Elçibəyin kürəkənindən Tofiq Qasımova “yerlibaz” ittihamı

14-06-2016, 10:10           
Elçibəyin kürəkənindən Tofiq Qasımova “yerlibaz” ittihamı
Sülhəddin Əkbər: “AXC hakimiyyəti dönəmində milli siyasətdə regionçuluq qətiyyən olmayıb”
Eks-prezident Əbülfəz Elçibəyin kürəkəni, tanınmış siyasətçi Aqil Səmədbəyli moderator.az-a açıqlamasında AXC iqtidarı daxilindəki münasibətlər və Elçibəyin hakimiyyətdən gedişi ilə bağlı danışıb. A.Səmədbəyli “AXC-nin içində olanlar yaxşı bilirlər ki, Tofiq Qasımov heç də Elçibəyi sevən adam deyildi. Bunun səbəblərindən biri də Azərbaycandakı xəstə yerliçilik təfəkkürüdür” - deyə qeyd edib:

“Nə yazıq ki, sovet dövründə Azərbaycanda bu xəstəlik kifayət qədər inkişaf etdirilib. Bu xəstəlik yalnız Elçibəy dönəmində aradan qalxmışdı. Elçibəy kadrlara haradan olmağına görə qiymət və vəzifə vermirdi. Hətta naxçıvanlıların və qərbi azərbaycanlıların Elçibəy dönəmində iqtidarda çox az sayda təmsil olunması da onun devrilmə səbəblərindən biri kimi göstərilir. Tofiq Qasımov devrimdən və həbsindən xeyli sonra bir müddət Ankarada yaşadı. Orda da Elçibəy haqqında ağzına gələni danışırdı. Buna son vermək üçün dostum Raqiblə Ankaraya getdik - onu ”görməyə". Görüşdən qaçdı. Telefonda Raqib ona yaxşıca xəbərdarlıq etdi. Bundan sonra Tofiq Qasımov susdu.

Hakimiyyətin devrilmə səbəbi kimi hamı daxili problemləri qabardır. Bu, tamam yanlış yanaşmadır. Əsas səbəb qətiyyən bunlar deyil. İnanın ki, Elçibəy komandası gerçəkdən monolit olsaydı da devriləcəkdi. Səbəbi də neft idi. 20-ci əsrdə ən azı 15 dəfə çevrilişə, milyonlarla insanın qanının axmasına səbəb olan neft. Məsələnin bütün mahiyyəti burda gizlidir".

A.Səmədbəylinin sözlərinə görə, əgər Elçibəy iqtidarda qalmaq üçün dirənsəydi, Azərbaycan təkrar parçalanacaqdı: “Bunun üçün ssenari hazırlanmışdı. Ruslar Elçibəyin iqtidardan rahat çəkiləcəyini hesab etməmişdilər plan yaparkən. Onlar sovet imperiyasına qarşı savaş bayrağı açan birinin, rus ordusunu Azərbaycandan çıxaracaq qədər cəsarət göstərən birinin iqtidar üçün savaşacağını düşünürdülər. Hesabları da belə idi ki, bu halda Gəncədəki ”Birlik" Surət Hüseynovun şəxsində rusları Azərbaycana dəvət edəcək və onlar da “barışcıl”’ məqsədlə təkrar ölkəmizi “xoşbəxt” edəcəklər. Bu planı Moskvadakı güvənilir qaynaqlar Elçibəyə çatdırmışdılar. Bəy Kələkiyə getdikdən sonra rus mətbuatı yazırdı: “Uçitel nas obmanul!” Onlar Elçibəyə “uçitel” deyirdilər öz aralarında.

Bu gün Suriyaya, İraqa, Yəmənə, Liviyaya baxıb hər gün Elçibəyə minnətdar olmalıyıq. O, hakimiyyətə gəlməsi ilə də, getməsi ilə də Azərbaycana xidmət etdi".

AXC hakimiyyəti dövründə milli təhlükəsizlik nazirinin birinci müavini işləyən AzDP sədri Sülhəddin Əkbər isə “Yeni Müsavat”a bildirdi ki, AXC hakimiyyəti dönəmində milli siyasətdə regionçuluq qətiyyən olmayıb: “Həmin hakimiyyətin əleyhinə olan adamlar da, məncə, etiraf edərlər ki, o dövrdə doğrudan da regionçuluq olmayıb. Ola bilsin ki, hansısa fərdlərin davranışında kiçik miqyasda olub. Amma bütövlükdə dövlət və hökumət siyasətində qətiyyən yerliçilik olmayıb. Dövlət və hökumət siyasətində regionçuluq əleyhinə siyasət aparılıb. Bu siyasət məqsədyönlü şəkildə aparılırdı. Prezident Əbülfəz Elçibəy bu məsələyə xüsusi fikir verirdi. Bu barədə dəfələrlə söhbətlərimiz olub. Elçibəy regionçuluğa qarşı siyasət aparmağa üstünlük verirdi.
Azərbaycan dövlətçilik tarixinə qısa bir ekskurs eləsək, bilirsiniz ki, bizim milli dövlətçilik tariximizin inkişafı xanlıqlar dövründə Rusiyanın Şimali Azərbaycanı işğalı ilə bağlı qırılıb. Regionçuluq məhz xanlıqlar dövrünə xas olan siyasi-ictimai hadisədir. Azərbaycan 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa edəndə də regionçuluq problemi müşahidə edilirdi. Ona görə də Əbülfəz Elçibəy məqsədyönlü şəkildə bu problemin meydana çıxmaması istiqamətində siyasət aparırdı. Hansısa kiçik miqyaslı hadisələr olubsa da, bu, milli siyasət səviyyəsində olmayıb".

O ki qaldı Aqil Səmədbəylinin “Tofiq Qasımov heç də Elçibəyi sevən adam deyildi, orda-burda Elçibəyin əleyhinə danışırdı” fikrinə, S.Əkbər siyasi komandadaxili məsələləri mətbuatda bu səviyyədə müzakirə etməyi düzgün hesab etmədiyini dedi: “Biz bir siyasi komandada olmuşuq. Komanda üzvü olmuş bir adam kimi mən bu cür müzakirədə iştirakı etik baxımdan düzgün hesab eləmirəm. İstənilən kollektivdə şəxsi münasibətlərdə bu və ya digər başqa səbəbdən problemlər ola bilər. Amma onun ictimai müzakirəsini, ümumiləşdirilməsini düzgün saymıram”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.