Dünyada ilk minliyə belə düşə bilməyən ali təhsil ocaqlarımız... - BELƏ HARA GEDİRİK?

25-05-2022, 12:34           
 Dünyada ilk minliyə belə düşə bilməyən ali təhsil ocaqlarımız... - BELƏ HARA GEDİRİK?..
Bütün dünyada bakalavr təhsili almaq istəyən şəxslər üçün universitetlərin keyfiyyət göstəriciləri mühüm əhəmiyyət kəsb edir. Bir çox hallarda universitet seçimində də məhz keyfiyyət kriteriyası əsas götürülür. Ali təhsil ocaqlarının daha yaxşı təhsil şərtləri təklif etdiyini öyrənmək üçün isə bütün dünyada qəbul görən reytinq indekslərinə müraciət edilir.

Bu sahədə ən mötəbər indeks isə “QS World University Rankings”dir. QS 2022-ci il üzrə hazırladığı reytinqə bütün dünyadan 1300 universitet daxil edilib.

Bəs, universitetlərin reytinqi necə müəyyən olunur?

QS reytinqi univertistetlərin keyfiyyət göstəricilərini müəyyən edərkən 6 müxtəlif kriteriyaya istinad edir:

1. Akademik reputasiya. Bütün dünyada 130 min alim və ekspert arasında aparılan sorğuya əsasən meydana çıxan ortaq rəy bu göstəricinin əsasını təşkil edir. Ümumilikdə reytinqin 40%-i məhz akademik reputasiyaya əsaslanır.

2. İşəgötürənin reputasiyası. Bu kriteriya ümumui reytinqdə 10%-lik yerə malikdir. İşəgötürənin reputasiyasını müəyyənləşdirmək üçün müxtəlif sektorlar üzrə 76 min müəssisə arasında sorğular təşkil olunur.

3. Akademik heyət - tələbə nisbəti. Universitetlərin hər bir fakültəsində təhsil alan tələbələr və professor-müəllim heyətinin say nisbəti bu göstəricidə əsas göstərilir. Belə ki, say nisbəti nə qədər bir-birinə yaxın olarsa, bu bir o qədər yüksək keyfiyyətə dəlalət edir. Akademik heyət – tələbə nisbətinin ümumi göstəriciyə təsiri 20%-dir.

4. Fakültə üzrə istinadlar. Bu kriteriya isə hər bir universitetin akademik, yaxud tələbə heyəti tərəfindən dərc olunan məqalə və elmi əsərlərə nə qədər istinadın edildiyinə görə müəyyənləşdirilir. Ümumi göstəriciyə təsiri 20%-dir.

5. Beynəlxalq akademik nisbət. Bu göstərici hər bir universitetin akademik heyətinə daxil olan xarici müəllimlərin sayına uyğun müəyyən edilir. Ümumi göstəricidə payı 5%-dir.

6. Beynəlxalq tələbə nisbəti. Bu nisbət univesitetdə təhsil alan xarici tələbələrin sayına əsasən hesablanır və ümumi göstəriciyə təsiri 5%-dir.

Azərbaycan universitetlərinin siyahıdakı yeri

Təəssüflər olsun ki, bütün dünya üzrə 1300 universitetin yer aldığı siyahıda Azərbaycandan cəmi 2 ali təhsil müəssisəsi yer alıb. Bunlar Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universitetidir. Lakin adıçəkilən təhsil ocaqlarının siyahıda yer aldığı mövqelər heç də qənaətbəxş deyil. Hər iki təhsil ocağı 1000-1200-cü yerlərdə qərarlaşıblar.

Məlumat üçün bildirək ki, Azərbaycanda 33 dövlət, 9 xüsusi təyinatlı, 11 özəl universitet fəaliyyət göstərir. 53 universitetdən heç birinin dünyanın ən nüfuzlu 1000 universiteti siyahısına belə düşə bilməməsi isə ölkəmizdə ali təhsil müəssisələrinin durumunun heç də qənaətbəxş olmadığını nümayiş etdirir.

Dünya üzrə ən yüksək reytinqə malik 10 universitet siyahısında isə 5 ABŞ, 4 Böyük Britaniya və 1 İsveçrə universiteti yer alıb:

1. Masaçusets Texnologiya İnstitutu (ABŞ)

2. Oksford Universiteti (B. Britaniya)

3. Stenford Universiteti (ABŞ)

4. Kembric Universiteti (B. Britaniya)

5. Harvard Universiteti (ABŞ)

6. Kaliforniya Texnologiyalar İnstitutu (ABŞ)

7. London İmperial Kolleci (B. Britaniya)

8. Zürix Federal Texnologiyalar İnstitutu (İsveçrə)

9. London Universitet Kolleci (B. Britaniya)

10. Çikaqo Universiteti (ABŞ)
Bizim.Media












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.