«Respublikanski»də müəmmalı hadisə: - UŞAQ OĞURLUĞU İTTİHAMI

19-04-2016, 13:10           
«Respublikanski»də müəmmalı hadisə: - UŞAQ OĞURLUĞU İTTİHAMI
“Respublikanski» kimi tanınan, əsl adı isə Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanada inanılmaz olay yaşanıb. Şirvan sakini, hazırda Bakıda yaşayan Günay Axundova JAM.AZ-a bildirib ki, aprelin 5-də xəstəxananın Pataloji Hamiləlik Şöbəsinə doğuşla əlaqədar daxil olub.

Bir gün sonra Doğum Şöbəsində çalışan mama-ginekoloq Vüsalə Ağalarova onu qeysəriyyə yolu ilə əməliyyat edib. «Əməliyyat zamanı 30-31 həftəlik qızım dünyaya gəldi. Əməliyyatdan sonra məni reanimasiya şöbəsinə, uşağı isə başqa yerə apardılar. Vüsalə Ağalarova əməliyyatdan sonra ərim Balay Səfiyevə bildirib ki, uşaq sağdır və heç bir problemi yoxdur».
JAM.AZ-a məlumat verən Günay Axundova qeyd edib ki, doğumdan bir gün sonra uşağın vəziyyəti ilə maraqlanıb və Vüsalə Ağalarova ona hər şeyin yaxşı olduğunu bildirib. «İki gün ard-arda uşaqla maraqlandım, eyni cavabları verdilər. Aprelin 9-da isə mama-ginekoloq mənə bildirdi ki, bəs, uşaq doğuşdan 12 saat sonra dünyasını dəyişib.

Qəribədir, doğumdan üç gün sonraya qədər uşağın salamat olduğunu bildirənlər, niyə 12 saat sonra ölüm hadisəsinin yaşandığını bildirməyiblər?»

İşin ən dramatik tərəfi isə odur ki, körpənin valideynləri onun meytini istədikdə həkimlər min bəhanə gətiriblər. Günay Axundova bildirir ki, Vüsalə Ağalarova ona uşağın «lazımi yerdə» olduğunu, Ginekologiya Şöbəsinin müdiri Zemfira xanım isə morqda olduğunu deyib. «Epikrizi alıb uşağın nəşini götürmək üçün morqa getdik. Tələb etdik ki, nəşi versinlər. Lakin oradan bildirdilər ki, uşağı Hövsan qəbristanlığındakı 15-ci qəbrdə dəfn ediblər. Orada izah etməyə çalışdıq ki, bu uşaq havadan əmələ gəlməyib, onun valideynləri var və dəfn işlərini də biz özümüz həyata keçirməliyik. Amma dediklərimizə əhəmiyyət verən olmadı».

Günay Axundova JAM.AZ-a açıqlamasında bildirib ki, o, uşağının 12 saat sonra dünyasını dəyişməsinə inanmır. «Burada cinayət əməli var. Əvvəla, ona görə ki, məni necə inandıra bilərlər ki, uşaq həqiqətən də 12 saat sonra dünyasını dəyişib? Bəlkə, uşağı pul qarşılığında başqa bir valideynlərə satıblar? Mümkündür. Əgər belə olmasaydı, uşağım ölmüşdüsə, vaxtında xəbər verərdilər. Daha sonra onun cənazəsini bizə verərdilər. Ki, dəfn edək. Amma xəstəxananın əməkdaşları kifayət qədər şübhəli davranırlar».

Şikayətçi ana bildirir ki, o məsələni belə qoymaq fikrində deyil. Axundova qeyd edib ki, o, üzləşdiyi hadisəylə əlaqədar olaraq Baş Prokurorluq və digər hüquq mühafizə orqanlarına müraciət etməyə hazırlaşır.
Yazıda adları keçən şəxslərin və qurumun da mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.