Xaricdə alınmış sürücülük vəsiqələri hansı problemləri yaradırdı? - yeni qaydalar gəlir
30-06-2022, 09:28
![Xaricdə alınmış sürücülük vəsiqələri hansı problemləri yaradırdı? - yeni qaydalar gəlir](/uploads/posts/2022-06/1656564374_1.jpg)
“Bu qaydalar pandemiya səbəbindən Azərbaycanda qalan Gürcüstan vətəndaşlarına şamil olunmur”
Xaricdə alınmış və vətəndaş olmayan şəxslərin öz ölkələrindən aldıqları sürücülük vəsiqələrini Azərbaycanda 1 aydan artıq istifadə etmələri mümkün olmayacaq.
Buna səbəb Konstitusiya Məhkəməsinin xaricdə alınmış sürücülük vəsiqələrinin ölkəmizdə istifadəsi ilə bağlı yeni qərarıdır.
Qərarı sosial şəbəkədə şərh edən nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, “Yol hərəkəti haqqında” Qanunun 35-1-ci maddəsinə əsasən, Azərbaycan vətəndaşı xarici ölkənin sürücülük vəsiqəsini ölkəmizdə istifadə etmək istəsə, onda ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində həmin vəsiqəni ölkəmizin milli vəsiqəsinə dəyişdirməlidir:
“Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs isə Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün Miqrasiya Xidmətindən icazə aldıqda, əgər ölkəmizdə avtomobil idarə etmək istəsə, xarici sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bizim milli vəsiqəyə dəyişdirməlidir. Qanunun bu tələbini pozan (yəni xarici vəsiqəsini milli vəsiqəyə dəyişməyən) şəxsin avtomobil idarə edərkən sürücülük hüququ olan sayılıb-sayılmaması mübahisəli idi. Konstitusiya Məhkəməsinin 19.05.2022-ci il tarixli qərarı ilə məsələyə tam aydınlıq gətirildi. Qərara əsasən, belə şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan (yəni sürücülük hüququ olmayan) şəxs hesab edilir”.
Ekspert bildirib ki, onlar bu vəziyyətdə aşkar edilərsə, vəsiqəsi olmayan şəxs kimi inzibati məsuliyyətə, cinayət xarakterli hadisədə təqsirli olduqda isə sürücülük hüququ olmadan qəza törətməyə görə cinayət məsuliyyətinə (CM-in 263-1-ci maddəsi) cəlb ediləcəklər.
Ə.Hüseynov qeyd edib ki, 1968-ci il Vyana Konvensiyasına uyğun xarici sürücülük vəsiqələri “ASAN Xidmət” mərkəzlərində heç bir imtahan olmadan, 30 manat rüsum ödənilməklə Azərbaycan vəsiqəsinə dəyişdirilir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün Miqrasiya Xidmətindən icazə almadıqda, yəni sadəcə turist kimi və başqa məqsədlə ölkəmizə gəldikdə, burada qalma müddətindən asılı olmayaraq vəsiqəsini dəyişməyə borclu deyil. Belə şəxs öz xarici vəsiqəsindən ölkəmizdə olma müddətində aylarla istifadə edə bilər.
Bəs bu proses necə tənzimlənəcək? Dünya praktikasında necədir? Sürücülük vəsiqəsi beynəlxalq standartlıdırsa, bunun milliləşdirilməsini vacib edən nədir?
Onu da bildirək ki, Azərbaycanda hazırda müvəqqəti və daimi yaşamaq icazəsi almayan xeyli sayda Gürcüstan vətəndaşı olan azərbaycanlı var. Onlar pandemiya dövründən bəri öz ölkələrinə gedə bilməyiblər, yəni ölkədə qalmaq üçün 90 gün müddət pandemiyaya görə uzadılıb. Bəs onların sürücülük hüququ necə olacaq? Güzəşt ediləcəkmi?
Əvvəlcə Azərbaycan və dünyada sürücülük vəsiqəsinin verilməsi qaydaları ilə bağlı fərqlərə nəzər salaq.
