Çin və Tayvan – 70 illik düşmənçiliyin tarixçəsi
4-08-2022, 15:47
![Çin və Tayvan –](/uploads/posts/2022-08/1659613529_1.jpg)
Tayvanda yaşayanların çoxu özlərini ayrı bir millət hesab edirlər
ABŞ Nümayəndələr Palatasının spikeri Nancy Pelosi-nin Tayvana səfəri Çin, Tayvan və onun müttəfiqi ABŞ arasındakı münasibətlərdə gərginliyin artmasına səbəb olub. Bu münasibətlər daim alovlanmağa meyilli olması ilə seçilib və 70 ildən çoxdur ki, davam etməkdədir.
Çərşənbə günündən etibarən, Çin ABŞ rəsmisinin səfərinə cavab olaraq, raket atış təlimlərinə başlayıb və rəsmi Pekin təlimlərin bazar gününə kimi davam edəcəyini bildirib.
Bu gün yerli vaxtla saat 12:00-da başlayan təlim çərçivəsində Çinin Tayvan sahillərinə yaxın sularda bir neçə ballistik raketin sınağını keçirdiyi bildirilir.
Çinin bu addımından sonra Tayvanın Müdafiə Nazirliyi də hava hücumundan müdafiə sistemlərinin hazır vəziyyətə gətirildiyini açıqlayıb.
Vəziyyətin gərginləşməsinə görə, Tayvanın Taoyuan beynəlxalq aeroportundan bütün uçuşlar təxirə salınıb.
Çin Xalq Respublikası Tayvanı gec-tez Çinin tərkibinə qayıtmalı olan separatçı əyalət hesab edir. Amma 70 illik ayrılıqdan sonra tayvanlıların çoxu özlərini ayrıca bir xalq, öz adalarını isə ayrıca bir ölkə hesab etməyə başlayıblar. Tayvan hələ müstəqilliyini elan etməsə də, özünü nəhəng Çinin qanuni varisi hesab edir.
Münaqişənin tarixçəsi
Tayvanda ilk məskunlaşanlar indiki Çinin cənubundan gəldikləri güman edilən avstroneziya tayfaları olub.
Bəzi mənbələrə görə, Çinin dövlət qeydlərində ada eramızın 239-cu ilində - Çin imperatoru ərazini tədqiq etmək üçün ora ekspedisiya göndərəndə aşkar edilib. Pekin Tayvana sahiblik hüququnu bu faktla əsaslandırır.
Nisbətən qısa müddət ərzində - 1624-cü ildən 1661-ci ilə qədər Tayvan Hollandiyanın müstəmləkəsi olub, 1683-cü ildən 1895-ci ilə qədərsə Çinin Tsin sülaləsinin nəzarətinə keçib.
Həmin əsrdə xeyli sayda insan Çindəki iğtişaşlardan və yoxsulluqdan qaçaraq Tayvana gedib. Onların əksəriyyəti Futsyan əyalətindən olan hoklo xalqının nümayəndələri və ya Quandun əyalətindən olan hakkalar olub. Hazırda adadakı ən böyük demoqrafik qrupu onların nəsilləri təşkil edir.
1895-ci ildə - birinci Çin-Yapon müharibəsindən sonra Tsin hökuməti Tayvanı Yaponiyaya güzəştə getməli olub. İkinci dünya müharibəsinin nəticələrinə görə isə Yaponiya bu ərazidən imtina edib. Müharibədə qalib dövlətlərdən biri olan Çin Respublikası müttəfiqləri ABŞ və Böyük Britaniyanın razılığıyla Tayvanı idarə etməyə başlayıb.
Amma sonra Çan Kayşinin rəhbərlik etdiyi Qomindan Partiyasının hökumətiylə Mao Tszedunun başçılıq etdiyi Çin Kommunist Partiyasının qoşunları arasında vətəndaş müharibəsi başlayıb və Qomindan məğlub olub.
1949-cu ildə Çan Kayşi öz tərəfdarlarıyla birlikdə (təxminən 1,5 milyon nəfər) Tayvana qaçıb. Orda sürgün hökuməti qurub, tabeçiliyindəki əraziyə Çin Respublikası adını verib və 25 il ona rəhbərlik edib.
Adaya Çan Kayşiylə birlikdə gəlmiş çinlilər əhalinin cəmi 14 faizini təşkil etsələr də, uzun illər Tayvan siyasətində dominant mövqeyə sahib olublar.
Kayşidən sonra hakimiyyətə onun oğlu - Nikolay Vladimiroviç Yelizarov kimi də tanınan Tszyan Tszinqo gəlib. Gənclik illərində onu Moskvaya oxumağa göndəriblər, orada Leninin bacısıgildə yaşayıb. Tszyan kollektivləşmədə iştirak edib, hətta bir müddət “Uralmaş” zavodunda maşın sexində çalışıb, 1937-ci ildə isə həbs olunub.
