“Azpulmat”dan vətəndaşlara edilən zəngin səbəbi nədir? – “70-80 manata görə məhkəməyə vermək onlara sərf etmir”
16-02-2023, 18:55

Son günlər “Azpulmat” vasitəsilə kredit götürən vətəndaşlar arasında narazılıq artıb. Vətəndaşların sözlərinə görə, “Azpulmat”dan təkcə şəxsiyyət vəsiqəsi ilə 30, 50, 80 AZN məbləğində faizlə kredit götürə bilirlər. Belə ki, onlar Android telefondan mobil tətbiq yükləyərək, mobil nömrə ilə qeydiyyatdan keçib, şəxsiyyət vəsiqəsindəki məlumatları oxutmaq üçün smartfonun kamerasından MRZ Skan edirlər. Sonra yeni açılan səhifədə vətəndaşın istədiyi borcun məbləği və müddəti göstərilir. Bütün bu proseslər normal görünsə də, əsas problem borcun geri ödənilməsi zamanı yaşanır. Vətəndaşlar iddia edirlər ki, ödəmədə gecikmə olan zaman “Azpulmat” nümayəndələri onların digər mobil nömrələrini tapır, hər gün ailələrini narahat edir, borc gecikdiyi üçün onları məhkəməyə verməklə təhdid edirlər. Belə olan halda vətəndaşlar nə etməlidir?
TEREF.AZ-ın məlumatına görə, hüquqşünas Əkrəm Həsənov Pravda.az-a açıqlamasında deyib ki, hər kəs kredit verə bilər.
Ekspert bildirib ki, kredit verən lombardlar da var: “Onlar da faizlə kredit verir. Təbii ki, “Azpulmat” bank olmadığı üçün “bank sirri” deyilən bir şey də yoxdur. Kredit borcunu geri qaytarmayanda “məhkəməyə verəcəyik” demək təhdid deyil. Məhkəməyə vermək onun haqqıdır, verdiyi pulu geri istəyir. Vətəndaşa qanunsuz başqa nəsə deyilirsə, əlbəttə, bu, təhdid hesab edilə bilər, yolverilməzdir. Vətəndaşı bezdirirsə, vətəndaş polisə, hüquq-mühafizə orqanlarına şikayət edə bilər. Məhkəməyə verirsənsə, ver, hər dəfə niyə zəng edirsən? Əslində niyə hər dəfə zəng etdiklərini bilirəm. Çünki 70-80 manata görə məhkəməyə vermək onlara sərf etmir axı. Məhkəmənin xərci bu puldan bir neçə dəfə çoxdur. Ona görə tək yolları budur ki, zəng edib camaatı bezdirsinlər. Sadəcə, vətəndaş niyə zəngə cavab verir? Ya zəngi açma, ya da aç, qulaq asma, qoy onun konturu getsin. Yəni bir neçə dəfə belə edəndən sonra daha zəng etməyəcəklər”.