Qonşusu ilə həyətdə mübahisə etdi, evdən bıçaq götürüb geri qayıtdı - Sumqayıtdakı qətlin təfərrüatı

29-12-2022, 10:01           
Qonşusu ilə həyətdə mübahisə etdi, evdən bıçaq götürüb geri qayıtdı -
Sumqayıt şəhərində qonşusunu bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Kamil Məmmədovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

"Ölkə.Az" xəbər verir ki, hadisə Sumqayıt şəhər ərazisində baş verib. Əvvəllər məhkum olunmuş Kamil Məmmədov aralarında yaranan mübahisə zamanı qonşusu Rasim Əliyevi bıçaqlayaraq qətlə yetirib.

Elə həmin gün Kamil Məmmədov Sumqayıt şəhər 2-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
İttihamla müəyən olunub ki, hadisə baş verən günü Kamil Məmmədov Sumqayıtda, sürücülük məktəbinin yaxınlığındakı kafedə 200 qram araq və 5 bokal pivə içəndən sonra, təxminən saat 21 radələrində taksiyə minərək yaşadığı Kimyaçılar qəsəbəsinə yollanıb.

Evinin qarşısında səyyar meyvə-tərəvəz alqı-satqısı ilə məşğul olan qonşusu Rasim Əliyevlə rastlaşıb, ondan qarpız olub-olmamasını soruşub. Sonuncu Kamilin bərk sərxoş olduğunu görüb, söylədiyini qeyri-ciddi qəbul etməklə, acıqlı tərzdə “mən qarpız satıram bəyəm?” deyə cavab verib. Bu söz Məmmədova pis təsir etdiyindən o taksidən düşüb və Əliyevə yaxınlaşıb kobud və narazı formada danışmasının səbəbini soruşduqda, qonşusu nalayiq söyüşlər söyüb əl-qol ataraq, onun əynindəki köynəyi dartıb cırıb. Kənar şəxslərin yanında Rasimin hərəkətlərini özünə qarşı təhqir kimi qəbul edən Kamil öz evinə gedib mətbəxdən bıçağı götürüb, geri qayıdıb və Əliyevə bir-iki zərbə endirib. Ətrafda olan adamlar mane olaraq ona növbəti zərbələri endirməyə imkan verməyiblər. Ağır yaralanan Rasim Əliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

İstintaqın sonunda Kamil Məmmədovun əməli CM-nin 120.2.2( xuliqanlı niyyəti ilə qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

Məhkəmə prosesində Kamil Məmmədov ittiham üzrə özünü qismən təqsirli hesab edib.
Məhkəmə araşdırılan sübutlara qiymət verərək Məmmədovun CM-nin 120.2.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını və bununlada onun təqsirliyinin tam sübuta yetirilmiş hesab edib.

Sonda məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.