Bir qətlin tarixçəsi: Novosibirskdə 19 yaşlı azərbaycanlı niyə öldürüldü, polis necə azadlıqda qaldı...

27-05-2022, 08:46           
Bir qətlin tarixçəsi:
Ötən il baş vermiş hadisənin doğurduğu rezonans və sonda xitam verilən cinayət işi
Rusiya İstintaq Komitəsi Novosibirsk vilayətində 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevin polis əməkdaşı Aleksandr Qusev tərəfindən güllələnməsi ilə bağlı işi bağlayıb. Polisin əməllərində cinayət tərkibi aşkar edilməyib. Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi xəbər yayıb. Məlumatda bildirilir ki, istintaqa əsasən, Vəkil Abdullayevə atəş açan yol polisi əməkdaşı Aleksandr Qusevlə bağlı işə xitam verilib.

“Yeni Müsavat” xatırladır ki, Novosibirsk vilayətinin Moşkovo qəsəbəsində azərbaycanlı Vəkil Abdullayevi başından güllələyərək öldürən polis hələ ötən ilin yayında nəzarətdən buraxılmışdı. Aleksandr Qusevin həbsdən azad edilməsi faktı Azərbaycan ictimaiyyətinin etirazına səbəb olmuşdu və Rusiya prezidenti Vladimir Putinə geniş müraciət də ünvanlanmışdı.

“Biz səlahiyyət həddini aşmış polis işçisinin həbsdən azad olunmasını təkcə cinayətin ört-basdır edilməsi və bəyənilməsi kimi deyil, həm də ksenofobiyadan əziyyət çəkənlərin təşviq edilməsi kimi qiymətləndiririk. Polisin hərəkətlərinə gəldikdə isə Azərbaycan ictimaiyyəti hüquq-mühafizə orqanlarının Aleksandr Qusevin ”qərəzli olmayan hərəkəti" kimi təqdim etməyə çalışdıqları atəş açılması üçün heç bir səbəb görmür. Əlində silah tutmuş insanlardan kim inana bilər ki, həmin silah guya polisin “həyatına təhdid yaradan” “qanun pozucusuna” özü belə reaksiya verib? Bu hökmün sübutsuz olmasının səbəbləri çoxdur. Məgər Vəkil Abdullayevin əlində tapança olubmu? Qusev tərəfindən güllələnmiş gənc məhz nə ilə təhdid edirmiş? Heç nə ilə! Sual olunur: bu cür itaətsizlik silahdan istifadə etməyə nə dərəcədə əsas verir? Tapançanın lüləsi tamamilə müdafiəsiz olan gəncə qarşı yönəldilib. Şübhəsiz, bu hərəkətlər hüquqazidd olub", - deyə müraciətdə bildirilirdi.

Qeyd edək ki, hadisə 2021-ci il mayın 28-də Sibir yolunda baş verib. Rəsmi məlumatda qeyd edilir ki, “Toyota” markalı avtomobilin sürücüsü yol polisinin dayanma tələbini yerinə yetirməyib. Yol polisi qısa müddətdə avtomobilin sürücüsünü saxlamağa müvəffəq olub. 38 yaşlı yol polisi şübhəli şəxsi xidməti avtomobilinə aparıb. Bu zaman 19 yaşlı gənc Vəkil müdaxilə etməyə başlayıb və bu hadisə baş verib.

Hadisənin səbəbkarı 38 yaşlı polisə qarşı “Rəsmi səlahiyyətləri aşma (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286-cı maddəsinin 3-cü hissəsi) və ”Laqeydliklə ağır bədən xəsarəti yetirmə" ( Cinayət Məcəlləsinin 118-ci maddəsinin 1-ci hissəsi ) maddələri ilə cinayət işi açılıb. Polis məmurunu 10 ilədək həbs cəzası gözləyir.


Rusiyanın “Komsomolskaya Pravda” nəşri hadisə ilə bağlı öz araşdırmasını aparmışdı. Bildirilirdi ki, mayın 28-də Vəkil iki dostu ilə birlikdə Tomskdan qayıdırmış. Tomska getmələrinə səbəb maşın üçün sifariş etdikləri ehtiyat hissələrini almaq olub. Xarici avtomobili sahibi 19 yaşlı Vəkil idarə edirmiş. Onlar evə qayıdarkən tamamilə ayıq olublar.

Novosibirsk bölgəsində “Toyota” yol polisi əməkdaşı tərəfindən təqibə alınıb. Bunun səbəbi ilə bağlı iki fərqli versiya var. Yol polisi iddia edir ki, “Toyota” “saxla” əmrinə tabe olmayıb və bu səbəbdən avtomobili təqibə alıb. Gənclər isə iddia edir ki, yol polisinin onları saxlamaq istəməsini, hətta onları miqalka ilə təqib etdiyini görməyiblər. Maşını isə bir kafenin qarşısında özləri saxlayıblar ki, tualetə girsinlər. Avtomobildə isə Vəkildən başqa qardaşı İlkin və Ruslan adlı dostları olub.

İlkin deyib ki, onlar qayıdanda görüblər ki, yol polisi Ruslanın əl-qolunu buraraq zorla avtomobilə soxmağa çalışır. “Biz onların yanına qaçdıq. Müfəttiş avtomobilimizin şüşəsini yumruqlamağa başlayanda hirsləndik. Polis bu dəfə Vəkilə qarşı zor tətbiq etməyə başladı. Ruslan isə telefonunu çıxarıb bütün bu baş verənləri çəkməyə çalışdı. Onun mobil telefonunu aldı, sonra isə mən baş verənləri çəkməyə başladım”, - deyə o bildirib.

“Bu video artıq demək olar ki, bütün ölkə tərəfindən izlənilib. Kadrlarda gənclər yol polisinə müqavimət göstərir, patrul avtomobilinə minmək istəmirlər. Hər ikisi də ana söyüşü edir. Sonra çəkiliş kəsilir. Və kadrlarda gənc sürücü Vəkilin avtomobilin kapotundan necə süründüyü, ağzından qan axdığı görünür. Onun başı üzərində həyəcanlı yol polisi dayanıb, əlində tapança...”, - deyə Rusiya nəşri yazırdı.

Qardaşı deyib ki, polis əlində tapança ilə Vəkili maşının kapotuna sıxanda hər şeyin ciddi olduğunu başa düşüb. “Müdaxilə etmək üçün ani telefonu söndürdüm və bu zaman atəş səsi eşidildi. Mən o anı çəkmədim. Qanı gördükdə əvvəlcə şok oldum, ancaq telefonumu yenidən çıxarıb çəkməyə başladım”, - deyə o bildirib. İlkin və hadisənin digər şahidi deyib ki, yol polisindən kəskin spirt iyi hiss ediblər.

Müstəntiqlərin versiyasına görə də yol polisi əməkdaşı səlahiyyət həddini aşaraq 19 yaşlı oğlanı yumruq və təpiklə vuraraq ona zor tətbiq edib. Bundan sonra, “PM” tipli xidməti tapançasını çıxararaq, atəşə hazır vəziyyətə gətirib, sonra isə tətiyi çəkib.

Orxan ƏLİYEV,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.