Türkiyə və Suriyada zəlzələ: "Cəsəd torbası çatışmır, çünki dağıntılar altından çıxarılan cansız bədənlərin sayı çoxdur"

9-02-2023, 08:14           
Türkiyə və Suriyada zəlzələ:
Türkiyədə bazar ertəsi səhərə yaxın baş vermiş zəlzələdə indiyədək minlərlə insan olüb, yaralanıb, eləcə də minlərlə bina dağılıb.

Türkiyə hökuməti zəlzələdən dərhal sonra dördüncü səviyyəli həyəcan siqnalı verib ki, bu da beynəlxalq yardım tələbi deməkdir.

Bir çox ölkələr hazırda Türkiyəyə yardım resursları göndərməkdə davam edir. Təhlilçilər hesab edir ki, hava şəraiti axtarış-xilasetmə işlərini çətinləşdirir.

Türkiyə və Suriyada baş vermiş zəlzələ barəsində ən son xəbərləri burada oxuyun
Suriyanın müharibədən zərər çəkmiş Hələb şəhəri Türkiyənin cənubunda da dağıntılara səbəb olan ölümcül zəlzələnin ağır yükünü daşıyan bölgələr arasındadır. Suriya ərazisində axtarış-xilasetmə işlərini "Ağ Dəbilqəlilər" adlandırılan xilasedicilər həyata keçirir.
"Xilasedicilər daha çox cəsəd torbası tələb edirlər"
Böyük Britaniyadan olan "İslami Yardım" xeyriyyə cəmiyyətinin işçisi Salah Aboulgasem humanitar məsələlərdə insanlara kömək etmək üçün Türkiyənin cənub-şərqində yerləşən Gaziantepə gəlib.

"Bir çox müharibə zonalarında və fəlakət bölgələrində olsam da, burada gördüklərim sözün əsl mənasında ən sarsıdıcı məqamlardır", - o bildirib.

Salah Aboulgasem ilk 72 saat ərzində "bacardıqca daha çox insanı xilas etməyə çalışdığını" deyib.

"Bu, həqiqətən də zamana qarşı yarışmaq idi", - o söyləyib.

"Xilasedicilər daha çox cəsəd torbası tələb edirlər, çünki onların dağıntılar altından çıxardıqları cansız bədənlərin sayı çoxdur", - xeyriyyə işçisi əlavə edib.

BBC Radio 5 Live-a danışan Salah Aboulgasem Suriyadakı həmkarlarından da tük ürpədici xəbərlər aldığını deyir. O bildirib ki, Suriyada zəlzələ nəticəsində vəfat etmiş şəxslərin hamısını çatdırıb basdırmaq üçün artıq kütləvi məzarlıqlar qazılır.
"Zəlzələ vergisi"nin istifadəsi ilə bağlı qəzəb artır
Zəlzələnin yaratdığı böyük dağıntılardan sonra 20 ildən çoxdur Türkiyə hökumətinin əhalidən yığdığı "zəlzələ vergisi" ətrafında yaranan şübhələr əhali arasında qəzəbi artırır.

Bu müddət ərzində həmin vergidən yığılan təxminən 88 milyard lirə (4.6 milyard dollar) fəlakətlərin qarşısının alınması və fövqəladə xidmətin keyfiyyətinin yüksəldilməsinə xərclənməli idi.

"Zəlzələ vergisi" 1999-cu ildə Türkiyənin şimal-qərbində 17 min insanın ölümünə səbəb olan zəlzələdən sonra yığılmağa başlanılıb.

Hökumətin "xüsusi kommunikasiya vergisi", sadə vətəndaşların isə "zəlzələ vergisi" adlandırdığı ödəniş ətrafında yaranan suallar ölkədə zəlzələ baş verən bütün tarixlərdə gündəmə gəlib. BBC Türkcənin yazdığına görə, hökumət "zəlzələ vergisi"nin necə xərclənməsi ilə bağlı heç vaxt ictimaiyyətə açıqlama verməyib.

"1999-cu ildən bəri bizdən yığılan vergilər hara gedib?", - 61 yaşlı Celal Deniz AFP agentliyinə müsahibəsində deyib. Onun qardaşı və qardaşı uşaqları hələ də dağıntılar altındadır.
"Bu, xilasetmə cəhdi deyil, çünki burada heç kimin sağ olmadığını bilirlər"
Anna Foster

BBC News

Burada - Maraşdakı mənzərə, episentrə çatana qədər səyahət zamanı müşahidə olunan hər hansı digər ərazidən daha viranədir.

Gecəni bir yaşayış binasının yanında keçirtdim. Bu, əvvəllər hər mərtəbəsində dörd mənzil olan doqquz mərtəbəli bir blok idi. İndi isə sadəcə bir yığıntı, bükülmüş metal və şüşə qırıqlarından ibarət dağıntıdır.

