Bakının daş Karxanalarında özbaşınalıq – Təhlükəli həyat şəraiti, ağır iş rejimi, vergidən yayınma… (FOTOLAR)
19-04-2016, 09:38
Azərbaycanda daş karxanaları kifayət qədər çoxdur və bu karxanalarda yüzlərlə insanlar çalışır. Ölkənin kasıb təbəqəsinin əsas maddi gəlir yeri bu daş karxanalarıdır. Nə təəssüf ki, təhülkəli həyat şəraiti, ağır iş rejimi, əmək müqaviləsi olmadan işləmə, vergidən yayınma kimi ən ciddi problemlər də məhz bu karxanalardadır.
Təhülkəli həyat şəraiti
Daş karxanalarında təhlükəli həyat şəraitinin olduğu hamıya məlumdur. Lakin karxana işçilərinin həyatı bu təhlükələrdən heç bir şəkildə qorunmur. Əmək müqaviləsi olmadan və tibbi sığortası olmadan çalışan karxana işçiləri iş zamanı xəsarət alarsa sahibkarlar bunu gizlətmək üçün hər yola əl atırlar.
(Yerlərdə açıq naqillər)
Karxana işçilərinin dediyinə görə, hər sahibkarın xüsusi əməkdaşlıq etdiyi həkimlər olur. İş zamanı əli-ayağı kəsilənlər, hündür yerlərdən düşüb travma alanlar, elektrik cərəyanının vurması nəticəsində yaralananlar həmin həkimin yanına aparılır. Tamamilə gizli qaydada və ev şəraitində müalicə olunurlar. Üstəlik, sahibkarlar bəzi hallarda müalicə xərclərinin bir qismini qarşılasa da, bəzi hallarda tamamilə xəsarət alan işçi özü qarşılayır bu xərcləri. Hələ dövlət xəstəxanasına getməmələri və hadisə barədə məlumat verməmələri üçün işdən qovulmaqla hədələnirlər.
Ağır iş rejimi
AzToday.az xəbər verir ki, daş karxanalarında 12 saatlıq və 24 saatlıq iş rejimi var. Elektriklər, qaynaqçılar və bu kimi işəri görənlər, əsasən, 12 saatlıq iş rejimi ilə çalışır. Yük maşınlarına daş yükləyən fəhlələr isə günaşırı 24 saat çalışır. Bununla yanaşı, işçilər qida xərclərini özləri qarşılayır və karxanada onlar üçün ayrılan dar, rütubətli otaqlarda oturub yük maşınlarının gəlişini gözləyirlər. Həmin otaqlarda istilik sistemi, adicə çay içmək üçün şəraitləri belə, yoxdur.
Vergidən yayınma
Hər daş karxanasında yüzə yaxın işçi çalışmaqdadır. Lakin onların heç biri ilə əmək müqaviləsi bağlanmır. Sahibkarlar cəmi beş-on nəfəri rəsmi qeydiyyata alır ki, onların heç biri həmin karxanada çalışmır və sahibkarların öz dost-tanışları olur. Halbu ki, illərlə həmin karxanada çalışan adamlar var və onlara iş təcrübəsi yazılmır. Gələcəkdə işlərinə görə təqaüd almaları üçün heç bir şansları yoxdur.
Bununla bağlı 195 qaynar xəttinə zəng edib Vergilər Nazirliyi ilə əlaqə saxladım. Mənimlə danışan xanım suallarımın çoxuna cavab vermədi və bildirdi ki, buna səlahiyyəti yoxdur.
AR Vergi Məcəlləsində də sahibkarın işçiyə ödədiyi aylıq maaşa görə ödəməli olduğu vergi barədə konkret məlumat yoxdur. Sual yaranır ki, qanunda bu vergi ilə bağlı şərtlər o qədər ağırdırmı ki, sahibkarlar bu vergidən yayınır? Bütün problemlər də burdan başlayır: vergidən yayınan sahibkar işçi ilə əmək müqaviləsi bağlanmır, işçinin tibbi və digər sığortaları olmur, çalışdığı iş rejimi həddən artıq olur, təhlükəli şəraitdə çalışır və başına bir iş gəldiyi halda, idarə etdiyi ailə başsız qalır.
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az