"Elbrus Orucov məhkəmədə hakimə arın-arxayın dedi ki, bacarırsızsa, məni tutun...” - İTTİHAM VAR! "Elbrus Orucov məhkəmədə hakimə arın-arxayın dedi ki, bacarırsızsa, məni tutun...” - İTTİHAM VAR!

16-12-2022, 16:32           
"Elbrus Orucov məhkəmədə hakimə arın-arxayın dedi ki, bacarırsızsa, məni tutun...” - İTTİHAM VAR!
“Elbrus Orucovun son müsahibəsinə əsəblərimi cilovlayıb qulaq asa bilmədim. Ancaq bilirəm ki, o, həmişəki kimi yalanlar uydurur. Həmin müsahibə barədə sosial şəbəkə və mediada yazılanlardan bəlli olur ki, E.Orucov Şuşada guya müxtəlif postlarda özünün şəxsən müdafiə döyüşlərində iştirak etdiyini bildirir. Amma bunların hamısı uydurmadır. Bütün bunların yalan olması Şuşa və Laçının işğalıyla bağlı keçirilmiş silsilə məhkəmələrdə E.Orucovun özünün verdiyi və onunla bağlı verilmiş ifadələrdə də öz təsdiqini tapıb”.

TEREF.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında 811 saylı keçmiş Laçın alayının qərargah rəisi olmuş mayor Rafiq Nağıyev 1992-ci ilin aprel-mayında Şuşa-Laçın-Qubadlı-Zəngilan ərazilərində briqada komandiri və hərbi komendant olmuş, Müdafiə Nazirliyi Əməliyyat Baş İdarəsinin sabiq rəisi, hazırda ehtiyatda olan general-mayor Elbrus Orucovun jurnalist Eynulla Fətullayevə müsahibəsində səsləndirdiyi bəzi məqamlara münasibət bildirərkən söyləyib.

“Elbrus Orucov məlum müsahibəsində deyir ki, guya keçmiş Baş Qərargah rəisi Şahin Musayevi birinci və sonuncu dəfə 1992-ci il aprelin 30-da Bakıda- Müdafiə Nazirliyində görüb. Elə həmin gün də Ş.Musayev vəzifəsindən azad olunub. Amma siz hələ bir neçə il öncə saytımıza verdiyiniz müsahibədə Laçının işğalından sonra – 1992-ci il mayın 18-də rayonun Güləbird kəndi yaxınlığında E.Orucov Bakıdan gəlmiş Şahin Musayevlə görüşüb, hətta “yorulduğuna görə” ondan məzuniyyət də istəyib. Bu dediklərinizi bir daha təsdiqləyirsinizmi?” sualını isə həmsöhbətimiz belə cavablandırıb:

“Əvvəla, onu deyim ki, Şahin Musayevin işdən guya aprelin 30-da çıxarılması haqda E.Orucovun dediyi ağ yalandır. Çünki Şuşanın da, Laçının da işğalı dövründə Azərbaycan ordusunun Baş Qərargah rəisi Şahin Musayev olub. Bunu məhkəmə sənədləri də təsdiqləyir. Bildiyimə görə, o, hətta 1992-ci il mayın 11-də Azərbaycan parlamentində çıxış da edib. Və Laçının işğalından sonra da hələ bir neçə gün Şahin Musayev Baş Qərargah rəisi olub. İkincisi, E.Orucov Ş.Musayevlə sonuncu dəfə aprelin 30-da görüşməsini də yalan deyir. Çünki qeyd etdiyiniz kimi, Laçının işğalının ertəsi gün, yəni 1992-ci il mayın 18-də Güləbird kəndi yaxınlığında E.Orucov mənim və Laçın alayından olan, eləcə də Müdafiə Nazirliyindən gəlmiş digər zabitlərin gözü qarşısında Bakı istiqamətindən gələn Şahin Musayevə Şuşa və Laçının necə işğal olunması haqda raport verib və üstəlik, “yorulduğuna görə” məzuniyyətə göndərilməsini xahiş edib. Bu haqda mən Laçının işğalından az sonra –hələ 1992-ci il mayın sonunda Müdafiə Nazirliyinin “Azərbaycan ordusu” qəzetinə verdiyim müsahibədə də danışmışam... Məhz bu iki ağ yalan sübut edir ki, E.Orucovun danışdıqlarının çoxu yalandır”.

“Yadımdadır ki, məhkəmədə hakim Ənvər Seyidov ona dedi ki, anamın goru haqqı, sənin həbs olunmağına nail olacam. E.Orucov isə özünə arxayın şəkildə zaldan çıxa-çıxa dedi ki, bacarırsınızsa, tutun. Ondan soruşan yoxdur ki, niyə indi -30 ildən çox vaxt keçəndən sonra danışdıqlarını o zaman məhkəməyə danışmırdı, niyə indiki kimi jurnalistlərə geniş müsahibə vermirdi. Ona görə ki, danışmağa üzü yox idi...” -deyə keçmiş alay qərargah rəisi bildirib.

