Vaşinqton danışıqlarının detalları: - "Bu həftə..."

2-05-2023, 12:27           
Vaşinqton danışıqlarının detalları: -
Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında ABŞ-ın vasitəçiliyi ilə “Münasibətlərin normallaşdırılmasına dair saziş” sənədi üzrə danışıqlar başlayıb.

TEREF.AZ “Amerikanın Səsi”-nə istinadən xəbər verir ki, yüksək səviyyəli ABŞ diplomatları danışıqların təfərrüatlarını bölüşüblər.

“Ermənistan və Azərbaycanın xarici işlər nazirləri bu həftə bir sıra ardıcıl görüşlər keçirəcəklər”,-deyə ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmiləri bildiriblər. Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş məsləhətçisi Luis Bono bildirib ki, tərəflər arasında müzakirələr konstruktiv şəkildə davam edir.

“Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiqdir”,-deyə yüksək səviyyəli diplomatlar bildiriblər. Onlar hesab edirlər ki, birbaşa dialoq Vaşinqtonun təşviq etdiyi məsələlərin həlli və davamlı sülhə nail olmaq üçün yeganə yoldur.

Danışıqlar paytaxt Vaşinqtonun kənarında yerləşən Corc Şultz adına Xarici Əlaqələr üzrə Milli Təlim Mərkəzində keçirilir. ABŞ-ın dövlət katibi Entoni Blinken artıq xarici işlər nazirləri Mirzoyan və Bayramovu ayrı-ayrı qısa görüşlərdə qəbul edib, ardınca üçtərəfli müzakirələr aparılıb:

“Amerika tərəfi Moskvanın danışıqlara mənfi reaksiyasından məyus olduğunu bildirib. Ən əsası odur ki, tərəflər harada olur-olsun - Vaşinqtonda, Brüsseldə və ya Moskvada- bir-biri ilə ünsiyyət qura bilsinlər”,-deyə yüksək rütbəli diplomatlar qeyd ediblər. Onların sözlərinə görə, Vaşinqtonun məqsədi davamlı, balanslaşdırılmış və ləyaqətli sülhə nail olmaq üçün platforma təmin etməkdir.

Müzakirə olunan sənəd “Münasibətlərin tənzimlənməsi haqqında saziş” adlanır. Bono qeyd edib ki, Birləşmiş Ştatlar tərəflərin münasibətlərini normallaşdırmağa, birgə yaşaya bilmələrinə, iqtisadi əlaqələri və hətta regionda kollektiv təhlükəsizliklərini gücləndirməyə çalışır. Onun sözlərinə görə, bu, bütün məsələlərin müzakirə olunduğu mürəkkəb və əhatəli prosesdir.

Dövlət Departamenti nümayəndəsinin sözlərinə görə, hərtərəfli saziş üzrə danışıqlarda tərəflərin müzakirə etdiyi məsələlərdən biri də hər iki ölkədə etnik azlıqlara münasibətdir.

ABŞ dövlət katibinin köməkçisi Erika Olson da tərəflərin razılığa gəlmək üçün bu həftə birbaşa və səmimi müzakirələr aparacağına ümid etdiyini bildirib:

“Biz bu prosesi asanlaşdırmağa sadiqik və burada davam etdirilə biləcək mühüm dialoqa ev sahibliyi etməkdən şərəf duyuruq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.