Rusiya ilə ABŞ arasında mübadilə - Silah qaçaqçısı ilə basketbolçu necə dəyişdirildi?

12-12-2022, 09:14           
Rusiya ilə ABŞ arasında mübadilə -
Uzun sürən müzakirələr müsbət nəticə verib: rusiyalı silah qaçaqçısı 14 ildən sonra, xanım basketbolçu isə 10 ay sonra vətəninə qayıtdı

Rusiya və ABŞ hakimiyyəti qanunsuz silah alverinə cəhddə və terroru dəstəkləməkdə ittiham olunan ABŞ-da məhkum edilmiş rusiyalı Viktor Butla Rusiyada narkotik qaçaqmalçılığına görə məhkum olunmuş amerikalı basketbolçu Britni Qreyneri dəyişdirib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Nazirlikdən bildirilib ki, mübadilə prosesi dekabrın 8-də Əbu-Dabi hava limanında baş tutub.

Rusiya XİN bəyan edib ki, Moskva uzun müddətdir ki, Butun azad edilməsi üçün ABŞ-la danışıqlar aparırmış. Lakin hər dəfə ABŞ hakimiyyəti rusiyalını mübadilə sxeminə daxil etməkdən qəti şəkildə imtina edib.

“Görülən işlər və davamlı səylər nəticəsində Butla Qreynerin mübadilənin təşkili ilə bağlı Amerika tərəfi ilə razılaşmaq mümkün oldu”, - XİN açıqlayıb.

ABŞ-ın CNN telekanalı ABŞ Prezidenti Co Baydenin keçən həftə mübadiləyə icazə verdiyini iddia edib. Telekanalın mənbələrinə görə, Amerika lideri mübadilə prosedurunda şəxsən iştirak edib və danışıqlar aparan komanda ilə müntəzəm görüşlər keçirib.

Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin Rusiya bölməsinin vitse-prezidenti İvan Melnikov bildirib ki, mübadilə prosedurundan əvvəl həm V.But, həm də B.Qrayner əfv edilib. Ona görə də onlar vətənlərinə qayıtdıqdan sonra qalan cəzanı çəkməməlidirlər. Melnikov bildirib ki, Viktor But artıq Rusiyadadır. Onun təyyarəsi Vnukovo hava limanına enib və rusiyalı ailəsi ilə qovuşub.

Co Bayden də öz növbəsində bildirib ki, Qrayner BƏƏ-dən ABŞ-a uçub. Amerika lideri basketbolçu ilə telefonla danışdığını da söyləyib: “Son bir neçə ay Britni üçün cəhənnəmə çevrildi. Britninin yaxşı əhval-ruhiyyədə olduğunu sizə bildirməkdən məmnunam. O, nəhayət vətənə qayıtmaqdan məmnundur. Lakin fakt budur ki, o, həyatının aylarını itirib və lazımsız psixoloji zədə alıb”.

Rusiyada İnsan Hüquqları üzrə Müvəkkil Tatyana Moskalkovanın sözlərinə görə, danışıqlar prosesinin uğurlu olması əsasən Rusiya xüsusi xidmət orqanlarına məxsusdur. O, həmçinin Rusiya Prezidenti Vladimir Putinə, Rusiya XİN və şəxsən nazir Sergey Lavrova təşəkkür edib. Moskalkova əlavə edib ki, qayıtdıqdan dərhal sonra Butun yaxşı tibbi müayinədən keçməsi və 13 il həbsxana həyatından sonra nəfəsini dərməsi lazımdır.

Rusiyada casusluqda mühakimə olunan və mübadilə ilə bağlı müzakirələrdə yer alan digər ABŞ vətəndaşı Pol Uilan Mordoviya həbsxanasında qalıb. Uilanın qardaşı deyib ki, ABŞ hökumət rəsmiləri bir gün əvvəl ailəsinə məhkum amerikalının mübadilə sxeminə daxil edilmədiyi barədə məlumat veriblər. Onun sözlərinə görə, bu qərar ailəsi üçün çox məyusedici, Pol Uilanın özü üçün isə fəlakət olub.

Co Bayden isə deyib ki, onlar Rusiyada haqsız yerə həbsdə qalan Pol Uilanı unutmayıblar. ABŞ lideri Rusiya hakimiyyətini amerikalının sağlamlığının qayğısına qalmağa çağırıb və onun azad edilməsi üçün Moskva ilə danışıqları davam etdirəcəyinə söz verib. CNN-in məlumatına görə, Rusiya tərəfi Uilanı dəyişməkdən qəti şəkildə imtina edib.

Qeyd edək ki, V.But 2008-ci ildə ABŞ hakimiyyətinin tələbi ilə Taylandda həbs edilib. 2012-ci ildə ABŞ məhkəməsi onu ABŞ-ın terror təşkilatı hesab etdiyi Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinə (FARC) silah satmaqda ittiham edərək 25 il müddətinə azadlıqdan məhrum edib.

ABŞ kəşfiyyat agentlikləri Butu dünyanın ən böyük qanunsuz silah alverçilərindən biri adlandırıb. Lakin rus ittihamlardan imtina edib. But 14 il həbsxanada yatıb və dəfələrlə Amerika həbsxanasındakı pis şəraitdən və tibbi xidmətin olmamasından şikayətlənib. Pandemiya zamanı But koronavirusa yoluxub. Xəstəlik ağır formada davam etsə də, ona qızdırmasalıcı dərmanlar belə verilməyib. Bunlar Butun ittihamlarıdır.

Amerikalı basketbolçu B.Qreyner Amerika milli komandası ilə yanaşı, UMMC Yekaterinburqda oynayıb. 2022-ci ilin fevralında o, yenidən Rusiya klubunda oynamaq üçün Moskvaya uçub, Şeremetyevo hava limanında saxlanılıb. Onun şəxsi əşyaları içərisindən yağlı elektron siqaretlər aşkar edilib. Patronların içərisində yalnız 0,702 qram narkotik maddə olub ki, iddiaya görə, bu, onun ABŞ-da ağrısını müalicə etmək üçün təyin edilib. Basketbolçu iddia edib ki, Rusiya qanunlarını pozmaq niyyətində deyil və narkotiklər onun baqajına təsadüfən daxil olub. Bununla belə, avqust ayında Ximki məhkəməsi Qreyneri satmaq məqsədi olmadan narkotik qaçaqmalçılığında təqsirli bilib və onu 9 il müddətinə həbslə cəzalandırıb. Məhkəmə cəzanı yüngülləşdirən hal kimi basketbolçunun günahını etiraf etməsini və onun idman uğurlarını nəzərə alıb. Noyabrın 4-də Qreyner cəzasını çəkmək üçün istintaq təcridxanasından koloniyaya köçürülüb.
ayna.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.