"Ukraynanın "Şaman" xüsusi təyinatlıları Rusiya ərazisində diversiyalar törədir..."- "The Times"
27-06-2022, 10:33
!["Ukraynanın "Şaman" xüsusi təyinatlıları Rusiya ərazisində diversiyalar törədir..."- "The Times"](/uploads/posts/2022-06/1656310984_1.jpg)
"Ukrayna xüsusi təyinatlı qüvvələrinin bölmələri Rusiya Federasiyası ərazisində diversiya xarakterli tapşırıqları yerinə yetirir, xüsusən də silah-sursat anbarlarını və neft anbarlarını məhv edir".
Moderator.az xəbər verir ki, bunu Britaniyanın "The Times" nəşri adı açıqlanmayan Ukrayna kəşfiyyatçısının və çağırış ləqəbləri "22-ci" və "Krasavets" olan Xüsusi Əməliyyat Qüvvələrinin(XƏQ) 25 yaşlı iki çavuşunun açıqlamalarına istinadla yazır.
Xüsusi təyinatlılar əməliyyatların bəzi təfərrüatlarını jurnalistlərə söyləyiblər.
Döyüşçülərin özləri rus işğalçılarının dərin arxa cəbhəsində həyata keçirdikləri gizli əməliyyatların hədəflərini açıqlamasalar da, jurnalistlər belə qənaətə gəliblər ki, Rusiyadakı silah və neft anbarlarında baş verən partlayışlar, çox güman ki, Ukrayna xüsusi təyinatlılarının hərəkətləri ilə bağlıdır.
Həm "Krasavets", həm də "22-ci" 2014-cü ildə Donbasda hibrid müharibə başlayandan bəri Rusiya qoşunlarına qarşı döyüşlərdə iştirak edir. Onlar XƏQ döyüşçüləri olmaq üçün uzun təlim keçiblər.
“Ruslar hələ də bunun (təxribatların) necə baş verdiyini anlaya bilmir. Onlar inana bilmirlər ki, biz orada (Rusiya Federasiyasının ərazisində - red.) ola bilərik" - "Krasavets" belə deyir.
Gecə vaxtı alçaqdan hərəkət edən Ukrayna helikopterləri xüsusi təyinatlı əsgərləri Rusiya Federasiyası ərazisinə çatdırır...
Bu əməliyyatlarda “Şaman” adlı 10-cu xüsusi təyinatlı dəstəsinin hərbi qulluqçuları da iştirak edir...
Sultan Laçın