Azərbaycan MANATININ 1919-cu ildəki məzənnəsi

30-05-2022, 08:53           
Azərbaycan MANATININ 1919-cu ildəki məzənnəsi
Müstəqil dövlətin artibutlarından biri də puldur. Qısa müddətli mövcudluğu zamanı Azərbaycan Xalq Cümhuriyyəti spesifik pul siyasəti aparıb.
Bəs cümhuriyyətin pulları hansılar idi, kurs neçə müəyyən olunurdu?

1918-ci ildə Bakı Sovetinin hakimiyyəti dövründə pulla bağlı heç bir tənzimləmə yox idi. Bakı bonları deyilən pulun çap həcmi mətbəənin məhsuldarlığı ilə müəyyən edilirdi. Bu banknotların son buraxılışını 1918-ci ilin sentyabrında Azərbaycan hökuməti Bakıya yerləşdikdən sonra həyata keçirdi. Sentyabrın 22-dəki qərarla 40 Bakı bonu 1 Osmanlı lirəsinə bərabər idi.

1919-cu ildə isə dövriyyəyə cümhuriyyətin öz pulu olan 25, 50, 100 və 250 manatlıqlar buraxıldı. Əskinasların üzərində yazılar Azərbaycan və rus dillərində idi.

Həmin ilin iyulunda valyutanın kursu belə idi:

1000 rubl (kerenka) – 1850 manat;
500 rubl (romanovka) -1600 manat;
100 rubl (romanovka) – 350 manat;
1 funt-sterlinq – 310-315 manat;
1 dollar- 250 manat;
1 Fransa frankı – 8-10 manat;
1 İtaliya lirəsi – 7 manat;
1 İran tüməni – 125-130 manat;
1 Osmanlı qızıl lirəsi – 390 manat;
1 rus qızıl rublu – 420 manat;
1 Nobel aksiyası -16500 manat

Mənbə: Azərbaycan tarixi 7 cilddə, V cild.
1919-cu il avqustun 23-də Azərbaycan Dövlət Bankının yaradılması haqqında qanun qəbul olundu. Əliağa Həsənovun rəhbərlik etdiyi qurum 1 ay sonra fəaliyyətə başladı.

1920-ci ildə tədavülə buraxılan 500 manatlıq əskinasın üzərindəki yazılar isə Azərbaycan, rus və fransız dillərində idi. Görünür bu addıma Cümhuriyyətin Avropada de-fakto tanınması səbəb olub.

Hökumətlər milli valyutanın möhkəmləndirilməsi üçün tədbir görsə də, onu yeganə ödəniş vasitəsinə çevirmək mümkün olmadı. 1920-ci ilin əvvəlində Azərbaycanda Ümumrusiya kredit bileti və “kerenka”lar, Zaqafqaziya rublu və Bakı bonları tədavüldə idi.

Cümhuriyyət 28 aprel 1920-ci ildə süquta uğrasa da onun pul nişanları ilin sonunadək Azərbaycan Sovet Sosialist Respublikasında qanuni ödəniş vasitəsi oldu.
pressklub.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.