Minada ayaqlarını itirən zabit: “Taxta ilə döyürdülər...” - Tərtər dəhşətləri

29-04-2023, 08:49           
Minada ayaqlarını itirən zabit:
2017-ci ilin mayında Tərtərdə, Beyləqanda hərbçilərə qarşı kütləvi işgəncələrlə bağlı məhkəmə araşdırmaları davam edir. Bu işgəncələrə görə həbs olunanların işini Bakı Hərbi Məhkəməsinin hakimləri araşdırır. Lakin məhkəmə iclasları Sumqayıt Məhkəmə Kompleksində keçirilir.
Beyləqan hadisələrinə görə 5 nəfər müttəhimlər kürsüsündə mühakimə olunur. Onların arasında bir günüral da var - Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra etmiş Bəkir Orucov. O, Beyləqan hadisələri zamanı II Ordu Korpusunun Qərargah rəisi olub. Digər dörd nəfər isə o dövrdə korpusun mayoru olmuş İntiqam Məmmədov, hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi Rahib Məmmədov, döyüş hazırlığı üzrə şöbəsində xidmət edən Ülvi Rəşidov və Ziya Kazımovdur.
TEREF.AZ Bizimyol.info-ya istinadla xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyilə keçirilən budəfəki məhkəmə iclasında minaya düşərək hər iki ayağını itirmiş, hazırda bədənində yüzlərlə qəlpə gəzdirən Vurğun Əbilov zərərçəkmiş qismində ifadə verib. O, 2017-ci ilin mayında məruz qaldığı işgəncələrdən danışıb.

Vurğun Əbilov bildirib ki, həmlə taborunda maddi-texniki təminat məsələləri üzrə müavin idi. Onun sözlərinə görə, komandir Ramin Əliyevlə münasibətləri yaxşı deyildi: “Ümumiyyətlə, onun tabeliyindəki heç kimlə münasibəti yaxşı olmayıb. Məni də qərəzli şəkildə göndərmişdi”.

Zərərçəkmişin sözlərinə görə, onu telefonoqramla çağırıblar. Ora çatanda isə çoxsaylı hərbçilərin toplandığını görüb: “Ayaqqabı iplərimizi, başqa şəxsi əşyalarımızı çıxartdırıb aldılar. İntiqam Məmmədov və baş leytenant Ağayev məni pol ağacı yoğunluğunda taxta ilə döydülər. İntiqam Məmmədov əvvəl Şəmkir korpusunda əmimlə işləmişdi. Əmim də hərbçidir. Mənə dedi ki, əmin də, sən də vətən vətən xainisiz. İntiqam Məmmədov taxta ilə kürəyimdən vurub yerə yıxdı. Guya mən bölük komandiri olan vaxtda zabitlərimiz düşmən tərəfə gedib. Halbuki, belə bir şey olmamışdı...”

Üç gün işgəncələrə məruz qaldığını deyən Vurğun Əbilovun sözlərinə görə, işgəncələrdə başqa maskalı şəxslər də iştirak edib. Onun özünün də gözlərini, əllərini bağlayıblar:

“Üç gün sonra məni oradan çıxartdılar. Oradan çıxaranda İntiqam Məmmədov qolumu “jqutla “ bağladı. Məni gözübağlı gətirdilər. Soradan bildim ki, Biləcəriyə - hərbi polisə gətiriblər. İntizamsızlıq adıyla 10 sutka cəza verdilər”.

Zərərçəkmiş əlavə edib ki, ona fiziki işgəncələr verməkdən əlavə, həm də ailəsiylə təhdid olunub: “İntiqam Məmmədov baş leytenant Ağayevə dedi ki, boynuna almırsa, ailəsini, uşağını gətirin, nə varsa, danışacaq”.

Qarabağ döyüşlərində sağlamlığını itirmiş Vurğun Əbilov deyir ki, hazırda bədənində 400-dən çox qəlpə gəzdirir.

Beyləqanda bu hadisələr baş verərkən manqa komandiri olan Müseyib Tanrıverdiyev də zərərçəkmişlər arasındadır. O da məhkəmədə ifadə verib. Onun sözlərinə görə, xidmət etdiyi postda stəkanın içindən F-1 əl qumbarası tapılmışdı. Dərhal bu barədə tabora məruzə eləmişdi:

“O vaxt korpusun qərargah rəisi olan Bəkir Orucov gəldi. Soruşdu ki, bu qumbaranı ora kim qoyub? Məni təhqir elədi, yumruqla vurdu. Qumbaranı da neytral əraziyə atıb partlatdı. Məni briqadaya düşürtdülər. Bir müddət sonra gözlərimi, əllərimi bağlayıb, günlərlə işgəncə verdilər. Mənimlə yanaşı, bütün manqanı da postdan çıxartdılar. Bizim yerimizə kəşfiyyatçılar gəldilər. Məni korpus komandiri Mais Bərxudarov çağırtdırmışdı. Ona da nə vardısa, elə də danışmışdım”.

Müseyib Tanrıverdiyev bildirib ki, general Bəkir Orucov onu vurduğuna görə ondan şikayətçidir. O həm də Mais Bərxudarovdan şikayətçi olduğunu deyir: “İstintaqda Mais Bərxudarovdan da şikayətçi olduğumu demişəm. Bilmirəm ki, yazıblar, yoxsa yox”.

Müseyib Tanrıverdiyev də 2020-ci ildə 44 günlük Vətən Müharibəsində iştirak edib, sağlamlığını itirib. Hazırda da müalicə olunur.

Daha bir zərərçəkmiş Kamil İbrahimov da məhkəmədə ifadə verib.

“Biz də göbələk deyildik, yerdən çıxmamışdıq, ailəmiz uşağımız vardı. Bu adi məhkəmədir, görəsən bunlar bizim başımıza gətirdiklərinə görə Allahın məhkəməsində nə cavab verəcəklər? Bizim indiki əsəbi halımız da 2017-ci ildə başımıza gətirilənlərə görədir. ”, - o, məhkəmədə belə deyib.

Kamil İbrahimovun sözlərinə görə, təxminən bir həftə ərzində işgəncəyə məruz qalıb. Onun sözlərinə görə, şəxsən ona işgəncə verinlər göstərişləri həm də İntiqam Məmmədovdan alırdılar: “İntiqam Məmmədov işgəncələrə rəhbərlik edirdi. Düşmən əsirlərinə olunmayan işgəncələr olunub bizə. O müddətdə Mais Bərxudarovun da ora gəlib-getdiyini görmüşəm. O, gəlib-gedəndən sonra işgəncələr daha da şiddətləndi. Bibim oğlu Qarabağda şəhid olub. Onu da təhqir edirdilər”.

Onun sözlərinə görə, İntiqam Məmmədovun əmri ilə ətrafdakılar gözlərini bağlayıb, onu soyundurub, alt paltarında üzü divara saxlayıb, döyməyə başlayıblar:

“İntiqam deyirdi ki, yuxarıların tapşırığı var, onu icra edirik, məcburuq bu işgəncələri verməyə. Amma kimin tapşırığını icra etdiklərini demirdi”.

Beyləqandakı işgəncələr üzrə ümumilikdə 63 nəfər zərərçəkmiş qismində tanınıb. Həmin işgəncələr zamanı bir nəfər – Adil Sabirli işgəncələr nəticəsində dünyasını dəyişib. Döyülmə nəticəsində onun dalağı partlayıb.

Məhkəmə qarşısına çıxarılan 5 nəfərin heç biri özünü təqsirli bilmir. Onlar irəli sürülən ittihamları qəbul etmir, işgəncələrdə iştirak etmədiklərini bildirirlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.