SSRİ-ni üzümlə təmin edən Azərbaycan indi xaricdən üzüm şirəsi alır: - “Nə günə qalmışıq ki...”

5-01-2023, 16:55           
SSRİ-ni üzümlə təmin edən Azərbaycan indi xaricdən üzüm şirəsi alır: - “Nə günə qalmışıq ki...”
Azərbaycan Rusiyadan hindtoyuğu ətinin alışını 3,5 dəfə, Braziliyadan isə mal əti tədarükünü artırıb.

Bundan başqa iki ölkədən Azərbaycana üzüm şirəsi idxalı da kəskin artıb. Qeyd edək ki, adıçəkilən məhsulların hər biri ölkəmizdə də istehsal edilir. Ekspertlərin fikrincə, ümumiyyətlə, Azərbaycan ərzaq məhsullarında cəmi 25 faiz daxili istehsal hesabına özünü təmin edir. Qeyri-ərzaq məhsullarının elə növləri var ki, 100 faiz xaricdən asılıyıq. Böyük əksəriyyətdə də yenə 80-100, hətta dərman preparatlarında 94 faiz xaricdən asılılığımız var.

Azərbaycan dərman kimi qeyri- ərzaq məhsullarını istehsal etmədiyinə görə, belə məhsulların idxalını normal qarşılamaq olar. Ancaq kənd təsərrüfatı məhsulları ilə bağlı idxalın ilbəil artması başadüşülən deyil. Onu da qeyd edək ki, bu il dövlət büdcəsindən kənd təsərrüfatına 1 milyard 200 milyon vəsait ayrılıb.

Hər il büdcədən ayrılan vəsait, fermerlərə ayrılan yardımlar kənd təsərrüfatının inkişafına şərait yaratmırmı ki, xaricdən idxal davamlı olaraq artır?

TEREF.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya bildirdi ki, ölkəmizə bir çox məhsullar idxal olunur, ancaq Azərbaycan hökuməti məqsədyönlü yox, digər tərəfdən ölkə daxilində tələbatın olduğuna görə idxal edir:

“Əslində hökumət deyil, sahibkarlar məhsul idxal edir. Sahibkarlar görürlər ki, bazarda həmin məhsullara, mal ətinə, quş ətinə, üzüm şirəsinə tələbat var və yerli istehsal bu tələbatə qarşılamır. Ona görə də real hesabat aparır, nəticədə idxalı artıırırlar. Bütün bu 30 il ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı ilbəil azalıb, məhsuldarlıq aşağı düşüb. Bu, ötən il də belə davam edib və bu ildə belə davam edəcək. Çünki biz heç nəyi dəyişmirik. İndiki şərtlər kənd təsərrüfatı istehsalını zəiflədir, boğur, inkişafını cilovlayır. Ancaq biz bu istiqamətdə siyasətimizi dəyişmirik. 2023-cü ilin dövlət büdcəsində kənd təsərrüfatına 1,2 milyard manat vəsait ayrılıb. Ötən il bu rəqəm 997 milyon manat idi. Azərbaycanda 10 milyon əhalinin təminatı üçün 1 milyon dollar belə ayrılmırsa, əlbəttə ki, kənd təsərrüfatı onun qarşısında qoyulan öhdəliyi-ölkənin ərzağa tələbatını ödəmək öhdəliyini yerinə yetirə bilməyəcək”.

Ekspet hesab edir ki, ilk növbədə Azərbaycan hökuməti kənd təsərrüfatına əsaslı investisiya qoymalıdır:

“Bunun üçün bu vəsait azı 5 dəfə artıq olmalıdır. Belə ki, heç olmasa Azərbaycan hökuməti dövlət büdcəsindən 6-7 milyard manat kənd təsərrüfatına vəsait ayırmalıdır. Bu vəsaitin səmərəli şəkildə kənd təsərrüfatı ilə məşğul olan fermerə çatdırılması üçün subsidiya, lizinq və s. mexanizmləri dəyişmək lazımdır. Bu mexanizmləri inkişaf etmiş ölkələrin dotasiya rejimlərinə uyğunlaşdırmaq lazımdır. Digər tərəfdən şəffaflıq və hesabatlılıq bu məsələdə əsas meyarlardan biridir. İsraillə Azərbaycanı müqayisə etdikdə, o ölkənin əhalisinin sayı da bizim əhali ilə uyğundur. Ancaq onların münbit torpaqları bizim münbit torpaqların üçdə biri, su ehtiyatları bizim su ehtiyatlarının onda biri qədərdir. Lakin İsrail məhdud resurslarla əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatının 90 faizini ödəyir. Buna onun sayəsində nail olunur ki, İsrail uzun müddət kənd təsərrüfatına əsaslı investisiya qoyub və bu gün davam etdirir. Məsələn, İsrailin 2022-ci ildə kənd təsərrüfatına dövlət büdcəsindən ayırdığı vəsait 5, 2 milyard dollardır. Bu, başqa məsələdir ki, İsraildə kənd təsərrüfatı sahəsində ödənilən vergi sektora qoyulan investisiyadan iki dəfə artıqdır. İsrailin kənd təsərrüfatı dövlət büdcəsinə 10 milyard dollar vəsait ödəyir. Bunun əksəriyyəti də yenidən investisiya kimi sektora qoyulur. Bizdə isə kənd təsərrüfatına ayrılan vəsait cəmi 1,2 milyard manatdır ki, bu da 800 milyona yaxın dollar edir. Bununla da istəyirik ki, bizim kənd təsərrüfatı məhsullarına olan tələbatımız yerli mənbələr hesabına ödənsin. Əlbəttə, bu mümkün deyil. Sovet dövründə olan kənd təsərrüfatı tamamilə məhv edilib və biz yanmış odun külü ilə oynayan uşaqlar kimi kənd təsərrüfatı ilə oynayırıq. Ona görə də hər il idxal artacaq, hətta bir neçə il sonra Azərbaycan nar idxal etsə, mən təəccüblənmərəm.

Yunanıstandan nar idxal edə bilərik. Çünki nar bağlarını qıracaqlar. Sonra biz fındıq idxal edəcəyik. Çünki hökumətin vəsaiti hesabına həcmi iki dəfədən çox artırılan fındıq bağlarını qıracağıq. Biz ziyana düşən fermerin yanında deyilik, ona əsaslı investisiya qoymuruq və s. Nə qədər ki, Azərbaycan hökumətinin kənd təsərrüfatına yönəlik faktiki siyasəti davam edəcək, ilbəil bu tendensiyanı müşahidə edəcəyik. İlbəil istehsal azalacaq, idxal artacaq. Doğrudur, statistikada qeyd edirlər ki, istehsal 2 faiz artıb. Ancaq bu yalandır. Əgər real artım olsa, idxal azalar. Hər il biz taxılla bu cür “oynayırıq”. Ölkənin daxilində əhalinin tələbatından bir qədər artıq ərzaq buğdası istehsal edirik, elə tələbat qədər də buğda idxal edilir. Bu, sadəcə rəqəm oyunudur. Sabun köpüyü kimi statistikanı yalandan şişirdirlər. Reallıq odur ki, kənd təsərrüfatı məhsulları idxalını ilbəil artırırıq, demək, istehsal ilbəil azalır. Görün nə günə qalmışıq ki, SSRİ-ni üzümlə, şərabla, üzüm şirəsi ilə təmin edən Azərbaycan bu gün üzüm şirəsi idxal edir. Bu, Azərbaycan kənd təsərrüfatı sektorunun faciəsidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.