Dünya birliyi partlayan minaların “səsini eşitmir”- karlıq, yoxsa korluq...

16-12-2022, 09:35           
Dünya birliyi partlayan minaların “səsini eşitmir”-
Ermənistan mina terroruna görə gec-tez cavab verməli olacaq
İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, hərbi qarşıdurmanın əsas elementlərindən biri olan minalanmış sahələr problemi aradan qaldırılmayıb, azad olunmuş torpaqlarda ölən və yaralananların statistikası artmaqda davam edir. Həmin ərazilərin minalardan tam təmizlənməsinin müddəti ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Ekspertlər həmçinin vurğulayırlar ki, işğaldan azad olunmuş ərazi böyükdür və çirklənmə səviyyəsi həddindən artıq yüksəkdir. Bu baxımdan, dəqiq müddət bildirmək mümkün deyil. Dekabrın 14-də Kəlbəcərdə səkkiz nəfər minaya düşüb. Bu barədə Baş Prokurorluq, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində səkkiz nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin dörd nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Həmçinin müəyyən olunub ki, təxliyyə ilə bağlı hadisə yerinə yollanan dörd nəfər hərbçi də minaya düşüb, onlardan üçü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, biri isə ölüb. Minaya düşərək şəhadətə ucalan hərbçimiz baş gizir Hümbətov Zöhrab Məmməd oğludur.

AzTV-nin əməkdaşları Kəlbəcərdə baş vermiş mina partlayışı nəticəsində yaralanan şəxslərin müalicə aldığı xəstəxanada olublar. Ermənistanın mina terroru nəticəsində xəsarət alanların kimliyi və onların vəziyyəti barədə məlumat verilib.

Xəsarət alan mülki şəxslərdən 3-ü - Pənahov Radik, Allahverdiyev Siyasət və Əliyarov Sadirin müalicəsi hazırda Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanada davam etdirilir. Həkim Ruhin Abuzərli məlumat verib ki, onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya qəbul edilib, hazırda vəziyyətləri orta-ağır qiymətləndirilir.

Ötən dövrdə Prezident İlham Əliyev ən müxtəlif səviyyələrdə keçirdiyi görüşlərdə işğalda azad edilmiş bölgələrdə yaratdığı mina problemi ilə əlaqədar Ermənistana təzyiqlərin göstərilməsi üçün dəfələrlə müraciət edib. Bunun nəticəsində Azərbaycan ərazilərinin minalanması problemi beynəlxalq miqyasda diqqət çəkib. Ermənistan bəzi xəritələri versə də, mina təmizləyənlərin işinə yaramır, çünki onlar həqiqəti əks etdirmir. Təəssüf ki, beynəlxalq təşkilatlar və özünü haqq carçısı kimi göstərən, erməninin barmağına tikan batanda hay-haray salanlar Azərbaycanın azad olunmuş ərazilərindəki mina problemi ilə bağlı əməli addım atmır, reaksiya bildirmir. Vətən müharibəsindən sonra ümumilikdə 276 nəfər minaya düşüb. Onlardan 123 nəfəri mülki şəxs, 153 nəfər isə hərbi qulluqçudur.

Mina partlaması nəticəsində 45 nəfər həlak olub (35 nəfər mülki şəxs, 10-u hərbi qulluqçu), 231 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb (88 nəfər mülki şəxs, 143 nəfər hərbi qulluqçu).

“İkinci Qarabağ müharibəsinin iki ildir başa çatmasına baxmayaraq, ermənilərin Azərbaycana qarşı hərbi cinayətləri hələ də davam edir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O bildirib ki, mina terrorunun bütün məsuliyyəti rəsmi İrəvanın üzərinə düşür və onlar Azərbaycan qanunları qarşısında cavab verməli olacaqlar: “Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzaladı. Ermənilər Kəlbəcəri boşaldan zaman humanitar səbəblərdən onlara 10 gün əlavə vaxt verildi. Ermənilər həmin vaxtı torpaqlarımızda mina basdırmağa sərf etdilər. Bu, Azərbaycanın humanizminə qarşı ermənilərin nümayiş etdirdiyi cinayətkarlıq, nankorluq idi. Ermənistanın bu günə qədər mina xəritələrini Azərbaycana verməməsi yenə də dinc əhalimizə və hərbçilərimizə qarşı mina terrorunun davam etməsinə gətirib çıxarır”.

