Vətəndaşın kartından 1900 manat pul çəkilib: Belə cinayətlər niyə artıb?

20-12-2022, 13:25           
Vətəndaşın kartından 1900 manat pul çəkilib: Belə cinayətlər niyə artıb?
Saxta lotereya və proqramlar vasitəsilə vətəndaşların bank kartlarından külli miqdarda vəsaitin dələduzluq yolu ilə mənimsənilməsi barədə redaksiyamıza məlumat daxil olub.
Məlumatda bildirilir ki, ötən ay Ə. A. Y. qızı adlı şəxsin "Unibank" kartından 1900 manat pul çəkilib. Zərərçəkənin verdiyi məlumata görə, “instagram” sosial şəbəkəsində lotereya oyunu kimi fəaliyyət göstərən səhifələrdən biri vətəndaşın etibarından sui-istifadə edərək bank kartındakı vəsaiti mənimsəyib: "“İnstaqram”da lotereya oyunu qarşımıza çıxdı, bizdən nömrə qeyd etməyimiz istənildi. Nömrəni qeyd etdik, ardınca bizə şifrə gəldi və şifrəni də həmin yerə yazdıq. Həmin gün heç nə olmadı, ancaq sabah oyanıb gördük ki, kartdan 1900 manat pul iki dəfəyə çəkilib. Biz ora kart nömrəsi daxil etməmişdik, ancaq telefon nömrəsi qeyd etmişdik”.

Zərərçəkən banka müraciət edib və hesab hərəkətləri barədə çıxarış alıb. Amma ödənişlərlə bağlı daha ətraflı detalları əldə edə bilməyiblər, çünki bank daha çox məlumat verməkdən imtina edib. Bankdan bildirilib ki, əlavə məlumatların verilməsi üçün polis orqanından sorğu daxil olmalıdır və məlumatlar da bu quruma təqdim edilə bilər. Məsələ ilə əlaqədar vətəndaş Qaradağ rayonu 10-cu polis bölməsinə müraciət edib. Ancaq problem hələ də öz həllini tapmadığı üçün zərərçəkən redaksiyamıza müraciət edib. Zərərçəkən bildirir ki, xeyli müddət keçməsinə baxmayaraq, banka hələ də polis tərəfindən sorğu göndərilməyib.

TEREF.AZ yazır ki, müraciətlə əlaqədar Bizimyol.info-nun DİN-nin Mətbuat Xidmətinə göndərdiyi sorğuya cavab olaraq hadisənin araşdırıldığı qeyd edilib: “Daxil olmuş məlumat üzrə araşdırma aparılır, bütün zəruri tədbirlərin görülməsi təmin olunacaq”.

Qeyd edək ki, son zamanlar saxta lotereya oyunu səhifələri, proqramlar və “fake” hesablar vasitəsilə vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən cinayətkar şəxslərin sayı artıb. Vətəndaşlarımızı sosial şəbəkələrdə dələduzluqla məşğul olan şəxslərə qarşı ayıq-sayıq olmağa, şəxsi məlumatlarını, eyni zamanda bank hesabı şifrələrini və mobil nömrələrini tanımadıqları şəxs, səhifə və saxta proqram təminatlarında bölüşməməyə çağırırıq. Bu cür məlumatları sizdən hətta bankın özü də tələb edə bilməz.

Təbii ki, belə cinayətlərin artmasının başlıca səbəbi vətəndaşların savadsızlığı və məsuliyyətsizliyidir. Digər səbəb isə adətən, belə dələduzların cəzasız qalmasıdır. Çünki onlar əsasən xarici ölkə ərazilərindən fəaliyyət göstərirlər ki, bu da onların məsuliyyətə cəlb olunmasını mürəkkəbləşdirir. Bununla belə, müvafiq ölkələrin hüquq mühafizə orqanları ilə əməkdaşlıq şəraitində belə dələduzların bir qrupu cəzasını alarsa, o zaman belə cinayətlərin sayında əhəmiyyətli azalma müşahidə edə bilərik.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.