kəsilib.
Surroqat analarla əlaqələr güclənir
Avstraliyalı cütlük Emma və əri Aleks onların övladını dünyaya gətirəcək birini tapmağa çətinlik çəkiblər. Çünki onların ölkəsində yalnız altruist surroqatlığa icazə verilir, daşıyıcı analara heç bir ödəniş edilə bilməz.
Müharibə başlamazdan əvvəl Emma və əri Ukraynaya getməyi və doğumdan əvvəl Svetlanayla bir yerdə olmağı planlaşdırırdılar. İndiki şəraitdə, bu, artıq mümkün deyil.
Ancaq Rusiyanın Ukraynaya hücumu davam etdikcə surroqat analarla valideynlər arasında əlaqələr güclənir.
Bunu həqiqi adlarının bilinməsini istəməyən, ona görə də şərti olaraq Kristina və Tatyana adlandırdığımız iki qadın haqda da demək olar.
Tatyana Kristinanın körpəsinin surroqat anasıdır.
Tatyana və 6 yaşlı oğlu Avropanın ən böyük atom elektrik stansiyasının yerləşdiyi, bir neçə həftə əvvəl Rusiya qoşunlarının hücum etdiyi Zaporojyedə yaşayırdılar. Müharibə başlayanda onlar Polşaya qaçıblar.
Kristina Tatyanayla tanış olmaq üçün Polşaya gedib və onu Britaniyaya dəvət edib. Qadınlar bir-birini tanımaqdan məmnun olduqlarını bildirirlər.
Tatyana üç illik vizayla Britaniyaya getməyə hazırlaşır. Kristina və əri deyirlər ki, qadın doğuşdan sonra da orda yaşaya bilər.
Emma isə Svetlananın Moldovaya gedə bilməsinin onda yaratdığı acılı-şirinli sevinc hissindən danışır:
"Svetlana bir əlində "McDonalds"dan aldığı dondurma, o biri əlində şar, üzündə isə möhtəşəm bir təbəssüm olan kiçik qızının şəklini göndərdi. Bu foto mənə bütün uşaqların ailələriylə birlikdə, təhlükəsiz şəkildə yaşamalı və həyatdan zövq almalı olduqlarını xatırlatdı".
BBC