Hər adama bu sistemi vuranın vicdanı varmı? - Hər adama bu sistemi vuranın vicdanı varmı? - Həkimdən sərt sözlər
27-04-2023, 10:12

Azərbaycanlı pulmonoloq Həsən Həsənzadə “Deksametazon” preparatınından geniş istifadə edilməsi ilə bağlı narahatlığını ifadə edib.
Ölkə.Az xəbər verir ki, həkim bu barədə sosial şəbəkələrdə yazıb:
“Bu gün bir pnevmoniya xəstəsi müayinə etdim. Əslində, pnevmoniya olduğu dəqiq deyildi, amma öncədən qonşu tibb bacısı 3 gün içərisində “Deksametazon” olan sistem qoşmuşdu.
Bir astma xəstəsi də müayinə etdim. Əvvəlcədən 5 gün qonşu tibb bacısı tərkibində “Deksametazon” olan sistem qoşmuşdu. Demək olar, hər gün belə halla rastlaşıram. Heç bir seçim etmədən, hər qarşısına çıxana “deksametazon” vuran “şəxs”, sənin vicdanın, şərəfin varmı?”, - deyə o yazıb.
H.Həsənzadə son vaxtlar əhali arasında yayılan xəstəliklərə qarşı xəstələrə həkim məsləhəti olmadan vurulan sistemlərlə bağlı narahatlığını ifadə edib. O bildirib ki, söhbət təkcə “Deksametazon”dan getmir:
“Bu sırada çox dərman var. Əsas problem göstəriş olmadan dərman istifadəsidir. “Deksametazon” heç bir zərər verməsə belə, yenə də göstəriş olmadan istifadəsi yolverilməzdir. “Deksametazon”la xəstə insanın problemi “maskalanır” və artıq ona diaqnoz qoymaq çətin və ya mümkünsüz olur”.
Qeyd edək ki, 2020-ci ildə koronavirus pandemiyasının geniş yayıldığı vaxtda da əhaliyə “Deksametazon”la bağlı xəbərdarlıq edilmişdi. Nazirlər Kabineti yanında Operativ Qəragahın brifinqlərində dəfələrlə mütxəssislər bu preparatın xəstəliyin kritik mərhələsində istifadə edildiyini, yersiz istifadənin immun sistemini sıradan çıxara biləcəyini söyləmişdi.
Pulmonoloq Ramin nəriman da öz növbəsində “Deksametazon”un xəstələrə özbaşına və ya kökəlmə məqsədi ilə vurulmasını “qəbuledilməz” adlandırmışdı:
“Deksametazon” kökəlmə dərmanı deyil. Bu, hormonal dərmandır. “Deksametazon”un uzunmüddətli qəbulu zamanı sifət şişib yumrulaşır (İtsenko-Kuşinq sindromu), kişi tipli tüklənmə, səsin kobudlaşması, hormonal pozğunluqlar, vərəmin aktivləşməsi, dəri dartılması, şəkərli diabet, mədə-bağırsaq xorası, qanaxması və deşilməsi, sümük nekrozu və osteoporoz (sümükdən kalsiumun yuyulması), hipertoniya (qan təziqinin artması), katarakta (göz büllurunun xəstəliyi), immunitetin düşməsi, tez-tez infeksion xəstəliyə tutulma baş verə bilər".
Billurə Yunus