“Əvvəl siqaret istədi, sonra da başından güllələdi”: Amnesty İnternational Kiyev yaxınlığında mülki şəxslərin öldürülməsi faktlarını toplayıb

9-04-2022, 19:04           
“Əvvəl siqaret istədi, sonra da başından güllələdi”:
İnsan haqlarının müdafiəsi təşkilatı Amnesty İnternational Ukraynada mülki şəxslərin Rusiya hərbçiləri tərəfindən öldürülməsi faktlarını toplayıb. Təşkilatın yeni hesabatında Kiyev vilayətinin şəhər və kəndlərində mülki vətəndaşların öldürülməsinə dair 20-dən çox şahid ifadəsi var.

BBC Rus Xidməti onların bir neçəsini təqdim edir (Diqqət! Məzmun sarsıdıcı ola bilər)

"Öldür onu"
Martın 9-u axşam saatlarında Boqdanovka kəndinin 46 yaşlı sakini (qadının adı göstərilməyib) küçədə atışma səsi eşidib. Evdə ondan başqa əri, 10 yaşlı qızı və 81 yaşlı qayınanası olub.

Ər-arvad qızlarıyla birlikdə zirzəmiyə eniblər, evə daxil olan iki rusiyalı hərbçi itələyərək onları qazanxanaya salıb.

"Bizi ora girməyə məcbur edib arxamızca qapını bağladılar. Amma bir dəqiqə sonra yenidən qapını açıb ərimdən siqareti olub-olmadığını soruşdular. O, iki həftədir çəkmədiyini dedi. Əsgərlərdən biri ərimi əlindən yaraladı, ikincisi "Öldür onu" dedi və o da ərimin başına atəş açdı".

"O dərhal keçinmədi. Şüuru özündə olmasa da, axşam 10-un yarısından səhər 4-ə qədər hələ nəfəs alırdı. Yalvarıb deyirdim ki, məni eşidirsənsə, barmağını tərpət. Tərpətmədi, mən əlini dizimə qoyub sıxdım".

"Son nəfəsini verəndə çevrilib qızıma dedim ki, deyəsən, atan öldü".

Elə həmin gecə qadın qızını da götürüb kənddən qaçıb. 81 yaşlı əlil qaynanası evdə qalıb.

"Atamın kürəyində altı böyük deşik vardı"
Kiyev vilayətinin Vorzel kəndindən olan 18 yaşlı Yekaterina Tkaçeva martın üçündə valideynləriylə birlikdə evdə olub.

Küçələrindən üzərinə "Z" yazılmış bir neçə Rusiya tankı keçəndə onlar Yekaterinaya evdə qalmağı tapşırıb çölə çıxıblar.

Sonra gənc qız atəş səsləri eşidib.
"Tanklar gedəndən sonra bayıra qaçıb qonşunun hasarına dırmaşdım. Onların sağ olub-olmadığını bilmək istəyirdim. Gördüm ki, anam arxası üstə küçənin bir tərəfində, atamsa üzüaşağı vəziyyətdə o biri tərəfində uzanıb. Onun paltosunda böyük deşiklər vardı".

"Ertəsi gün onların yanına getdim. Atamın kürəyində altı böyük deşik, anamınsa sinəsində nisbətən kiçik bir deşik vardı".

Yekaterina valideynlərinin mülki geyimdə və silahsız olduqlarını bildirib.

Digər hadisələr
Kiyevin şərqindəki kəndlərdən birində yaşayan qadın bildirib ki, Rusiya əsgərləri martın 9-da onun evinə soxularaq ərini güllələyiblər, sonra da başına silah dirəyərək bir neçə dəfə ona təcavüz ediblər. Azyaşlı oğlu yaxınlıqda gizlənibmiş. Sonrakı günlərin birində o, uşağını da götürüb kənddən qaça bilib.

24 yaşlı Buça sakini Milena hüquq müdafiəçilərinə bildirib ki, öz evinin yaxınlığında onunla eyni küçədə yaşayan bir qadının meyitini görüb.

Qadının anası Milenaya deyib ki, qızını işğalın ilk günlərində - o, hasara çıxıb Rusiya hərbi texnikasına baxan zaman güllələyiblər.

Amnesty İnternational-ın Böhran Laboratoriyası həmin qadının çox da dərin olmayan qəbrininin videogörüntülərini müstəqil şəkildə yoxlayıb.

Qərb jurnalistləri və insan haqları təşkilatları tərəfindən təsdiqlənmiş çoxsaylı şahid ifadələrinə baxmayaraq Rusiya öz hərbçilərinin mülki əhalinin qətlində iştirakını inkar edir.

BMT Təhlükəsizlik Şurasının çərşənbə axşamı keçirilmiş iclasında Rusiyanın daimi nümayəndəsi Vasili Nebenzya deyib ki, Rusiya hərbçiləri Ukraynanın Buça qəsəbəsində olduqları müddətdə bir nəfər də olsun mülki şəxs xəsarət almayıb. Amma Buça sakinləri özləri BBC-yə bildiriblər ki, Rusiya ordusu mülki əhaliyə atəş açıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.