Bu, artıq xilasetmə cəhdi deyil, bu, bərpa cəhdidir, çünki burada heç kimin sağ olmadığını bilirlər.

Onların bu dağıntının böyük hissələrini çıxartmaq üçün istifadə etdikləri böyük bir buldozer var.

Xilasedicilər cəsədləri diqqətlə örtüyə sarıyır və səkidə gözləyən yaxınlarına verirlər.

Meyitlər metal tabutlara qoyulub aparılmazdan əvvəl ölənlərin yaxınlarına vidalaşmaq şansı verirlər.

Yerli vaxtla saat 02:30 radələrində, xilasetmə işləri dayandıqdan sonra üç qohum gəlib onları dağıntıların altından özləri çıxartmağa çalışıblar - nəticəsiz cəhd.

Bu hadisə bir çox ailəni, bir çox adamı şəxsən "vurub".
"Onlar kömək istəyir və əzab içində qışqırırlar"
Quentin Sommerville

BBC News

Adanada gecə boyu işləyən ağır texnikaların, eləcə də dağılmış binaları və böyük beton plitələri işıqlandıran fanarların yaratdığı səhnələr Türkiyənin cənub regionu boyu müşahidə edilir.

Arabir iş dayanır və dağıntılar arasından sağ qalan kimsə tapılan zaman Allahu Əkbər səsləri yüksəlir. Ölən şəxslərin cansız bədəni çıxarıldıqda da eyni səslər eşidilir.

Burada yerli və beynəlxalq dəstəklə həyata keçirilən xilasetmə tədbirləri davam etdirilir. Livandan gələn və içərisində yanğınsöndürən və tibb işçiləri olan təyyarəm Adana hava limanına çatanda artıq aeroport minlərlə rumıniyalı və isveçli xilasedicilərlə dolu idi.

Şəhər evsizlərlə doludur. Onlar evlərini itirənlər və afterşoklardan sonra mənzillərinə qayıtmağa ehtiyat edənlərdir. İlk zəlzələ gecəyarısı yerli vaxtla 03:20-də baş verib. Titrəmə oldu və 90 saniyə davam etdi, sanki heç bitməyəcəkdi. Lakin bu, həm də zəruri əşyaları götürüb təhlükəsiz şəkildə evi tərk etmək üçün yaranan yeganə an idi. Bəziləri ayaqqabısız, palto və telefon adapteri olmadan çölə çıxmışdılar. Həftəsonuna kimi havanın şaxtalı keçəcəyi gözlənilir.

Türkiyə üçün bu fəlakətli olsa da, Suriyanın şimalında vəziyyət daha dəhşətlidir. Sərhədlər ciddi şəkildə nəzarət altında qalmaqdadır və hər hansı beynəlxalq yardım, hətta kiçik yüngül texnika belə yoxdur.

Sərhəd ərazilərdə yaşayan 1.7 milyon məcburi köçkün deyir ki, yaşayışları onsuz da pis idi və indi də zəlzələ baş verdi. Suriya Prezidenti Bashar Al-Assad-in terror hakimiyyətindən canlarını qurtaran və öz ölkələrində qaçqın olan insanlar illərdir ki, müvəqqəti çadırlarda və yarımtikili binalarda yaşayırlar.

Jindires, Hələb, Bania və İdlibdə bütün şəhər dağılıb. Orada insanlar yardım istəyir və əzab içində qışqırırlar.

Lakin onların səslərinə cavab verən demək olar ki, heç kəs yoxdur. Ökənin şimalında 10 ildən çoxdur davam edən müharibə nəticəsində insanlar hər şeylərini itiriblər. Bu dəhşətli zəlzələ isə onların itkilərini ən pik həddə çatdırdı.
Şaxtalı hava şəraiti xilasetmə işlərinə mane ola bilər
Simon King

BBC-nin hava xəbərlərinin aparıcısı və meteorologist

Türkiyənin cənubunda və Suriyanın şimalında müşahidə edilən güclü yağış və qardan sonra həftəboyu hava ümumiyyətlə quraq və günəşli olacaq.

Ölkənin bəzi yerlərində çərşənbə axşamı qar yağması mümkündür, lakin şaxtalı hava şəraiti narahatlığı daha da artırır.

Zəlzələnin ilk baş verdiyi Gaziantep-də gün ərzində 4-6 dərəcə isti olacaq, lakin axşam isə temperatur -7 dərəcəyə düşəcək. Dağlara yaxın kənd və qəsəbələrdə isə temperatur gecə saatlarında -15 dərəcədən də aşağı ola bilər.

