Yumurtanın genetik tərkibi ilə oynanılır: - "Ölkəmizdə buna "yaşıl işıq" yandırılıb"

2-12-2022, 17:12           
Yumurtanın genetik tərkibi ilə oynanılır: -
Vətəndaşlar son zamanlar aldıqları toyuq məhsullarından, xüsusilə də yumurtalardan şikayət edirlər. Onlar bildirirlər ki, həm həcmcə, həm də qiymətcə kiçik olan bəyaz yumurtalar qaynadılan zaman qabığından qopmaq bilmir və yumurtanın qabığı ağı ilə birlikdə soyulur. Bununla yanaşı, normal yumurtalardan ölçü baxımından kiçik olan bu məhsulların dadı-tamı da yoxdur. İri kənd yumurtalarının qiymətləri bahalaşdığından, vətəndaşlar belə ucuz və keyfiyyətsiz məhsullara üz tuturlar. Yumurta qida rasionumuzda olduqca dəyərli yer tutan məhsullardan biridir. Onu bu qədər keyfiyyətsizləşdirərək ucuz qiymətə satan istehsalçılar alıcıların sağlamlıqlarından məsuliyyət daşıyırmı? Belə məhsullara rast gəlindiyi zaman alıcılar nə etməlidirlər? Toyuq məhsulları satan firma və şirkətlərdə aidiyyəti qurumlar tərəfindən nizami yoxlamalar aparılırmı? Bu məhsullardan narazı olan alıcılar öz şikayətlərini hara və necə bildirə bilərlər?
TEREF.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Bizimyol.info-ya danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki,quş və digər heyanların yemləndirilməsi üçün tərkibində genetik modifikasiyalar edilmiş komponentlər olan yem məhsullarının ölkəyə gətirilməsinə “yaşıl işıq” yandırılıb:

“İllər boyu yumurtalardan şikayətlər davam edir. Əhali bilməlidir ki, yumurta yumurtalıq dönəmindən yeddi gün sonra “dietik yumurta” adlanır və tərkib baxımından ən dəyərli yumurtadır. Həmin müddətdən sonra məhsul satış şəbəkəsində bir ay da saxlanıla bilər. Ondan sonra məhsul “mətbəx yumurtası” adlandırılır. Demək olar ki, bütün yumurtaların içərisində hava kamerası var. Onu qaynatdıqdan sonra hansında hava kamerası böyükdürsə və yaxud yumurtanın ağı ilə sarısı arasında göy rəngli təbəqə varsa, bu, həmin məhsulun köhnə olduğuna dəlalət edir. Standartlara görə, müəyyən ölçüdən kiçik yumurtaların satışı tövsiyə olunmur. Üstəlik, İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında qanuna görə, istehlakçılar nümayiş etdirilən, yəni reklam üçün qoyulan böyük yumurtaları götürmək hüququna sahibdir. Bəzən satıcılar deyir ki, o yumurtalar satış üçün nəzərdə tutulmayıb, halbuki belə bir şey yoxdur. Əgər hansı istehsalçı və ya satıcı o məhsulları götürməyi qadağan edirsə, bu, istehlakçı hüququnun pozulmasıdır. Yumurta biznesi ilə məşğul olan tərəflər bilməlidirlər ki, yumurtalar Nazirlər Kabinetinin 94 saylı qərarına görə, başqa məhsullar kimi bükülməlidir və etiketi olmalıdır. Çox yaxşı haldır ki, bəzi broyler fabrikləri kənd yumurtası olmasa da, çox gözəl bükülmüş və etiketlənmiş səliqəli yumurtalar istehsal edirlər.

Yeri gəlmişkən, “kənd yumurtası” anlayışı ölkədə çox yayılıb və əhali bilməlidir ki, bu yumurtaların da müsbət və mənfi cəhətləri var. “Kənd toyuqları” adlandırdığımız toyuqlar azad toyuqlardır, hər bir şeylə qidalanırlar, o cümlədən xoşlamadığımız cisimləri də qida kimi istifadə edə bilirlər. Ancaq broyler toyuqlarının yumurtalarında baytarlıq xidmətinin dərman qalıqlarına rast gəlinsə də, ən azından, nəzarət alında olan məhsullardır və nədən, hansı qidalardan formalaşdığı bilinir və təhlükəsizdirlər. Bu il qəbul olunmuş “Qida Təhlükəsizliyi haqqında” qanunda Azad İstehlakçılar Birliyinin istəyinin əksinə olaraq, quş və digər heyanların yemləndirilməsi üçün tərkibində genetik modifikasiyalar edilmiş komponentlər olan yem məhsullarının gətirilməsinə “yaşıl işıq” yandırıldı. Bu, təbii ki, bizim istəmədiyimiz bir haldır. Lakin biz təklif etdik ki, əgər broyler və ya fermer təsərrüfatlarına bu cür yemlər gətirilərsə və heyvanlar bunlarla qidalanarsa, onda həmin heyvan yemlərinin üzərinə “GMO yemlərdən istifadə edilir” etiketi qeyd olunsun. Mən bu məsələni İctimai Şurada qaldırsam da, çox təəssüflər olsun ki, şura üzvlərindən biri qeyd etdi ki, onda həmin malı kim alar? Yəni istehlakçının seçim hüququ var və biz təklif edirik ki, mütləq şəkildə bu məsələ qeydə alınsın. Əgər qida ət və süd, ya da quş məhsuldursa, o zaman həmin məhsulların üzərinə qeyd edilsin ki, bu quşlar və ya heyvanlar Genetik Modifikasiya Olunmuş (GMO) yemlərlə qidalandırılıb. Təəssüf ki, bu, ciddi bir problem olaraq qalır.

Yaxın zamanlarda sosial mediada qeyd olunmuşdu ki, Bakı ətrafındakı fabriklərdən birində istehsal olunan yumurta yaxşı şəkildə etiketlənib, bükülsə də, sındırılan zaman içərisindən laxlanmış yumurta çıxır. Məlum olur ki, yararlılıq müddəti başa çatmadan yumurta artıq xarab olur. Bu da onu göstərir ki, köhnə yumurtanı qablaşdırıblar üzərinə doğru olmayan tarix qeyd ediblər. Təəssüf ki, Qİda Təhlükəsizliyi Agentliyi (AQTA) bu problemləri tam həll edə bilmir. Həmçinin, AQTA-nın dövlət qanunlarına görə yoxlama məhdudiyyətləri də var. Hökumət qidanın yoxlanmasında onun təhlükəsizliyinin və keyfiyyətinin təmin olunmasında yeni qayda-qanunlar tətbiq etməlidir. İndi keyfiyyət məsələsi sadəcə masa üzərində qalıb.

Onu da deyim ki, əgər alıcılar belə məhsullarla rastlaşsalar, AQTA-nın “1100” qaynar xətti ilə əlaqə saxlasınlar, məlumat versinlər”.












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.