“Rusiyadan kütləvi deportasiya gözlənilir, miqrantları qarşılamağa hazır olmalıyıq” - ÇAĞIRIŞ

27-06-2022, 11:10           
“Rusiyadan kütləvi deportasiya gözlənilir, miqrantları qarşılamağa hazır olmalıyıq” - ÇAĞIRIŞ
Qazaxıstan Prezidenti Qasım Comərd-Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiya Prezidenti Vladimir Putinin qarşısında səsləndirdiyi fikirlər rus mediasında günlərdir müzakirə olunur. Qeyd edək ki, Tokayev Forumda Ukraynanın Luqansk və Donetsk bölgələrindəki qondarma qurumları "kvazidövlət" adlandırdı və onların "müstəqilliklərini" heç vaxt tanımayacaqlarını bəyan etdi.

Qazaxıstan lideri mövqeyini onunla əsaslandırdı ki, dövlətlərin ərazi bütövlüyü BMT Nizamnaməsində yazıldığı kimi toxunulmaz olmalıdır: "Dövlətlərin ərazi bütövlüyünə öz qiymətimizi bildirərkən, təbii ki, mən BMT Nizamnaməsinin əsas prinsipini nəzərdə tuturam. Ona görə də mənim nöqteyi-nəzərimdən ərazi bütövlüyünə üstünlük verilməlidir”.

Rusiya mediasında hazırda rəsmi Nur-Sultanın mövqeyinə hücum edilir və Tokayevin bəyanatı "müttəfiliyə zidd" adlandırılır. Ümumiyyətlə, rus mətbuatında Orta Asiya respublikalarının Rusiyanın Ukraynada "xüsusi əməliyyat" adı altında apardığı işğalçı müharibəyə dəstək verilməməsi tənqid edilir və Kremlə yaxın ekspertlərin dili ilə bu ölkələr təhdidə məruz qalır. Dia.az-ın məlumatına görə, Avropada yaşayan azərbaycanlı politoloq Rauf Mirqədirov mövzunu AYNA-ya müsahibəsində şərh edərkən deyib ki, bu, əslində Rusiya mediasının yox, Rusiya Prezidentinin təhdididir:

- Putin hər zamankı kimi postsovet məkanını təhdid etməkdən əl çəkmir. Lakin Qazaxıstan mediasında Putinin təhdidlərinə adekvat cavab verildi. Birinci Dünya müharibəsi zamanı kütləvi şəkildə çeçenlərin sürgünü həyata keçirilmişdi. Bütün çətinliklərə baxmayaraq, həmin vaxt qazax xalqı onlara qucaq açıb, yaşamaq üçün yer verib. Bu fakt Rusiya liderinin və bir sıra dairələrin diqqətinə çatdırıldı.

Mən düşünmürəm ki, Rusiya təkcə Qazaxıstanı, yaxud Orta Asiya ölkələrini təhdid edir. Söhbət geniş mənada postsovet məkanından gedir. Bildiyiniz kimi, Kalininqradla bağlı Rusiyanın çətinliyi yaranıb. Ora sanksiyalar səbəbindən blokadadadır və Litva Kalininqrada mal-məhsulların daşınmasına imkan vermir. Təbii ki, Litva tranziti tamamilə bağlamayıb, yalnız sanksiyalar altındakı məhsulların daşınmasına icazə vermir. Bununla bağlı Kremldən Litva əleyhinə kifayət qədər kəskin bəyanatlar səsləndirilir. Rusiya mediasındakı çıxışlarda Vilnüs təhdid edilir. Demək istədiyim odur ki, Rusiyanın təhdidi bütövlükdə postsovet məkanına aiddir.

- Hətta Kreml rəhbəri keçmiş SSRİ məkanını Rusiya əraziləri adlandırmışdı...