Suriyada temperatur bu qədər aşağı olmasa da, gün ərzində temperaturun 10-11 dərəcə isti, gecə isə -3 dərəcəyədək düşəcəyi bildirilir.

Xəbər verdiyimiz kimi növbəti təkanlardan qorxaraq evlərinə getməyən insanlar küçələrdə yandırdıqları ocaqların ətrafında toplanmağa məcbur olub.
Maraş şəhərinə gedən yolda hərəkət dayanıb
Anna Foster

BBC News

Türkiyənin zəlzələ episentrinə yaxın Maraş şəhərinə gedən yolda çərşənbə axşamı səhər saatlarından etibarən hərəkət dayanıb.

Maşınlar arabir irəliyə gedir, onların qırmızı əyləc işıqları isə yaş yolu işıqlandırırdı. Türkiyənin bu cənub ərazisinə çox az sayda xilasedici gəlib.

İçərisi mütəxəssislər və təchizatlarla dolu maşınla şəhərə gedən bir axtarış-xilasetmə qrupu BBC-yə bildirib ki, onlar dağıntılar altında qalan şəxsləri axtarmağa hazır olsalar da, hadisə yerinə çatanadək vəziyyətin necə dəyişəcəyini bilmirlər.

Türkiyənin Dağıntı və Fövqəladə Hallar Agentliyinin sonuncu bəyanatında qeyd olunub ki, dağılmış 4700-dən çox binanın altından 8 min nəfər xilas olunub.

Afterşokların davam etməsi ilə paralel, bəzi ərazilərdə xilasedicilər yalın əlləri ilə dağıntıların arasını qazırlar. Lakin şaxtalı hava axtarış işlərinə mane olur.

line
Zəlzələ Suriyaya yeni böhran gətirir
Lyse Doucet

Baş beynəlxalq müxbir

Suriya ölkənin artıq parçalandığı, on ildən çox davam edən müharibənin yıxdığı, hökumətin və üsyançıların nəzarətində olan ərazilərə parçalandığı bir vaxtda təbiətin qüdrətli gücü ilə də sarsıldı.Ən çox təsirlənən bölgələrdən biri Türkiyə sərhədi boyunca şimalda müxalifətin nəzarətində olan son anklav olan İdlibdir.

Hətta bu fəlakətdən əvvəl də yardımların çatması üçün dünyanın ən çətin yerlərindən biri idi: Türkiyə sərhədində Bab əl-Havadan keçən yalnız bir kiçik keçid var.

Bu, ölkənin əksər ərazilərinə nəzarət edən Suriya hökuməti və onun Rusiya adlı müttəfiqi tərəfindən icazə verilən yeganə həyat xəttidir.

İndi Suriyanın bu bölgəsində onsuz da səfalət içində yaşayan, şaxtalı qış havasında, köhnəlmiş müvəqqəti sığınacaqlarda daldalanan təxminən dörd milyon insanın daha çox yardıma, özü də təcili ehtiyacı var. Beynəlxalq Xilasetmə Komitəsindən Mark Kaye siyasətin yardımdan kənarda saxlanması üçün müraciət etdi:

"Beynəlxalq ictimaiyyət burada həmrəylik nümayiş etdirməlidir və bu, vacib bir xatırlatmadır, bilirsiniz ki, bu, böhran içərisində bir böhrandır.Məhz bu həftə biz dondurucu temperaturun bölgəyə yaxınlaşacağı barədə xəbərdarlıq edirdik".

Suriya hökuməti də kömək üçün müraciət edir - Suriyanın hər tərəfi müharibə nəticəsində yoxsul və tükənmiş vəziyyətdədir.

İndi Prezident Bəşər Əsəd heç bir siyasətdən xəbəri olmayan güclü təbiət qüvvəsinə qarşı ona kömək etmək üçün düşmənlərini dəstəklədiyinə görə tez-tez qınadığı Qərb ölkələrinə və qonşularına müraciət etməli ola bilər.

Nə baş verib?
Türkiyənin Kahramanmaraş şəhərində bazar ertəsi səhərə yaxın 7.4 bal gücündə birinci (AFAD daha sonra bu rəqəmin 7.7 olduğunu açıqlayıb) zəlzələ baş verib.

Zəlzələ, həmçinin Hatay, Qaziantep, Osmaniye, Adıyaman, Adana, Malatya, Şanlıurfa, Diyarbəkir və Kilis şəhərlərində də ölüm və dağıntılara səbəb olub.

Hökumət zəlzələdən dərhal sonra dördüncü səviyyəli həyəcan siqnalı verib ki, bu da beynəlxalq yardım tələbi deməkdir.

Türkiyədə baş vermiş ölümcül zəlzələyə görə Prezident Recep Tayyip Erdoğan ölkədə 7 günlük matəm elan edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.