Putinin aşpazı qızılları necə talan edir? - TƏFƏRRÜAT
2-08-2022, 00:05
![Putinin aşpazı qızılları necə talan edir? - TƏFƏRRÜAT](/uploads/posts/2022-08/1659376467_1.png)
Rusiyanın Ukraynaya qarşı müharibə zamanı iqtisadiyyatını “ayaqda saxlamaq” üçün Sudandan qızıl qaçırdığı iddia olunur.
ABŞ mətbuatı əməliyyatı Rusiyanın muzdlulardan ibarət xüsusi bölməsi olan “Vaqner”in həyata keçirdiyini yazır.
Cebhe.info xəbər verir ki, Ukrayna ərazisini aylardır işğal altında saxlayan Rusiya Ordusu həm maddi, həm də mənəvi itkilər verib. Minlərlə əsgərin həlak olduğu müharibə Ukraynanın bir çox yerində hələ də davam edir.
Sudandan qızıl qaçırıblar
Rusiya lideri Putinin geri addım atmaması, ordunun daim hücum etməsi ölkəni iqtisadi cəhətdən yorur. Ukraynanı işğal etdiyi üçün Rusiyaya bir çox ölkənin embarqosu təsir edib. Bu məqamda ABŞ-ın “CNN International” kanalından diqqətçəkən bir iddia gəlib. İddiaya görə, Rusiya ildə təxminən 40 ton Sudan qızılını talayır. Bu qızıl isə Putinin muzdluları, xüsusi təyinatlı “Vaqner” tərəfindən oğurlanıb.
1,5 ildə 16 uçuş
Qeyd edilir ki, Sudanın paytaxtı Xartumdakı hava limanından son 1,5 ildə qaçaqmalçılıq yolu ilə 16 dəfə qızıl daşıyan təyyarələr havaya qalxıb. Sudan hakimiyyəti bəzən uçuşların qarşısını almaq istəsə də, Rusiyayönlü qüvvələr uçuşların həyata keçirilməsini təmin edib. Sudan Afrikada 3-cü ən böyük qızıl istehsalçısıdır.Moskva administrasiyası hərbi idarəçiliyin üstünlük təşkil etdiyi Sudanı dəstəkləyir. Amerikalı ekspertlər Rusiyanın Sudanda 2021-ci il hərbi çevrilişini dəstəklədiyini də vurğulayırlar. Rusiyanın qızıl əməliyyatını həyata keçirən şəxsin rusiyalı oliqarx Yevgeni Priqozin olduğu bildirilir. 61 yaşlı Priqozinin əvvəl Putinin şəxsi aşpazı olduğu, “Vaqner” də daxil olmaqla bir çox şübhəli şirkətlərə nəzarət etdiyi deyilir.
Hesabatda qeyd olunur ki, Rusiya ən azı 10 ildir ki, Sudandan qeydiyyatdan keçməmiş qızıl ticarəti edir. Qeydiyyatsız ticarətə görə indiyədək ölkədən qaçaqmalçılıq yolu ilə nə qədər qızıl çıxarıldığı barədə dəqiq məlumat yoxdur.