Jurnalisti ölümlə təhdid edən şəxs tapılıb? - DİN-dən AÇIQLAMA

27-05-2022, 08:08           
Jurnalisti ölümlə təhdid edən şəxs tapılıb? -
Jurnalist Aytən Məmmədovaya hücum edərək xəsarət yetirən şəxsin axtarışları davam edir.

Bunu Redaktor.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

“Onunla bağlı müvafiq araşdırmalar həyata keçirilir. Aytən Məmmədovanın özü ilə də daim əlaqə saxlanılır. Özü də araşdırmalarda iştirak edir”, - deyə DİN sözçüsü qeyd edib.

Aytən Məmmədova da saytımıza bunu təsdiq edib:
“Hələ ki, heç bir nəticə yoxdur, istintaq davam edir”.

Qeyd edək ki, jurnalist Aytən Məmmədovaya hücum mayın 8-i gecə saatlarında Binəqədi rayonu, Mircəlal küçəsi 11 ünvanında yerləşən binanın blokunda qeydə alınıb. Belə ki, A.Məmmədova yaşadığı binanın blokunda liftə girən zaman bir nəfər onun arxasınca içəri daxil olub. Daha sonra həmin şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib. Hücum edən şəxs A.Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.

Hadisə barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edilib.

Jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi RPİ İstintaq şöbəsində cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.