Yeni dünya axtarışında şok gəlişmə - İlk dəfə Süd Yolundan kənarda planet tapıldı

12-07-2022, 08:35           
Yeni dünya axtarışında şok gəlişmə -
Astronomlar və planetoloqlar indiyədək 5000-dən çox ekzoplanet kəşf ediblər. Amma bu planetlərin hamısı bizim qalaktikamızın - Süd Yolu sərhədləri daxilində tapılıb. Yeni kəşflə ilk dəfə olaraq tamamilə fərqli qalaktikada yerləşən planetar obyekt aşkar edilib.

Teleqraf.com xəbər verir ki, elm adamlarının uğuru ABŞ-ın Milli Kosmos Agentliyinin (NASA) “Chandra X-ray” teleskopu ilə aparılan müşahidələri sayəsində mümkün olub.

Yeni nəzəriyyəyə görə, planet bir ulduzun qarşısından keçəndə qısa müddətə ulduzun işığını kəsərək öz varlığını göstərir.

Tədqiqatın rəhbəri və Harvard Universitetinin astrofiziki Rozanna Di Stefeno yeni kəşf haqda deyib: “Rentgen şüalarının dalğa uzunluqlarında planet namizədlərini axtararaq, başqa dünyaları tapmaq üçün tamamilə yeni bir yol açmağa çalışırıq. Bu strategiya ilə başqa qalaktikalardakı planetləri aşkar etmək mümkün olur”.

Əksər ekzoplanetlər ulduzun önündən keçərkən optik işıqda əmələ gələn zəifləməylə aşkar edilib. Amma optik işıq əvəzinə Di Stefeno və komandası rentgen şüalarının zəifləməsinə baxırlar. X-şüalarının aşkar oluna biləcəyi bölgələr kiçik olsa da, güclü işıq ehtiva edir. Bu üsul sayəsində astronomlar ekzoplanetləri bugünkü optik işıq keçidi tədqiqatlarından çox daha uzaq məsafələrdə tapa bilirlər.

Kəşf nə qədər maraqlı olsa da, elm adamları hələ də sübutları təsdiqləməlidir. Bu proses onilliklər çəkə bilər. Yeni aşkar edildiyi ehtimal olunan planet hələ 70 il sonra öz ulduzunun önündən keçəcək. Beləliklə, astronomlar tapıntıları təsdiqləyənə qədər uzun və qeyri-müəyyən vaxtı gözləyəcəklər.

NASA astrofiziki və Kaliforniya Universitetinin əməkdaşı Nia İmara açıqlamasında belə söyləyib: “Təəssüf ki, gördüyümüz şeyin planet olduğunu təsdiqləmək üçün onilliklər gözləməli və başqa bir keçidi görməliyik. Fırlanma müddətinin nə qədər olduğu bəlli olmadığı üçün nə vaxt görəcəyimizi dəqiq bilmirik”.

Vaxt qeyri-müəyyənliyi səbəbindən digər tədqiqatçılar rentgen keçidlərini aşkar etmək üçün bu metodun nə qədər faydalı olub-olmadığını düşünürlər. Yeni tədqiqatda iştirak etməyən Stenford Universitetinin astrofiziki Bryus Makintoş deyir ki, rentgen keçidlərini öyrənmək ağıllı seçimdir, amma bu metodla yüz minlərlə planet namizədi tapmaq mümkün deyil, çünki keçidləri yalnız cisimlər sizin baxdığınız şeyin arasında sıraya düzüləndə görə bilərsiniz.

Makintoşdan fərqli olaraq, Di Stefeno düşünür ki, o və həmkarları 2018-ci ildə ilk dəfə təklif etdikləri yeni metod qalaktikadan kənar ekzoplanetlərin axtarışında belə heyrətamiz nəticələr verdiyi üçün həyəcanlıdırlar.

“Nəsə tapıb-tapmayacağımızı bilmirdik, nəsə tapdığımız üçün də çox şanslıyıq. İndi dünyanın digər qruplarından daha çox araşdırma və daha çox kəşf gözləyirik”, - Di Stefano bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.