Əmlakları qumarda uduzdu, məhkəmənin qarşısında yatan qardaşı donub öldü - TƏFƏRRÜAT

23-12-2022, 08:47           
Əmlakları qumarda uduzdu, məhkəmənin qarşısında yatan qardaşı donub öldü - TƏFƏRRÜAT
Əmlakları qumarda uduzdu, məhkəmənin qarşısında yatan qardaşı donub öldü
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Mövsüm Mövsümovun məhkəməsi başa çatıb.

Mövsüm Mövsümov tanışı Nabil Zeynalovu məktəb tikintisinə görə elan edilmiş tenderin qalibi edəcəyinə söz verib. Buna görə ondan 240 min manat alıb. Qısa müddətdən sonra Nabil Zeynalov aldadıldığını anlayıb və hüquq-mühafizə orqanlarına şikayət edib.

Bu cinayət işi məhkəmədə araşdırılarkən Nabil Zeynalov ifadəsində göstərib ki, Mövsüm Mövsümov onun tələbə yoldaşı olub, uzun zamandan sonra təsadüfən qarşılaşıblar. Daha doğrusu, keçmiş tələbə yoldaşının ona zəng vuraraq anasının vəfat etdiyini bildirməsi Nabil Zeynalovu kədərləndirib. Həmin vaxtdan da keçmiş tələbələrin dostluq münasibətləri təzələnib: “Təxminən 2 ay sonra yanımda bir söhbət açdı. Dedi ki, Təhsil Nazirliyi ilə əlaqəsi olan bir şirkətə işə düzəlib. Şirkətin rəhbərliyi ilə görüşməlidir. Mən onu öz maşınımla Xətai metrostansiyası yaxınlığındakı “Ağa Plaza”ya apardım, guya şirkət rəhbəri orada onu gözləyirmiş”.

Tez-tez görüşdüklərini deyən zərərçəkmiş Mövsüm Mövsümovun ona şirkətin Təhsil Nazirliyinin tabeliyindəki məktəblərin təchizat məsələləriylə məşğul olduğunu söyləyib:

“Hətta bir neçə dəfə telefonda görüntülü zəng vurub, mənə anbardan parta və stulların daşınmasını da göstərib. Əvvəl təklif etdi ki, pul qoy, təchizat işləriylə məşğul olaq. Dedim, mənim belə işlərdən başım çıxmır. Tikinti sahəsi olsa, pul buraxmaq olar, qazanclı yerdir”.

Nabil Zeynalov məhkəməyə deyib ki, başına nə gəlibsə, bundan sonra gəlib. Onun sözlərinə görə, dostu görüşlərin birində ona Təhsil Nazirliyində tender məsələlərinə baxan yaxın adamı olduğundan, 2020-ci ilin oktyabrında Şəkidə smetası 6 milyon 200 min manat olan məktəb tikintisi ilə bağlı tender elanından danışıb. Mövsüm Mövsümov həmin tenderi qazanmaq üçün əvvəlcədən 400 min manat rüşvət vermək lazım gəldiyini, Nabil Zeynalovsa razılaşdığını bildirib:

“Dedim, bu başdan 240 min manat, tenderi udandan sonra qalan pulu verməklə bu işə girişə bilərəm. Noyabrın 30-da Mövsüm zəng vurub pulu istədi. Sabahı gün oğluma zəng vurub əvvəlcədən paketlədiyim 100 min dolları və 70 min manatı gətirməsini tapşırdım. Oğlum və Mövsümlə “Qəbələ” restoranında görüşüb nahar elədik. Birlikdə Ağ şəhərə getdik, çünki Mövsüm demişdi ki, pulu bu işlərdə bizə kömək edəcək Paşa adlı dostuna verməliyik. Bizi bir binanın altındakı qaraja apardı, dedi ki, Paşa bu binada yaşayır. Elə qarajda oğluma tapşırdım, pulu bizim maşından götürüb, Mövsümün maşınına qoydu. Guya biz gedəndən sonra evə qalxıb pulları Paşaya verəcəkdi, bir həftə ərzində də bütün sənədləşmələr olacaqdı”.

Onun sözlərinə görə, bir neçə gün sonra Mövsümov zənglərə ya cavab verməyib, ya da vacib görüşdə olduğunu bildirərək telefonu qapadırmış. Daha sonra isə yerli-dibli zənglərə cavab verməyib. O zaman dostunun evinə gedib və binanın komendantından öyrənib ki, Mövsümov Kiyevdədir:

“Sonra başa düşmüşəm ki, Mövsüm çoxdan gedibmiş, telefonu da rominqdəymiş. Nə qədər zəng vurdumsa, daha mənə cavab vermədi, araşdırdım ki, heç belə bir iş də yox imiş, məni aldadıb”.

