Yığım və ödənişləri azalan sığorta şirkətləri - İNCƏLƏMƏ...

25-05-2022, 10:43           
Yığım və ödənişləri azalan sığorta şirkətləri - İNCƏLƏMƏ...
2022-ci ilin 4 ayı üzrə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin maliyyə vəziyyəti məlum olub.

Teref.az-ın məlumatına görə, “APA-Economics” Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya əsasən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında 20 sığorta şirkətindən 14-nün sığorta yığımları artıb, 6-nın yığımları isə azalıb. Bu dövrdə 12 sığorta şirkətinin ödənişləri artıb, 7 sığorta şirkətinin ödənişləri azalıb və 1 sığorta şirkəti isə ödəniş həyata keçirməyib.
Faizlə ən böyük artım dinamikası “Aqrar Sığorta” və “Meqa Həyat Sığorta” şirkətlərində qeydə alınıb - 3,1 dəfə. “Bakı Sığorta” isə 69% artım dinamikası ilə üçüncü olub.

Artımın həcminə görə, “PAŞA Həyat” sığorta şirkəti 37,7 milyon manat göstərici ilə liderdir. Siyahıda ikinci olan “PAŞA Sığorta”nın yığımları ötən ilin eyni dövrünə nisbətən 8,8 milyon manat, “Xalq Sığorta”nın yığımları isə 3,2 milyon manat artıb.
Yığımları azalan şirkətlər isə yenicə rebrendinq edən “Azərsığorta” (91,7%), “Atasığorta” (65%), “Günay Sığorta” (41,8%), “İpək Yolu Sığorta” (14,2%), “Azsığorta” (8,5%) və “Meqa Sığorta” (7,3%) olub.
Sığorta ödənişlərinin faizlə artım dinamikasına görə lider “Bakı Sığorta” (4,5 dəfə çox) olub. “Aqrar Sığorta”nın ödənişləri 100%, “Xalq Həyat”ın ödənişləri isə 79% artıb.

Bu dövrdə ödənişlərin məbləğinə görə, ən böyük artım “PAŞA Sığorta”da qeydə alınıb - 5,2 milyon manat. “Xalq Sığorta”nın ödənişləri 998 min manat, “A-Qroup Sığorta”nın ödənişləri isə 752 min manat artıb.
Ödənişləri azalan sığorta şirkətləri isə “İpək Yolu Sığorta” (75%), “Azərsığorta” (73,6%), “PAŞA Həyat” (72,7%), “Atəşgah Həyat” (48,3%), “Qala Həyat” (45%), “Azsığorta” (30,5%) və “Atasığorta” (14,1%) olub. “Meqa Həyat” sığorta şirkəti isə bu dövrdə hər hansı bir ödəniş həyata keçirməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.