TALIBOV ALİ MƏCLİSİ ARXA QAPIDAN TƏRK EDİB - Kabinetindən nə vaxt çıxdığı məlum oldu

23-12-2022, 07:55           
TALIBOV ALİ MƏCLİSİ ARXA QAPIDAN TƏRK EDİB -
Məlum olduğu kimi, bir çox xəbər portalları Vasif Talıbovun Naxçıvanda olmasına baxmayaraq, Ali Məclisin son iclasına qatılmadığını, səsvermə zamanı orada olmadığını, hətta səhhətinin pisləşdiyini yazıb.

“AzPolitika.info” isə özünün Naxçıvandakı mənbələrinə istinadla xəbər verir ki, ötən gün vəzifəsindən “səhhətinə görə” istefa verən Vasif Talıbov, ərizəsi səsverməyə çıxarılan zaman Naxçıvan Ali Məclisinin binasında olub.

Qeyd olunur ki, Talıbov həmin gün səhər saatlarından Ali Məclis binasındakı iş kabinetində oturub. Özü səsvermədə iştirak etməyən sabiq Ali Məclis sədri təxminən axşam saat 19-a kimi kabinetindən çıxmayıb. Yalnız hava qaralandan sonra artıq keçmiş iş yerindən və kreslosundan ayrılan Talıbov Ali Məclis binasını arxa qapıdan tərk edib və orada onu gözləyən oğlu Seymurun avtomobilinə minərək, uzaqlaşıb.

Təbii ki, Talıbovun Ali Məclis binasını arxa qapıdan tərk etməsi və hətta bunun üçün havanın qaralmasını gözləməsi təsadüfi deyil. Görünür, mənəvi-psixoloji durumu və siyasi mədəniyyət səviyyəsi özünün verdiyi istefa ərizəsi müzakirə edilən iclasda iştirak etməsinə imkan verməyən Talıbov, həm də insanların arasına çıxmağa cəsarət və “üz” tapa bilməyib...

Yeri gəlmişkən, hazırda xüsusilə də Naxçıvanda Vasif Talıbovun bundan sonra harada yaşayacağına dair müzakirələrə tez-tez rast gəlinir. Sual olunur ki, Talıbov indiyə qədər Naxçıvan əhalisinə etdiklərinin müqabilində, camaatın ona hansı münasibəti göstərəcəyinə dair nə düşünür?

Bu “baqajla” Naxçıvanda yaşamağı gözə ala bilirmi? Bundan sonra naxçıvanlıların qarşısına artıq “cənab sədr” ədalarından məhrum edilmiş sıravi vətəndaş qismində çıxa biləcəkmi? Hər halda, Ali Məclis binasını qaranlıq vaxtı, arxa qapıdan tərk etməsi onun Naxçıvanda yaşamaq həvəsində və imkanında olmadığının göstəricisi sayıla bilər...

P. S. Yeri gəlmişkən, dünən Naxçıvanda restoranlarda bir dənə də olsun boş masa tapılmayıb. Naxçıvanda Talıbovların erasının bitiməsi coşqu ilə qeyd olunub...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.