Mövsüm Mövsümov da məhkəmədə ifadə verib. O, deyib ki, Nabil Zeynalovdan aldığı pulları onlayn kazinoda uduzub: “Mobil telefonum vasitəsiylə kazino oyunlarına girişmişdim. O pulun 10 min manatını elə Nabildən götürdüyüm gün uduzmuşam. Sonra daha çox hissəsini uduzdum, əlimdə cəmi 43 min manat qalmışdı. Nabildən canımı qurtarmaq üçün Ukraynaya getdim, düşündüm ki, əlimdə qalan pulla iş qurub, yavaş-yavaş Nabilin pulunu qaytararam. O da alınmadı. Nabil məndən şikayət etmişdi deyə, həbs olundum, Bakıya göndərildim”.

Mövsüm Mövsümov məhkəmənin hökmüylə 8 il müddətinə azadlıqdan məhrum edilib. Ancaq təxminən bir neçə ay idi ki, jurnalistlər məhkəmə qapılarının bu tayında – binanın qarşısındakı parkda onun qardaşı Sənanın acı hekayətiylə üz-üzə qalmışdı. Sənan Mövsümov məhkəmə başlayan gündən parkdakı skamyada yatırdı. O, aylarla məhkəmə binasının içərisinə keçmək istəsə də, nəzarətçilər imkan vermirdi.

Sənan Mövsümov Toplum TV-yə açıqlamasında qardaşına nifrətindən danışmışdı: “Atam çox imkanlı idi. Başqa bir qadınla evlənib, Rusiyaya köçmüşdü. Bütün varını, əmlakını bizə buraxmışdı. Əmlaklarımız milyon manatla ölçülürdü. Qardaşım bütün əmlaklarımızı, pulumuzu həm real, həm də onlayn qumar oyunlarında uduzmuşdu. Qapımızı o qədər adam döyürdü ki... Biz tamamilə evsiz-eşiksiz, pulsuz qaldıq. İki il əvvəl anamın ürəyi dözmədi, onu itirdim. Həmin vaxtdan qarşıma məqsəd qoydum ki, qardaşıma əlim harda çatsa, ondan qisas alacam”.

Anasının ölümündən sonra küçələrdə gecələyən Sənan Mövsümov onda spirtli içkilərə aludəçilik yarandığını, düşdüyü durumla barışa bilmədiyini bildirmişdi: “Binəqədinin Mühafizə Xidmətinin rəisi olmuşam, ondan əvvəlsə bir neçə bankda baş mühafizəçi işləmişəm, idmançı olmuşam”.

Sənan Mövsümova hər kəs hörmətlə davranırdı. Hər gün məhkəmə binasından çıxan nəzarətçilər onunla salamlaşır, hal-əhval tutur, yemək, qalmağa yer təklif etsələr də, o, imtina edirdi. Yaxınlıqdakı yeməkxananın sahibi ona hər gün pulsuz yemək yeməsi üçün talon da vermişdi. Sənan Mövsümov yeməyi alıb, küçədəki başqa ac insanlar arasında dağıdırdı. Həmin ərazidə işləyən bir satıcı isə deyirdi: “Adam çox hörmətlidir, abırlıdır, təmizkardır. Bakı İstintaq Təcridxanasının rəisi ona dolanışıq üçün pul göndərib. Polislər hörmətlə yanaşır. Çoxu ilə əvvəllər iş yoldaşı olub. Yanına arada vəzifəli adamlar gəlir, xahiş edirlər ki, aparıb hansısa evə yerləşdirsinlər. O isə qardaşının məhkəməsi bitməyincə burdan heç yerə getməyəcəyini deyir. Ümidlənib ki, nə vaxtsa qardaşıyla buralarda üzləşəcək, ondan qisas alacaq”.

Aylardı məhkəmə qarşısından uzaqlaşmayan Sənan Mövsümovu sonuncu dəfə yerində görmədim. Maraqlananda məhkəməyə gələn jurnalistlərdən öyrəndim ki, bir neçə gün əvvəl elə oradaca soyuqdan canını tapşırıb. Təcili yardım maşını gəlib, cəsədi ərazidən götürülüb.

Toplum TV












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.