Deputat Qərb dövlətlərini Azərbaycanın üzləşdiyi mina probleminə ikili standartlarla yanaşmaqda ittiham edib. “Məsələ ondadır ki, elə bugünlərdə ermənilərin ekoloji terrorunu dayandırmaq üçün ictimai fəallarımızın aksiyasında humanitar tələblərin pozulduğunu iddia edən Qərb dövlətləri bu vaxta qədər Ermənistanın mina terroruna bir dəfə də olsun münasibət bildirməyiblər, mina xəritələrinin Azərbaycana verilməsi ilə bağlı Ermənistana çağırış etməyiblər. Sonuncu mina partlaması zamanı 4 mülki şəxsimiz, 3 əsgərimiz yaralandı və 1 gizirimiz şəhid oldu. Həmin minaları basdıran cinayətkarlar gec-tez cəzalarını alacaqlar”, - H.Babaoğlu vurğulayıb.
AMİP liderinin köməkçisi, siyasi ekspert Əli Orucov bildirdi ki, doğrudur, 44 günlük müharibədə rəşadətli silahlı qüvvələrimiz torpaqlarımızı erməni işğalından azad etsə də, ən böyük və çətin problem olan ərazilərimizin minalardan, təhlükəli partlayıcı maddələrdən təmizlənməsinə uzun illər vaxt lazım olacaq: “Təəssüflər olsun ki, erməni işğalından təmizlənən torpaqlarımızda 30 il ərzində basdırılan 100 minlərlə mina hələ də soydaşlarımızın, mülki şəxslərin həyatlarını riskə qoyur, ölümlərə səbəb olur. Erməni tərəfi Azərbaycanın təkidli tələblərinə və humanistliyinə məhəl qoymadan minalanmış ərazilərin dəqiq xəritəsini verməkdən imtina edir.

Üstəlik də fürsət düşdükcə yenidən minalama prosesini həyata keçirir. Dünya birliyinin də buna göz yumması təəccüb doğurur və qəbuledilməzdir. Çünki söhbət insan həyatından, ekoloji terrordan gedir. Halbuki prezidentlərin son Soçi görüşündə humanitar məsələlərin qısa müddətdə həllini tərəflər, o cümlədən də baş nazir Paşinyan öhdəlik olaraq öz üzərinə götürüb. Humanitar məsələlərə minaların xəritələrinin verilməsi, Birinci Qarabağ savaşı zamanı itkin düşən soydaşlarımızın taleyi barədə məlumatların verilməsi də daxildir. Göründüyü kimi, 2020-ci ilin 10 noyabr bəyanatından tutmuş imzalanan bütün sənədlərin heç birinə Ermənistan tərəfi əməl etməyib. Və bu barədə rəsmi İrəvana bir kəlmə söz deyən də yoxdur. Ermənistan özünü Qoçu Əsgərin keçisi kimi aparır. Haqlı cavabı veriləndə səsi-küyü dünyanı götürür. Təbii ki, belə yanaşmalar dünyanın ədalət sisteminin aşınmasının təzahürüdür. Çünki işğalçı və təcavüzkar tərəf himayə olunur, onun yalanları və iftiraları doğru kimi qəbul olunmağa çalışılır. Nəticədə dünyanın hüquq sisteminə, haqq ədalətinə və obyektivliyinə inam itir.

