Jurnalistlərin suallarına xoşagəlməz cavablar verən MƏMURLAR - ARAŞDIRMA

13-12-2022, 12:06           
 Jurnalistlərin suallarına xoşagəlməz cavablar verən MƏMURLAR - ARAŞDIRMA
Jurnalistlərin müsahiblərinə ünvanladığı suallar heç də həmişə normal qarşılanmır. Bəzən suallar cavabsız qalır, bəzənsə müsahibi özündən çıxarır. Belə hallarda jurnalistin tənqid və ya təhqir edildiyi, hətta hücuma məruz qaldığı belə olur.

Ölkəmizdə də bir sıra məmurların jurnalistlərin sualları qarşısında verdiyi cavablar bu gün də xoşagəlməz hal kimi xatırlanır.

DİA.AZ bildirir ki, Bizim.Media jurnalistlərə verdiyi sərt cavablarla xatırlanan məmurları araşdırıb.

Abid Şərifov

Baş nazirin sabiq müavini Abid Şərifov 7 il öncə, 2015-ci ildə yanan binanın gələcək taleyi ilə bağlı sualları cavablandırarkən maraqlı dialoq yaşanıb. Binada təmir işlərinin 5 aya tam başa çatacağını bildirən baş nazirin müavini üzlüklərin hansı materialdan olması haqda hələ ki, qərar verilmədiyini açıqlayıb.

Sonda jurnalistin “Tikinti işlərinə hansı şirkət daxil olacaq?” sualına Abid Şərifov belə cavab verib:

“Nə dəxli var sənə?! Nə üçün bilməlisən kimdi?! Alabala… Sonra?! Müəyyən olunur ki, finalkəsdi, filankəsdi də. Bunu biz müəyyən edirik, bunun “pressa”ya dəxli var, ay oğul? Sonra sualınız var?!”

Əli İnsanov

Haqq-Ədalət Partiyasının sədri Əli İnsanovla Səhiyyə naziri işlədiyi vaxtlarda “ANS” telekanalının jurnalisti Afət Fərmanqızı arasında xoşagəlməz hal yaşanıb. Jurnalistin sualına “Rədd olun burdan, çəkil o tərəfə. Nə lazımdırsa, hamısını demisiniz” cavabını verən Ə. İnsanov binadan uzaqlaşıb.

Tağı Əhmədov

Tağı Əhmədov “Bakı Metropoliteni” QSC-yə rəhbərlik etdiyi zaman baş verən nasazlıq səbəbindən qatarların hərəkəti dayanıb. Hadisə yerinə gələn jurnalistlərin sualları qarşısında isə Tağı Əhmədov kobud cavablar verib. Belə ki, əhatəsində olan T.Əhmədov onların üstünə qışqırıb "ə bir-bir, borcum yoxdu sənə, sən burdan tısıldayırsan, bu burdan” deməklə KİV əməkdaşlarını təhqir edib.

Bundan əlavə, 2013-cü ildə Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Yeni Azərbaycan Partiyasının “Gülüstan” sarayında təşkil etdiyi tədbirdə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov media nümayəndələrini növbəti dəfə təhqir edib. Belə ki, bir qrup jurnalist Tağı Əhmədova yaxınlaşaraq, yeni metro xətlərinin çəkilib-çəkilməməsi barədə ona sual ünvanlayıb. Bu sual isə Metropoliten rəisini özündən çıxarıb. Səsinin tonunu artıran Tağı Əhmədov “nədir, “popuqay”sız, hər məni görəndə bu sualı verirsiniz. İşiniz, gücünüz, yoxdur? Səviyyənizi, yerinizi bilin” deyə jurnalistlərə sərt formada narazılığını bildirib.

Sahib Ələkbərov

“MTN işi”ndə təqsirləndirilən polkovniklərdən biri, Sahib Ələkbərov bu ilin iyununda məhkəmə qarşısında jurnalistin ona sual ünvanlamasına mane olub. Daha sonra isə, jurnalistə “tərbiyəsiz, ağzına gələni yazırsan” sözlərini deyərək, məhkəmə binasına daxil olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.