Azərbaycan səhiyyəsinin mərəzləri –Araşdırma

18-06-2016, 09:46           

Dünən Azərbaycanda Səhiyyə İşçiləri Günü qeyd olundu. Səhiyyə sistemi, səhiyyə xidmətlərinin səviyyəsi, keyfiyyəti hər bir cəmiyyət, ölkə üçün çox vacib komponentlərdən, inkişaf göstəricilərindən biridir. Səhiyyə sisteminin vəziyyəti ölkə və cəmiyyətin yetkinliyindən, insana verilən dəyərdən də söz açmağa imkan verir. Bu baxımdan 17 iyun Səhiyyə İşçiləri Günü həm də, səhiyyə sistemimizdə problemlərə, çətinliklərə diqqət çəkmək nöqtey-nəzərindən də əhəmiyyətlidir. Uğurlar hər zaman vurğulanır və qabardılır. Mövcud vəziyyətdə isə daha çox problemlərin gündəliyə gətirilməsinə ehtiyac var.

Bu məqaləmizdə səhiyyə sistemi ilə bağlı vacib hesab etyimiz məsələlərə diqqət çəkməyə çalışacağıq. Şübhəsiz ki, Azərbaycan səhiyyəsinin problemlərinin öyrənilməsi, həlli yollarının təklif edilməsi genişmiqyaslı, çoxsaylı tədqiqatlar aparılmasını zəruri edir. Jurnalistlər sadəcə gözlə görünən, hər kəsin fərqində olduğu məsələləri vurğulamağa çalışırlar. Hesab edirik ki, bu məsələlərin təkrar-təkrar gündəliyə gətirilməsinə fayda var.

Pulsuz tibbi xidmətlər problemi

15 yanvar 2008-ci ildə səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı qərarla həmin il fevralın 1-dən Səhiyyə Nazirliyinin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmət ləğv edilib. Şübhəsiz ki, hökumətin bu addımı xoş məramdan və sosial yanaşmadan irəli gəlirdi. Bununla belə, praktikada əhali dövlət büdcəsindən maliyyələşən tibb müəssisələrində xidmətlərdən yalnız çox cüzi şəkildə pulsuz faydalana bilir. Faktiki olaraq, əhali aldığı tibb xidmətlərinin dəyərini qeyri-rəsmi ödənişlər vasitəsilə ödəyir. Burada da təəccüblü heç nə yoxdur.

Azərbaycanda səhiyyə xərclərinin ÜDM-dəki payı o qədər də çox deyil. Yəni, bu vəsaitlə, hətta o çox şəffaf xərclənsə belə əhalinin tibb xidmətlərinə olan ehtiyacının əsas hissəsini ödəmək mümkün deyil. 2016-cı il dövlət büdcəsində səhiyyəyə ayrılan vəsait ümumi xərclərin 9,3% təşkil edir. Bu orta Avropa göstəricindən çox azdır. Avropada səhiyyə xərclərinin ÜDM-də orta payı 9,3% -dir. Dövlət büdcəsi xərclərində səhiyyə xərclərinin orta göstəricisi isə 14,6% təşkil edir. İnkişaf etmiş ölkələrdə səhiyyə xərclərinin ÜDM-də payı bir qayda olaraq 10% çox olur.

Digər tərəfdən səhiyyə sistemi əmək haqqına görə ölkə iqtisadiyyatında ən aşağı səviyyədə olan sahələrdən biridir. Sirr deyil ki, səhiyyə işçilərinin faktiki qazancının çox böyük hissəsi vətəndaşlar tərəfindən qeyri-rəsmi ödənişlər hesabına formalaşır.

Əks halda bu cür aşağı əmək haqqı ilə ən alturist tibb işçisi də az müddət ərzində olsa belə pulsuz tibb xidməti göstərə bilməz.

Neft gəlirlərinin ən yüksək həddə olduğu zamanlarda belə səhiyyə xərcləri ildə 1 milyard manata çatmadı. Nəzərə almaq lazımdır ki, səhiyyəyə ayrılan vəsaitin böyük hissəsi tibb obyektlərinin tikintisi və təmirinə xərcləndi və tibb personalının sosial müdafiəsində heç bir ciddi irəliləyiş qeydə alınmadı.


Əslində indiki pulsuz tibb xidmətləri ilə bağlı özünüaldatma sistemi vətəndaşlarla tibb işçilərini üz-üzə qoymaqla, faktiki olaraq səhiyyədə çox qeyr-sağlam münasibətlərin yaranmasına səbəb olub. Dövlət büdcəsindən maliyyələşən tibb müəssisələrində işləyən tibb işçiləri qeyri-rəsmi ödənişlər tələb etməyə, vətəndaşlar isə bununla barışmağa məcburdurlar.