Amma elə həmin il oradakı həyat yoldaşı ilə (Tayvanda ona Tszyan Fanlyan adı verilib) vətəninə qayıdan Tszyan Tzsinqo sadəliyi və demokratik davranışı ilə seçilib. Atasının hökumətində daxili işlər naziri postunu tutub, bir neçə dəfə kommunistlərin üsyan cəhdlərini yatırdıb.
Çan Kayşinin ölümündən sonra Qomindan Partiyasına rəhbərlik etməyə başlayan Tszyan Tszinqo 1978-ci ildə prezident olub, vəfat etdiyi 1988-ci ilə qədər bu posta ard-arda iki dəfə seçilib. Hökumət mahiyyətcə avtoritar olaraq qalsa da, onun dövründə Tayvanda demokratik islahatlar həyata keçirilib.
Tszinqodan sonra hakimiyyətə onun dövründə vitse-prezident olmuş Li Denhuey gəlib. Bu şəxsi "Tayvan demokratiyasının atası" adlandırırlar. Denhuey konstitusiya islahatı həyata keçirib. 2000-ci ildə ölkədə ilk dəfə Qomindan Partiyasının üzvü olmayan biri - Çen Şuybyan prezident seçilib.
Tayvanın müstəqilliyini hansı ölkələr tanıyıb?
Tayvandakı dövlət quruluşu ilə bağlı fikir ayrılıqları və çaşqınlıq var. Adanın öz konstitusiyası, demokratik yolla seçilmiş liderləri və təxminən 300 min nəfərlik ordusu var.
Bir vaxtlar orda sürgün hökuməti qurmuş Çan Kayşi bu hökumətin bütün Çini təmsil etdiyini və ölkəni geri almaq niyyətində olduğunu bildirmişdi. Hətta o vaxt Çini BMT Təhlükəsizlik Şurasında Tayvan təmsil edirdi, çünki bir çox qərb ölkələri həqiqi Çin hökuməti olaraq Tayvandakı idarəçiliyi qəbul edirdi.
![](/uploads/posts/2022-08/1659613530_3.jpg)
Amma 1970-ci illərdə Təhlükəsizlik Şurasının bəzi üzvləri artıq Tayvanın Çində yaşayan yüz milyonlarla insanı təmsil edə bilməyəcəyini deməyə başladı.
1971-ci ildə BMT Təhlükəsizlik Şurasındakı təmsilçiliyi Pekinə qaytarıldı, Tayvan oradan çıxarıldı.
1978-ci ildə Çin açıq iqtisadiyyat siyasəti yürütməyə başladı. Ticarət imkanlarını qiymətləndirən və münasibətləri inkişaf etdirmək zərurətini dərk edən ABŞ 1979-cu ildə Pekinlə diplomatik əlaqələr qurdu.
Sonrakı illərdə Tayvanı rəsmən tanıyan ölkələrin sayı kəskin şəkildə azaldı, hazırda cəmi 15 belə ölkə var.
Müstəqil dövlətin bütün xüsusiyyətlərinə və Çindən fərqli siyasi sistemə malik olmasına baxmayaraq, Tayvanın hüquqi statusu qeyri-müəyyən olaraq qalır.
Tayvan və Çin arasındakı münasibətlər hazırda hansı vəziyyətdədir?
1980-ci ildə Çin və Tayvan arasında münasibətlər yaxşılaşmağa başladı: Tayvan əvvəlcə Çinə səfər şərtlərini və sərmayə yatırmaq qaydalarını yüngülləşdirdi, 1991-ci ildə Çin Xalq Respublikası ilə müharibənin bitdiyini elan etdi.
Çin isə "bir ölkə, iki sistem" variantını təklif etdi. Pekin vəd etdi ki, Tayvan yenidən birləşməyə razılıq verərsə, muxtariyyəti saxlanacaq. 1997-ci ildə eyni vədlərlə Pekin Honkonqu geri qaytardı və verdiyi sözə son vaxtlara qədər əməl etsə də, sonradan demokratik Honkonqu Çinin qaydalarını qəbul etməyə məcbur etdi.
Tayvan həmin təklifi rədd etmişdi.
2000-ci ildə prezident seçilən Çen Şuybyan Çin üçün başağrısına çevrildi, çünki o və rəhbərlik etdiyi Demokratik Tərəqqi Partiyası Tayvanda ayrıca bir dövlətin yaradılmasını təklif edirdilər.
2004-cü ildə Çen Şuybyan ikinci dəfə prezident seçildi, bir il sonra Çin yeni dövlət qurmağa cəhd edəcəyi təqdirdə Tayvana qarşı "qeyri-dinc vasitələrdən" istifadə etməyə icazə verən "ayrılma əleyhinə qanun" qəbul etdi.