- Bəli! Putinin Sankt-Peterburq forumundakı çıxışını yada salmaq istəyirəm. Orada Putin SSRİ məkanını "Rusiyanın tarixi ərazisi" adlandırdı. Tarixi ərazi anlayışı absurddur. "Tarixi ərazi" deyib, ərazi iddiaları ilə çıxış etmək doğru yanaşma deyil. Tarixin hansı dövrünə istinad ediləcəksə, səhvlər ortaya çıxacaq. O zaman Türkiyə "tarixi ərazi" deyib, bugünkü Rusiya ərazilərinin bir hissəsinə iddia irəli sürə bilər. Yaxud da Krıma iddiasını ortaya qoya bilər. Bəzən zarafat edirəm, amma tarixi fakta əsaslansaq, tatarlar Moskvaya iddia etməlidirlər. Çünki Moskva əraziləri tarixi Qızıl Orda dövlətinin tərkibində olub. Dediyim odur ki, tarixilik hansısa ərazilər üçün iddiaya əsas ola bilməz. Gerçək siyasi və hərbi münaqişələrin, konfliktlərin həllində tarixi keçmişə müraciət qeyri-konstruktiv yoldur.

- Rusiya Orta Asiyaya, bütövlükdə postsovet məkanına hansı təzyiq vasitələrindən istifadə edə bilər?

- Ümumiyyətlə, Rusiyanın çox geniş və böyük təzyiq vasitələri var. Söhbət təkcə hərbi vasitədən getmir. Ən böyük təzyiq vasitələrindən biri miqrantlarla bağlıdır. Əmək miqrantlarının Rusiyadan kütləvi qovulması istənilən anda həyata keçirilməsi mümkün, əslində qaçılmaz olacaq addımdır. Özü də, hazırkı sanksiyaların yaratdığı çətinlik dövründə. Rusiya onsuz da əmək miqrantları ilə bağlı qanunvericilikdə məhdudlaşdırıcı, ağır dəyişikliklər etmək fikrindədir. Bu, təbii haldır, çünki Rusiya sanksiyalar altındadır, ölkədə işsizliyin artması gözlənilir, iqtisadi fəallıq aşağı düşəcək və s. İşsizlik artacaqsa, əmək miqrantlarına ehtiyac azalacaq. Əlbəttə, əmək miqrantlarını hansısa yolla ölkədən çıxarmaq lazım gələcək. Rusiyadakı əmək miqrantlarının çoxu isə Orta Asiyadan, ümumiyyətlə, postsovet məkanından olan insanlardır.

- Yəni Rusiya miqrantları qovmağa hazırlaşır?

- Bu, onsuz da baş verəcək. Dediyim kimi, qanunvericiliyə sərt məhdudiyyətlərlə bağlı müddəalar əlavə edilməsinə hazırlaşılır. Amma miqrantların deportasiyasını kampaniya şəkilində həyata keçirəcək ki, bu, ölkələrə təzyiq vasitəsi olacaq. Hansısa ölkənin vətəndaşlarını deportasiya edəcəksə, bu, hay-küylü şəkildə həyata keçiriləcək. Yadınızdadırsa, bir neçə il əvvəl məişət zəmnində bir azərbaycanlı cinayət törətmişdi. Söhbət Orxan Zeynalovun qətl törətməsindən gedir. Onun cinayəti ətrafında elə hay-küy yaratdılar ki... Orxanın tutulması əməliyyatına Rusiya DİN-in bütün qüvvələri cəlb edilmişdi. Sonra onu gətirdilər nazirin qarşısına, o da vəhşi gözlərlə Orxana baxıb, "aparın" dedi. Sanki azərbaycanlı gənc Rusiyada ən böyük cinayət törətmişdi, ən kütləvi qətliamlar həyata keçirib, terror aktına imza atmışdı. Halbuki Orxanın həyata keçirdiyi məişət zəmnində qətl idi. Lakin Rusiyanın marağında idi ki, bundan kampaniya düzəltsin. Rusiya bu vasitədən istifadə edə bilər, ölkələrin daxilindəki sabitliyi pozmaq üçün birdən-birə yüz minlərlə əməkçi miqrantı deportasiya edə bilər. Bu, Rusiya üçün ağılsız addım ola bilər, amma gözlənilən real addımlardan biridir.

- Rusiyada əmək fəaliyyəti ilə məşğul olan azərbaycanlıların da sayı çoxdur...

