Elmi dərəcəsi olan yüksək vəzifəli MƏMURLAR - ARAŞDIRMA

7-02-2023, 12:42           
Elmi dərəcəsi olan yüksək vəzifəli MƏMURLAR - ARAŞDIRMA
Hazırda qüvvədə olan “Dövlət qulluğu haqqında” qanuna əsasən, dövlət qulluqçularının elmi və pedoqoji fəaliyyətlə məşğul olmalarına icazə verilir. Lakin qanuna dəyişikliklə bağlı təklif olunan layihəyə görə, bu məsələ daha fərqli formada tənzimlənəcək.

Belə ki, yeni layihəyə əsasən, dövlət qulluqçuları yalnız pedoqoji fəaliyyətlə məşğul ola biləcəklər.

Bu isə, elmi fəaliyyətlə də məşğul olan dövlət qulluqçularının seçim qarşısında qalması deməkdir. Yəni, onlar ya dövlət qulluğunda tutduqları vəzifəni icra etməyə davam edəcəklər, ya da elmi fəaliyyətin yolunu tutacaqlar.

Bəs, ölkəmizdə yüksək vəzifələrdə çalışan məmurlar içərisində elmi dərəcəsi olanlar varmı?

Bizim.Media-nın araşdırmasına görə elmi dərəcəsi olan yüksək vəzifələri məmurların sayı kifayət qədərdir.

Əli Əhmədov

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini və İdarə Heyətinin üzvü olan Əli Əhmədov fəlsəfə üzrə fəlsəfə doktoru, professordur. O, 50-dən çox elmi əsərin və məqalənin müəllifidir.

Yaqub Eyyubov

2003-cü ildən bəri Baş nazirin I müavini vəzifəsini icra edən Yaqub Eyyubov texnika elmləri doktoru, professordur. O, 1994-cü ildə Beynəlxalq Mühəndislik Akademiyasının akademiki seçilib.

Mübariz Qurbanlı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə tarix üzrə fəlsəfə doktorudur. Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müxtəlif vəzifələrdə çalışıb. Çoxsaylı elmi, elmi-publisistik, nəzəri, politoloji məqalələrin və bir neçə kitabın müəllifidir.

Adil Kərimli

Ötən ilin dekabrında mədəniyyət nazirinin I müavini təyin edilmiş Adil Kərimli hüquq üzrə fəlsəfə doktorudur. Bir sıra elmi əsər və məqalələrin müəllifi olan A.Kərimli BDU-nun Cinayət Hüququ və Kriminologiya kafedrasında çalışır.

Vaqif Əliyev

Mədəniyyət nazirinin I müavini olan Vaqif Əliyev 1980-ci ildən bəri Fizika-riyaziyyat elmləri namizədidir. Uzun illər Elmlər Akademiyası və Bakı Dövlət Universitetində elmi-pedoqoji fəaliyyətlə məşğul olub.

Sevda Məmmədəliyeva

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva 1993-cü ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsi, 1997-ci ildə professor elmi adını alıb. S.Məmmədəliyeva 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür.

Firudin Qurbanov

Elm və təhsil nazirinin müavini olan Firudin Qurbanov iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosentdir. Bir monoqrafiya və 60-dan çox elmi əsərin müəllifidir.

Firdovsi Əliyev

Ekologiya və təbii sərvətlər nazirinin müavini olan Firdovsi Əliyev 1994-cü ildən Kənd təsərrüfatı elmləri namizədidir. O, uzun illər AMEA-da elmi fəaliyyətlə məşğul olub.

Rauf Hacıyev

2011-ci ildən ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsində çalışan Rauf Hacıyev 1989-сu ildə biologiya elmləri namizədi adını alıb. O, 2005-ci ildə biologiya elmləri doktoru alimlik dərəcəsi alıb. 2008-ci ildə isə R.Hacıyevə Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adını alıb.

Vüqar Kərimov

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimova Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının 2001-ci il 19 yanvar tarixli qərarı ilə “biologiya elmləri namizədi” alimlik dərəcəsi, 2017-ci il 16 mart tarixli qərarı ilə “botanika ixtisası üzrə dosent” elmi adı verilib. 65 elmi əsərin, o cümlədən 3 kitabın müəllifi, Azərbaycan Respublikasının Qırmızı Kitabının II nəşrinin həmmüəlliflərindən biridir.

Samir Vəliyev

2017-ci ildən Energetika nazirinin müavini vəzifəsini icra edən Samir Vəliyev də elmi dərəcəsi olan məmurlar sırasındadır. O, iqtisad elmləri doktorudur.

Elnur Soltanov

2018-ci ildən energetika nazirinin müavini olan Elnur Soltanov isə siyasi elmlər üzrə fəlsəfə doktorudur. Bir sıra elmi əsərlərin müəllifi olan E.Soltanov 2009-2018-ci illərdə ADA Universitetində dekan vəzifəsində çalışıb.

Azər Cəfərov

Ədliyyə Nazirinin müavini Azər Cəfərov Rusiya Elmlər Akademiyasının Dövlət və hüquq institutunun doktorantı olub. Hüquq elmləri doktoru, professordur. //Bizim.Media//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.