Misirdə 4500 illik Günəş məbədinin qalıqları tapılıb - FOTO
8-08-2022, 00:05
![Misirdə 4500 illik Günəş məbədinin qalıqları tapılıb - FOTO](/uploads/posts/2022-08/1659757821_1.jpg)
Misirdə arxeoloqlar qədim Misirin Ra məbədinin xarabalıqlarını aşkar ediblər.
Tapıntı Qahirənin təxminən 20 kilometrliyində, Əbu-Qurab məbədi kompleksinin yerində tapılıb. Məbəd Günəş tanrısı Ra kultunun populyarlığının ən yüksək həddə çatdığı Beşinci Sülalə dövründə (e.ə. 2465-2323) tikilib. Sonradan Ra kultu Amon kultu ilə birləşdi, bunun nəticəsində insanlar Amon-Raya sitayiş etməyə başladılar.
Tapılan məbəd çiy kərpicdən tikilib və ölçüləri ən azı 60x20 metrdir. Arxeoloqlar L formalı giriş eyvanını, həyəti, anbarları və ibadət yerlərini müəyyən ediblər.
![](/uploads/posts/2022-08/1659757820_2.jpg)
“Bu binanın bütün divarları ağ-qara suvanıb, qırmızı və mavi rəsmlərin izləri də görünür”, - deyə alimlər bildiriblər.
Məlumata görə, yeni bir məbədin tikilməsi üçün bu məbəd tamamlanmadan sökülüb.
Həmçinin məbədin yaxınlığında arxeoloqlar çoxlu eksponatlar, o cümlədən onlarla bütöv pivə qabları və beşinci və altıncı sülalələr dövründə hökmranlıq edən fironların möhürləri olan küpələr tapıblar.
![](/uploads/posts/2022-08/1659757819_3.jpg)
Alimlərin fikrincə, ən erkən möhürlərdən biri Nyuserredən əvvəl Misiri idarə edən və az tanınan firon Şepseskareyə məxsusdur.
![](/uploads/posts/2022-08/1659757818_5.jpg)
![](/uploads/posts/2022-08/1659757818_4.jpg)
Mənbə: Live Science