Vergi müfəttişləri sahibkarları niyə müflis edir? – ŞİKAYƏT + ARAŞDIRMA

3-06-2016, 12:15           

Bu günlərdə bir qrup sahibkar Qafqaznews.az-a müraciət edərək, Vergilər Nazirliyi tərəfindən əsassız tələblərlə üzləşdiklərini bildiriblər. Sahibkarların Qafqaznews.az-a dediyinə görə, onlar nazirliyə yazılı müraciət etsələr də, onlara hələ dolğun və konkret cavab verilməyib, vergi məmurları tərəfindən törədilən səhv isə aradan qaldırılmayıb. Adlarının hələ ictimailəşdirilməməsini xahiş edən sahibkarlar qeyd edib ki, problem Vergilər Nazirliyi tərəfindən sahibkarların cari ödəmə haqqında şəxsi vərəqəyə vurulan vergilərlə bağlıdır. Hər bir sahibkara birinci rübün dövriyyəsi əsas götürülərək, 20 faiz vergi tətbiq olunur. Yəni, sahibkar ümumi dövriyyəsinin 20 faizi dəyərində vergi ödəməli olur. Halbuki, bu cari ödəmə və hesablamalar əvvəlki ilin mənfəət vergisi bəyannaməsi verildikdən sonra, mənfəət vergisi məbləğinin dörddə bir hissəsi (VM, 151.1 maddəsi) əsasında aparılmalıdır.

İqtisadçı alim, sabiq deputat Nazim Bəydəmirli ( keçmiş soyadı ilə Nazim Məmmədov – red.) Qafqaznews.az-a bildirib ki, həqiqətən də, cari ödəmənin ümumi dövriyyəyə əsasən hesablanması qanunsuzdur. O vurğulayıb ki, xərclər çıxılmadan, hər hansı vergi hesablanmasının aparılması doğru deyil. Əməkdaşımız məsələyə aydınlıq gətirmək üçün, Vergilər Nazirliyinin “Qaynar xətt”i ilə əlaqə saxladı. Fidan Əliyeva adlı VN əməkdaşı da bildirdi ki, bəyannamə 151.1 maddəsi ilə verilibsə və cari ödəmələr bu prosedur qaydasında aparılırsa, artıq ödəmə tələb etmək doğru deyil.

“Vergi ödəyiciləri cari ödəmə haqqında arayışı aprelin 1-dən 15-dək təqdim ediblərmi?” – deyə Vergilər Nazirliyinin əməkdaşı soruşdu.

“Bəli, təqdim ediblər, hesablama da olub, ödəmə də olub. Lakin vergi orqanı yenidən 151.2 ilə təkrarən cari hesablama verib”, – deyə qeyd etdik.

“Vergi Məcəlləsinin 151.3-cü maddəsinə əsasən, vergi ödəyicisi 151.1-lə və ya 151.2 ilə arayışı verməsə, vergi orqanı 151.1-lə keçən ilin mənfəətinin dörddə bir hissəsi ilə hesablama hüququna malikdir. Yəni, vergi ödəyəcisi özü hesablama verə bilər. Vergi orqanı isə 151.1-lə hesablama verə bilər. Məcəllədə 151.2 ilə hesablama nəzərdə tutulmur. Vergi orqanı bu hüquqa malik deyil”, – deyə F.Əliyeva bildirib.

“Beləliklə, vergi orqanının 151.2 ilə hesablama irəli sürməsi və cari ödəmə tələb etməsi qanunda yoxdur?”, – deyə bir daha soruşduq.

“Bəli, belə bir şey qanunda yoxdur”, – deyə VN-in əməkdaşı təsdiq etdi. Görünür ki, vergi orqanlarında biriləri sahibkarları soymaqla büdcəni doldurmağa çalışdığı halda, qanun başqa şey deyir.

Ümid edək ki, cənab nazir Fazil Məmmədov tezliklə sahibkarları narazı salan halların aradan qalxması üçün əlindən gələni edəcək, sahibkarlara dəstək verməklə bağlı dövlət başçısının tapşırıqlarının əksinə getməyəcək.

Və inanaq ki, bu, lap tezliklə baş verəcək – çünki ölkəmizin çətin günlərində sahibkarları da çətin vəziyyətə salmaq, müflis etmək milli maraqlara da uyğun gəlmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.