- Dediyim məhz odur ki, bu, azərbaycanlıların da başına gətirilə bilər. Qeyri-rəsmi məlumatlara görə, Rusiyadakı azərbaycanlıların sayı kifayət qədər ciddi rəqəmdir. Onsuz da miqrantları yaxın zamanlarda Rusiya ölkədən çıxaracaq, buna hazır olmalıyıq. Onları biz tədricən qəbul etməyə hazırlaşmalıyıq ki, proses birdən-birə baş verməsin. Sərhədlərin qapalı qalması onsuz da ağır vəziyyətdə olan azərbaycanlı miqrantların durumunu daha da ağırlaşdırır. Heç bir əsaslı izah da verilmir ki, quru sərhədləri niyə bağlıdır. Düşünürəm ki, burada müəyyən siyasi məqsədlər var. Hökumətin danışdığımız miqrant təhlükəsinin qarşısını sərhədlərin bağlı saxlanılması ilə alması ehtimalı böyükdür.

- Rusiyanın postsovet ölkələrinə ərazi iddiaları da var.

- Bunu Rusiya gizlətmir. Faktiki olaraq Ukraynaya qarşı işğalçı müharibə aparır. Digər tərəfdən, vaxtilə Putin bəyan etmişdi ki, bir çox respublikalar SSRİ-nin tərkibindən çıxarkən Rusiyanın guya onlara verdiyi əraziləri də götürüblər. Yenə deyirəm, tarixə istinad əcaib və axmaq bir şeydir. Çünki iddia etdikləri ərazilərin heç biri Rusiyanın olmayıb. Sibirdən o tərəfə, hətta Ural bölgəsi də Rusiya əraziləri olmayıb, amma özlərinin tarixi əraziləri hesab edirlər. Rusiya konkret Qazaxıstanın şimalındakı ərazilərə iddia irəli sürüb. Orada rusdillilər kifayət qədər çoxdur. Həmin ərazilərdə iğtişaşlar törədə bilərlər.

- Rusiyanın Qazaxıstanın şimalında separatizmi alovlandırmaq kimi bir planı varmı?

- Separatizmin əlamətlərini, yaxud separatizmi yaratmaq o qədər də çətin məsələ deyil. Fərqanə vadisində baş vermiş hadisələri yada salaq. Oradakı hadisələr bazardakı davadan başlamışdı. Yəni ki, məişət zəmnində bir qətl törədirsən, camaatı bir-birinin üzərinə qaldırırsan, insanlar başlayırlar dava etməyə. Buna da milli, etnik rəng verirsən və bununla da separatizm alovlanır. Vəssalam! Bu, çətin deyil. Bütövlükdə, separatizm fərqlilikdən doğur. Qazaxıstanın şimalında fərqlilik var - orada həm ruslar yaşayır, həm rusdillilər yaşayır, həm də qazaxlar yaşayır. Qazaxıstanın digər ərazilərindən fərqlənirlər. Fərqlilik olan yerdə separatizmi yaratmaq çox asandır. Söhbət təkcə etnik fərqlilikdən getmir. Hətta coğrafi separatizm də mövcuddur. Məsələn, yerliçiliyi coğrafi separatizmin elementi kimi qəbul etmək olar. Təbii ki, Rusiyanın Qazaxıstanın şimalında separatizmi alovlandırması planları ola bilər, bunun icrası da mümkündür.

Bütövlükdə isə Rusiya təkcə Qazaxıstana, Orta Asiyaya yox, bütün keçmiş SSRİ dövlətlərinə qarşı təhdiddir. Bilirsiniz ki, o vaxt sərhədlər bir qədər ixtiyari şəkildə xətlənib. Bu gün Tacikistan ərazisində özbəklərin yaşadığı ərazilər var, yaxud da ki, Qırğızıstanla Tacikistan arasında ərazi problemi var. Azərbaycanla bağlı təhdid isə ölkənin şimalı ilə bağlıdır. Şimal regionunda 1990-cı ildə bu faktordan kifayət qədər ciddi istifadə olunurdu. Rusiya Azərbaycanın şimalında separatizmi qızışdırmağa çalışırdı. Düşünürəm ki, bu təhdid hər zaman mövcuddur ki, bunu nəzərə almalıyıq. Yəni ki, Rusiyanın istifadə edəcəyi çoxlu təzyiq vasitələri və variantları var. Hətta Rusiya nəyisə bəhanə gətirə, birbaşa təcavüzə başlaya bilər ki, bu da istisna deyil.



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.