Hamilə qadınların həddindən artıq isti havada işləməsi "dölə mənfi təsir edir"

19-12-2022, 09:34           
Hamilə qadınların həddindən artıq isti havada işləməsi "dölə mənfi təsir edir"
Yeni bir araşdırmanın nəticələrinə görə, hamilə qadınların həddindən artıq isti havada işləməsi dölə mənfi təsir göstərir - ürək döyüntüsünü artırır, göbək bağından gələn qanın sürətini yavaşladır.

Araşdırmaçılar iqlim dəyişikliyinə görə temperaturun yüksəlməsi fonunda hamilə qadınları qorumaq üçün daha təsirli müdaxilələrə əl atmağa çağırırlar.

London Gigiyena və Tropik Tibb Məktəbinin (LSHTM) həyata keçirdiyi araşdırmaya Qərbi Afrika ölkəsi Qambiyada yaşayan 92 qadın cəlb edilib.

Araşdırmanın Lancet tibb jurnalında dərc edilmiş nəticələrində bildirilir ki, çox isti günlərdə temperaturun 1 dərəcə artması dölün təzyiqini 17% artırır.
İnkişaf etmiş ölkələrdə istiliyin hamilə qadınlara təsiri əvvəllər laboratoriya şəraitində öyrənilib. Yeni tədqiqatsa inkişaf etməkdə olan bir ölkədə real şəraitdə həyata keçirilmiş ilk araşdırma hesab olunur.
Ekspertlər Qambiyanın Qərbi Kianq bölgəsindəki düyü tarlalarında açıq havada gündə 2-8 saat çalışan qadınların səhhətini müşahidə ediblər.

Tədqiqat zamanı qeydə alınan ən yüksək temperatur 45°C olub, yağışlı mövsümdəki yüksək rütubətsə hiss olunan temperatur dərəcəsini daha da artırıb.

Dölün ürək döyüntüləri portativ ultrasəs cihazlarıyla iş gününün əvvəlində, ortasında və sonunda, hamilə qadınlar işləyərkən ölçülüb.

Bundan başqa, həmin qadınlarda istinin təsirindən yarana bilən baş ağrısı, halsızlıq və ürəkbulanma halları da müşahidə edilib.

Araşdırma qrupunun rəhbəri Ana Bonell bildirib ki, tədqiqat zamanı döldə təzyiqin 33% artması faktı təsbit edilib:

"Döllərin yüksək temperatur stresindən təsirləndiyini görəndə təəccübləndik. Biz hələ doğulmamış uşaqlarda ürək döyüntüsünün narahatlıq doğuracaq səviyyədə artdığını aşkar etdik. Eyni zamanda, plasentanın istidən təsirlənməsi nəticəsində dölə qan axışının dəyişdiyini də müşahidə erdik".
Ana Bonell vurğulayıb ki, bu təsbitlər qlobal istiləşmə fonunda dünya miqyasında təsirlərə səbəb ola bilər:

"Araşdırmanın nəticələri qadınların dünya miqyasında təhlükəsiz hamiləlik keçirmələri üçün vacibdir. Temperatur getdikcə daha da yüksələcək, bunun hədsiz istiyə məruz qalan hamilə qadınlara vaxtından əvvəl doğuş və ya dölün ana bətnində ölməsi kimi çox ciddi təsirləri olacaq.

Ümid edirik ki, bu araşdırma təsbitlərimizin arxasındakı mexanizmi daha yaxşı başa düşməmizlə nəticələnər və hədsiz istinin təsirlərini azaltmaq üçün lazımi müdaxilə üsulları hazırlamağımıza kömək edər".

Bonell həmçinin qeyd edib ki, çox isti havada anadakı iltihab əlamətlərinin dölün inkişafına və döldən qan axışına necə təsir edə biləcəyini öyrənmək üçün əlavə araşdırmalara ehtiyac var.
bbc












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.