Seks qadağası “TikTok”da əxlaqsızları məşhurlaşdırır - MÜTƏXƏSSİS
25-06-2022, 00:06
![Seks qadağası](/uploads/posts/2022-06/1656093420_1.jpg)
“Xaricdə rəssamlar, yaradıcı insanlar öz əməyi ilə diqqət çəkməyə çalışır. Bizdə isə nə bacarıq, nə də intellektual məzmun var”.
Bunu Bakupost.az -a həkim-psixiatr Kənan Rəhimov “TikTok”la bağlı danışarkən deyib.
Bildirib ki, insanların qısa müddətə məşhur olmaq istəyi onları bu platformadan istifadə etməyə sövq edir
“Kütlə qarşısına çıxmaq, ictimai şəraitdə çıxış etmək mədəniyyəti hamıda yoxdur. Hətta bəzən müğənni və məşhurların hərəkətləri də tənqidə məruz qalır. “TikTok” qısa müddət ərzində böyük əmək qoymadan müəyyən kütlənin diqqət mərkəzində olmaq imkanı yaradır. İnsanların qısa müddətə məşhur olmaq istəyi onları bu platformadan istifadə etməyə sövq edir. Onların məqsədi insanların diqqətini cəlb etməkdir. Qeyri-etik davranış nümayiş etdirən insanlar daha böyük kütlə cəlb edir və bununla da gündəmdə olurlar. Maarifləndirici videolar, məlumatlar insanları cəlb etmir. Bu, cəmiyyətin hazırkı ehtiyaclarını göstərir. İnsanların kommunikasiya, öz hisslərini, ehtiyaclarını ödəməklə bağlı problemləri olduğu üçün insanlar bu cür mövzulara daha çox reaksiya verir. Bu, həm sekslə bağlı qadağanın olması, həm də sekslə əlaqəli tərbiyənin olmadığına görə baş verir. Seksual tərbiyə yeniyetmə yaşlarında tədris olunmalıdır. Bunlara qadağa olduqda insanlar bu mövzuları orada-burada öyrənirlər. Nəticədə, bu mövzu ilə bağlı dünyagörüşü olmur. Bu, özünü bəylərin xanımlara qarşı rəftarlarında da göstərir”.
Psixiatr bu platformanın pul qazandırması məsələsinə də toxunub:
“Bu sosial şəbəkə iş yeri tapmayan insanlara motivasiya verir. Tələbələr üçün də pul qazanmağın asan yollarından biri “TikTok” sosial şəbəkəsində qeyri-adi çılğınlıq göstərməkdir. Onlar pərəstişkar yığdıqdan sonra canlı yayım açaraq yığdıqları hədiyyələrlə pul qazanırlar. Digər təfədən, bu platformada məşhur insanlar da var. Onlar əxlaqsızlıq yox, əyləncəni təbliğ edirlər. Xaricdə rəssamlar, yaradıcı insanlar öz əməyi ilə diqqət çəkməyə çalışır. Bizdə isə nə bacarıq, nə də intellektual məzmun var. Bundan əlavə, əxlaqsızlıqla yanaşı, bəzi insanlar da ləhcə ilə danışıb populyar olurlar. Burada əxlaqsızlıq yoxdur, yumoristik tərzdir. Lakin bu danışıq tərzi də məlumatlandırcı bir şey qazandırmır”.
K. Rəhimov “TikTok”dan daha faydalı şəkildə yararlanmağı təklif edib:
“Bu cür davranışlar Azərbaycanda əvvəl də var idi. Sadəcə “TikTok” onları göz önünə gətirir. Bu gün sosial şəbəkə istifadəçiləri arasında psixoloqlar da var. Amma onlar diqqət görmür. İnsanlar əylənmək istəyirlər. “TikTok”un funksiyası cəmiyyətə zərər vurmaq deyil. Bu platforma sayəsində ucqar kənddə yaşayan insan da öz bacarığını insanlarla bölüşə bilir. Amma insanların maraq dairəsində olan başqa mövzular var. Bunun qarşısını almaq əhalinin əlindədir. Maraqlı olmayan, əxlaqsız video varsa, maraqlı deyil düyməsinə klikləməklə keçə bilərik. Bir müddət sonra ana səhifəmizə daha maraqlı videolar gələcək. Amma insanlar, əksinə, əxlaqsız videoları bəyənir, sona qədər baxır”.