“Yeri gəlmişkən, E.Orucovun bəhs etdiyimiz son müsahibəsindən sonra onun barəsində “Facebook”da qısa şəkildə paylaşdığım postda sadaladığım məqamları bir daha saytınız üçün də təkrar etməyi lazım bilirəm:

1992- ci ildə Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilməsinə bilavasitə ŞƏRAİT yaradanlardan biri də Elbrus Orucovdur.

1. Hələ 1992- ci ilin aprelində Baş Qərargah rəisi Şahin Musayevin kabinetində polkovnik Zadir Rzayev və E. Orucov olarkən Musayev Orucova Şuşaya getməyi, Rzayevə isə Kəlbəcərə getməyi əmr edir. Rzayev Musayevə deyir ki, mən Şuşanı tanıyıram, Orucov isə heç birini... Amma Şahin Musayev dirənir ki, yox, Orucov məhz Şuşaya getməlidir...

2. 1992-ci il aprelin 22- də E.Orucov Laçın alayına gəlir və rəhbərliyə birinci sualı bu olur: "Siz mənə tabe olursunuz?” Cavab “bəli” olur...

3. 1 may 1992-ci il saat 01:15-də əlində MN tərəfindən Laçın alayının, Şuşa, Qubadlı, Zəngilan batalyonlarının ləğv olunması barədə əmrlə gəlir.

4. 1 may 1992-ci il tarixindən başlayaraq Şuşadakı döyüşçülərdən 200-ə yaxını Orucovun göstərişi ilə məzuniyyətə buraxılır...

5. 7 may 1992-ci ildə gecə saat 23:00- da Şuşadakı rabitəçi Zülfüqarın ermənilərin şəhərə hücum edəcəkləri barədə radio-danışıq məlumatını alan E. Orucov rabitəçiyə bunu heç kimə deməməsini əmr edir..

6. 1992-ci il mayın 8-i gecə saat 04:15- də ermənilər Şuşa şəhərinə artilleriya zərbələri endirərkən E.Orucov şəhərin müdafiəsini təşkil etmək əvəzinə “UAZ” maşına minib 25 km uzaqda yerləşən Kosalar kəndinə gedir...

7. Nizamnaməyə əsasən komandirin döyüşdə əsas vəzifəsi döyüşü təşkil edib idarə etməkdir. Elbrus Orucov isə bunların heç birini etmir...

8. E. Orucov 1992-ci il mayın 8-i saat 10:50- də Şuşaya qayıdıb daldanacaqda gizlənir...

9. 12 may 1992-ci ildə Şuşanın Turşsu qəsəbəsində telejurnalist Tahir Qarayevə verdiyi müsahibədə E.Orucov deyir: "Mayın 8-i saat 17-də əmr verdim ki, bütün texnikalar Şuşadan Laçın istiqamətinə çıxarılsın. Saat 19-da əmr verdim ki, bütün canlı qüvvələr Şuşanı tərk etsin... Ermənilər şəhərə girdikdən sonra bizim təyyarələr Şuşanı bombaladı ki, ermənilər qırılsın..." Onun bu dediklərini təsdiqləyən video-görüntülər 06 mart 1995-ci ildə məhkəmə baxışında nümayiş olunub...

10. 15 may 1992-ci ildə Turşsu qəsəbəsində olarkən “KŞM”-ə - komanda qərargah maşınına girib Şahin Musayevə məruzə edir və çıxıb orda olan bütün qüvvələrə: “Yest prikaz otstupat”- “Geri çəkilmək barədə əmr var” -deyə bildirir. Və 15- i gecə ikən Laçından keçərək Qubadlı istiqamətinə hərəkət edir...

11. 18 may 1992-ci ildə Elbrus Orucov Laçının Güləbird kəndində Baş Qərargah rəisi Şahin Musayevlə rastlaşır və ona deyir ki, "Şahin Xeyrəddinoviç, yorulmuşam mənə istirahət verin...”
Baş Qərargah rəisi də öz növbəsində E.Orucova 15 günlük məzuniyyət verir və əlavə edir ki, məzuniyyətdən döndükdə yanıma gəl...”.
12. Təxminən 11 İyun 1992- ci ildə Şuşa və Laçını erməniyə verdiyinə görə Elbrus Orucova polkovnik rütbəsi verilir...

Bunlar Elbrus Orucovun Şuşa və Laçının işğalındakı xəyanətlərinin yalnız yüzdə biridir və dediklərim Şuşa-Laçın məhkəməsində də öz təsdiqini tapmışdır”- deyə mayor R.Nağıyev vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.