Pensiya qanununa hansı dəyişiklik edildi? - Daha 3 il uzadıldı

29-12-2022, 12:56           
Pensiya qanununa hansı dəyişiklik edildi? - Daha 3 il uzadıldı
Azərbaycan Prezidenti dekabrın 28-də “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklikləri təsdiq edib.

Yeni dəyişikliklər pensiyaçılar üçün nə vəd edir?

Teleqraf.com xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov dəyişikliyi şərh edib.

O bildirib ki, ötən gün təsdiq olunan dəyişikliklə pensiya amnistiyası 3 il uzadılır: “Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında kapital məbləğindən asılı olmayaraq fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır. Həmin güzəştin müddəti gələn ilin yanvarında başa çatırdı. Beləliklə, yeni dəyişikliklə pensiya amnistiyası 3 il uzadılır”.

Deputat qeyd edib ki, mövcud qanunvericiliyə əsasən, yaşa görə pensiya almaq üçün ya 25 il staj və ya minimum pensiya kapitalı tələb olunur: “Ancaq vətəndaş 2018-ci ilinin iyulun 1-dək, hətta 1 manat pensiya kapitalına malik olubsa, o, staj müddətindən asılı olmayaraq pensiya almaq hüququ əldə edir. Bu zaman onun 2026-cı ilədək olan stajı 25 il hesab olunur. 2026-cı ildən sonra isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır.

Praktik olaraq bu dəyişikliklərlə 2018-ci ilinin ikinci yarısınadək pensiya hesabında, hətta ən kiçik məbləğ kapitalı olan vətəndaşlarımız da pensiya ala biləcəklər. Bu baxımdan, sözügedən dəyişiklik pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.