Mən deməzdim ki, Azərbaycan minalarla bağlı məsələ qaldırmır, sadəcə, bu qaldırılan səsi eşidəcək qulaqlar yoxdur. Yeri gəlmişkən, ermənilərin Azərbaycana qarşı törətdiyi ekoloji terrora və buna azərbaycanlı aktivistlərin etirazına məhəl qoyulmur, lakin 2 gün Laçın-Gorus yolunun bağlanmasına qarşı bəzi Qərb dairələri narahatlığını bildirir. Bu həm də ondan qaynaqlanır ki, Azərbaycan indiyədək çox güzəştlərə gedib, həddindən artıq humanistlik sərgiləyib. İnsanlığa düşmən olan erməni kimi məkrli düşmənə həddindən artıq humanistlik göstərməyi şəxsən anlamaqda çətinlik çəkirəm. Məncə, heç olmasa bundan sonra Azərbaycan istər ermənilərə, istərsə də onun dəstəkçilərinə sərt üzünü göstərməli, qətiyyətli mövqeyini ortaya qoymalıdır. Necə ki, Prezident İlham Əliyev Fransanın tutduğu birtərəfli ermənipərəst mövqeyinə demarş olaraq dekabrın 7-də Brüsseldə planlaşdırılan 4 tərəfli görüşdən imtinası kimi addımların davamını gözləyirik. Belə olan halda ermənilərə də yerini daha yaxşı göstərə bilərik, onun dəstəkçilərini də Azərbaycana hörmət etməyə və bizimlə hesablaşmağa məcbur edə bilərik".
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov mina probleminin daim gündəmə gətirilməsini vacib sayır: “Ermənistanın torpaqlarımızda törətdiyi mina terroru davam edir. Vətən müharibəsindən bəri müxtəlif çağırışlara, cəhdlərə baxmayaraq minalı ərazilərin səhih xəritəsi hələ də bizə verilməyib. Təqdim edilən xəritələrin dəqiqliyi təxminən 25 faizdir. Bu isə mina terrorunun davam etməsinə şərait yaradır. Düşünürəm ki, minalı ərazilərin xəritəsi Rusiyada da var. Amma bu dövlət də onları bizə vermir. Çünki mina məsələsi gərginliyin həll olunmasına mane olur. Bu isə rəsmi Moskvanın maraqlarına cavab verir. Təəssüf ki, dediyiniz kimi, beynəlxalq təşkilat da "üç meymun" oynayırlar. Bu, bizim üçün təəccüblü olmamalıdır. Beynəlxalq qurumların, o cümlədən BMT-nin, UNESKO-nun ikili standartları artıq kimsəyə sirr deyil. Biz otuz illik işğal dövründə həmin institutlatın “dişsizliyini” gördük. Nəzərə almaq lazımdır ki, Ermənistan müharibə cinayətləri törədir. Hətta beynəlxalq qurumların səssizliyinə, səriştəsizliyinə rəğmən, biz bu məsələdən təsir vasitəsi kimi istifadə etməliyik. Ermənistanın sıxışdırılması üçün ən yaxşı “rıçak”lardan biri də elə budur. Xarici jurnalistlər, diplomatlar mina partlamış ərazilərə dəvət edilməli, erməni terroruna öz gözləri ilə şahidlik etməlidirlər. Bəlkə utanarlar. Mina terroru daha çox qabardılmalıdır. Beynəlxalq ictimaiyyət otuz il işğala susdu, amma Vətən müharibəsindəki qələbədən sonra zəfərimizi təqdir etdi. Biz yenə də beynəlxalq qurumları utandırmalıyıq. Bunun ən yaxşı yolu hər fürsətdə həqiqətləri ictimailəşdirməkdir".

Böyük Britaniyanın ölkəmizdəki səfiri Ferqus Old tviterdə Kəlbəcərdə 8 nəfərin minaya düşməsi ilə bağlı paylaşım edib: “Həyatını itirmiş şəxsin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananlara tezliklə şəfa diləyirəm”, - o bildirib.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.