Ölkənin qanunvericiliyinə görə, Azərbaycan ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ 14 yaşdan başlayır. Velosiped və ya arabanı 14, asma mühərrikli velosipedi, moped və A1 altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə 16, A, B, C kateqoriyalarına, B1 və C1 altkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək isə 18 yaşdan sonra mümkündür.
Qardaş Türkiyədə 16 yaşdan moped və motosiklet, 18 yaşdan isə avtomobil sürməyə icazə verilir.
Almaniyada 17 yaşdan müşayiət edən şəxslə, 18 yaşdan isə müstəqil olaraq avtomobil sürmək mümkündür. Yük maşını və ya avtobus üçün isə 21 yaşın olması əsas şərtdir.
Rusiyada bu məsələ ilə bağlı qanunlar ölkəmizdəki ilə demək olar ki, eynidir.
ABŞ-da isə vəziyyət bir qədər fərqlidir. Burada hər şey əyalətdən asılıdır, minimum 14 yaşdan sonra sürücülük vəsiqəsi almaq mümkündür.
Kanadada əyalətdən asılı olaraq 14 yaşdan 16 yaşa qədər olar sürücülüyə icazə var. Müxtəlif hüquq kateqoriyası mövcuddur, bəziləri üçün 3 ilə qədər təhsil almaq mütləqdir.
Yaponiyada 16 yaşdan motosiklet, 18 yaşdan isə avtomobil sürməyə icazə var.
Qısacası, dünyanın əksər ölkələrində sürücülük vəsiqəsi elə 18 yaşdan verilir.
Ancaq imtahan məsələsi bir qədər fərqlidir. Məsələn, Amerikada sürücülük vəsiqəsi olmayan şəxs 4 saat nəzəriyyə öyrənir. Bu, online formada keçirilir.
Cərimələr və digər bu kimi qaydalar haqqında bilik testindən sonra gələcək sürücüyə təcrübəli sürücünün iştirakı ilə müstəqil şəkildə idarə etməyi öyrənmək üçün müvəqqəti vəsiqə verilir.
Almaniyada ilk dəfə sürücülük vəsiqəsi üçün tələb olunan minimum nəzəri dərslər 14 saatdır. Praktika ən azı 12 saat olmalıdır, 3 saat gecə sürmə, 4 saat isə avtobanda sürmək tələb edilir.
“Yeni Müsavat”a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bir çox ölkələrdə də eyni qaydalar tətbiq edilir:
“Azərbaycanda alınan sürücülük vəsiqələri də bir çox ölkədə eyni qayda ilə həmin ölkənin vəsiqəsi ilə əvəzlənir. Bəzi ölkələr 3, bəziləri isə Azərbaycanın vəsiqəsini 6 ay müddətinə tanıyır. Ölkəmizdə isə bu, 1 ay müddətinə götürülüb. Düşünürəm ki, 1 ay müddət çox azdır. Burada texniki məsələlər var. Məsələn, bir şəxs xaricdən aldığı sürücülük vəsiqəsi ilə Azərbaycanda cərimə edildikdə onu sistemə tətbiq etmək çətinləşir, müəyyən problemlər yaranır. Ona görə də bu cür qayda qəbul olunur. Yeni qaydalarda, sadəcə olaraq, 1 ay müddətin olması dəyişdirilsə, daha yaxşı olar. Digər məqamlar uyğundur”.
Ekspert bildirib ki, bu qaydalar pandemiya səbəbindən Azərbaycanda qalan Gürcüstan vətəndaşlarına şamil olunmur:
“Soydaşlarımız öz iradələri ilə deyil, pandemiya dövrünün tələblərinə görə buradadırlar. Sayları da çox deyil. Quru sərhədləri açılmasa da çoxları təyyarə və digər ölkələrin ərazisindən keçməklə Gürcüstana qayıdıblar. Qonaq kimi gələnlərə də bu, şamil olunmur. Azərbaycana kimsə gəlirsə, o, vətəndə 90 gün müddətində qala bilər. Onlara şamil deyil və şamil olunmasını da arzu etməzdim. Çünki ən azından Gürcüstan, Rusiyada bizim milyonlarla soydaşımız yaşayır və onlar hər yay bura gəlirlər”.
Əli RAİS,
“Yeni Müsavat”