2008-ci ildəki prezident seçkilərində Qomindan Partiyasının üzvü Ma İntszyu qalib gəldi və iqtisadi razılaşmalar vasitəsilə Çinlə münasibətləri yaxşılaşdırmaq siyasəti yürütməyə başladı.
2016-cı ildə isə Demokratik Tərəqqi Partiyasının üzvü Tsay İnven prezident seçildi və Tayvanın Çinlə münasibətləri yenidən korlandı.
![](/uploads/posts/2022-08/1659613529_2.jpg)
2018-ci ildə vəziyyət daha da gərginləşdi, çünki Pekin beynəlxalq şirkətlərə təzyiq etdi ki, Tayvanı öz veb-saytlarında Çinin bir hissəsi kimi göstərsinlər, əks halda Çindəki fəaliyyətləri qadağan ediləcək.
2020-ci ildə Tsay rekord nəticəylə - 8,2 milyon səslə yenidən prezident seçildi və bu, belə bir qənaət formalaşdırdı ki, tayvanlılar artıq ÇXR-ə birləşmək ideyasını dəstəkləmirlər.
O dövrdə Honkonqda Çinin artan təsirinə qarşı etirazlar artıq yüksək həddə çatdı və Tayvan bu prosesi diqqətlə izləyirdi.
Həmin ilin sonunda Çin Honkonqla bağlı milli təhlükəsizlik qanunu qəbul etdi və bu, ordakı azadlıqları boğmaq istiqamətində atılmış növbəti addım oldu.
Müstəqillik Tayvan üçün nə dərəcədə vacibdir?
Pekin və Taypey prinsipial siyasi məsələdə razılığa gələ bilməsə də, son onilliklərdə iqtisadi əlaqələri genişlənib və möhkəmlənib. Taypeyin rəsmi məlumatlarına görə, 1991-ci ildən 2021-ci ilin may ayının sonuna qədər Tayvanın Çinə investisiyası 194 milyard dollar təşkil edib.
Bəzi tayvanlılar ölkə iqtisadiyyatının Çindən asılı vəziyyətə düşməsindən narahatdırlar.
Amma digərləri hesab edir ki, daha sıx iqtisadi əlaqələr ÇXR-in Tayvana hücum etməsi ehtimalını azaldır.
2014-cü ildə Çin və Tayvan “İki ölkə arasında ticarət razılaşması” imzaladı. Bu, Tayvanda etirazçı “Günəbaxanlar hərəkatı”nın yaranmasına səbəb oldu. Çinin təsirinin artması potensialına etiraz edən hərəkat üzvləri, tələbələr və fəallar müvəqqəti olaraq Tayvan parlamentini ələ keçirə bildilər.
Tayvanın hakim Demokratik Tərəqqi Partiyası hələ də adanın müstəqilliyinin tərəfdarıdır, Qomindan isə artıq birləşmədən danışır.
Son rəy sorğuları isə göstərir ki, Tayvan əhalisinin əhəmiyyətli hissəsi suverenliyin tərəfdarıdır.
Amma, deyəsən, tayvanlıların əksəriyyəti orta mövqedədir. 2022-ci ilin iyun ayında keçirilmiş rəy sorğusunun nəticələri göstərir ki, onların yalnız 5,2 faizi müstəqilliyin mümkün qədər tez elan edilməsini, cəmi 1,3 faizi isə əksinə, ilk fürsətdə Çinə birləşməyi arzulayır.
Çin-Tayvan qarşıdurmasının ABŞ-a nə aidiyyatı var?
Vaşinqtonun regionda uzun illərdir ki, yürütdüyü siyasət strateji ambivalentlik nümunəsidir: ABŞ rəsmi olaraq “vahid Çin” siyasətinə sadiqlik nümayiş etdirir, yalnız Pekini tanıyır və Taypeylə deyil, onunla diplomatik əlaqələr qurur. Amma ABŞ Tayvanla müttəfiqlik münasibətlərini də qoruyub saxlayır.
Bu ilin mayında ABŞ Prezidenti Joe Biden-dən ABŞ-ın Tayvanı müdafiə etməyə hazır olub-olmadığını soruşulanda, o, müsbət cavab verib. Bundan dərhal sonra Ağ Ev açıqlama verərək ABŞ-ın Tayvanla bağlı mövqeyinin dəyişmədiyini və “vahid Çin” siyasətinə sadiq olduğunu bildirib. Biden-in Tayvana hərbi dəstək vədiylə bağlı əvvəlki açıqlamalarında da təxminən eyni fikirlər səslənib.
Pekin Vaşinqtonun Taypeyə hər hansı dəstək ehtimalını pisləyir. Çin Biden-in iddialarına cavab olaraq, hərbi təyyarələrin Tayvanın hava hücumundan müdafiə zonasına müdaxiləsini aktivləşdirib.