İcbari tibbi sığorta problemi

Son 10 ildə Azərbaycan səhiyyəsi üçün əldən verilmiş imkanlardan biri də icbari tibbi sığorta sisteminin tətbiq edilməməsi oldu. 2007-ci ildə “Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyası”ı təsdiq edildi 2008-ci ildə isə Nazirlər Kabineti yanında Tibbi Sığorta Agentliyi yaradıldı. 2012-ci ilə qədər ölkdə icbari tibbi sığortaya keçid istiqamətində, mərhələli şəkildə addımlar atılacağı gözlənilirdi. Amma bu baş vermədi. Yalnız bu ildən icbari tibbi sığoartaya keçidin mümkünlüyü ilə bağlı konkret açıqlamalar verilməsinə başlanılıb.

İcbari tibbi sığorta səhiyyənin müasir standartlara uyğun təşkili ilə yanaşı sosial müdafiə sisteminin ən vacib elementidir. Hazırda dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan vətəndaşların əksəriyyəti üçün normal tibb xidmətləri əlçatan deyil. Tibb xərcləri o səviyyədədir ki, bəzən bir müalicə kursu üçün illik əmək haqqı bəs eləmir. Təsəvvür edin ki, kitabxanada çalışan bir vətəndaş böyrək əməliyyatı üçün nə qədər xərc çəkməlidi. O, isə minumum əmək haqqından (195 manat) bir az çox əmək haqqı alır…

Misal üçün qeyd edək ki, MDB-nin ən kasıb ölkələrindən biri olan Moldova 2004-cü ildən icbari tibbi sığortaya keçib. Dünya təcrübəsi də sübut edir ki, Azərbaycanda hazırda tətbiq olunan səhiyyənin maliyyələşdirilməsi sistemi səmərə vermir. Tətbiq olunan “Semaşko sistemi”nə əsasən çarpayı sayına görə maliyyələşdirmə çox uğursuz və köhnəlmiş yanaşmadır.

İcbari tibbi sığortanın olmaması pasiyent hüquqlarının müdafiəsinə də imkan vermir. Çünki indiki halda pasiyentin haqlı çıxması möcüzə olardı. Təsadüfi deyil ki, artıq neçə illərdir ki, “Pasiyentlərin hüquqlarının müdafiəsi haqqında” qanun layihəsi Milli Məclisdə növbə gözləyir…

Sifarişli resept problemi

Son illərin ən qabarıq tendensiyası isə həkimlərin dərman təchizatçıları ilə sövdələşərək konkret preparatları reseptlərə daxil etmələridir. Bu zaman nəzərə alınmır ki, bu preparat doğurdan da lazımdırmı? Razılaşdırılmış preparatların reseptlərə daxil edilməsi müqabilində isə həkimlərə komissiya haqqı təklif olunur. Son zamanlar bu halların qarşısının alınması ilə bağlı addımlar atılsa da, problem tam həll olunmayıb və təchizatçı şirkətlərin nümayəndələrini xəstaxanalarda tez-tez görmək mümkündür.

Ümumiyyətlə, ən azı republika əhəmiyyətli xəstəxanalarda elekton uçot, xəstəlik tarixçələrinin elektronlaşması və rəqəmsal arxivləşdirilməsi, elektron reseptlər yazılmasına keçid vaxtı çoxdan çatıb. Bütün dünya artıq tam elektronlaşmış səhiyyə sistemi modelinə keçidə qədəm qoyub. Azərbaycan praktikasında isə biz hələ ki, vahid resept formasına keçidi güclə təmin edirik…

Azərbaycanın səhiyyə reytinqi

Bir daha qeyd edək ki, biz hər gün qeyd edilən problemlərə bir daha diqqət çəkməyə çalışdıq. Səhiyyənin problemləri doğurdan çoxşaxəlidir və saymaqla bitməz. Poliklinika sisteminin demək olar ki, sıradan çıxması, sahə həkimlərinin formal fəaliyyəti, kadrların və tibb təhsilinin keyfiyyəti, ayrı-ayrı sahələr üzrə orta səviyyəli mütəxəsisslərin belə, barmaqla sayılacaq qədər az olması, profilaktika tədbirlərinin olduqca aşağı səviyyədə təşkili, əhalinin sağlamlığının monitorinqi sisteminin demək olar ki, yoxluğu, səhiyyə idarəetməsinin sovet sistemi üzərində qurulması, pasiyent hüquqları və s. ciddi və fundamental problemlər sırasına aid etmək olar.

Şübhəsiz ki, irəliləyişlər də var və rəsmi statistikada, hətta Ümümdünya Səhiyyə Təşkilatının hesabatlarında müsbət meyillər əks olunub. Tibb müəssisələrinin tikilməsi, təmiri, yeni avadanlıqların gətirilməsi, özəl səhiyyənin irəliləməsi, ana-uşaq ölmünün azalması, peyvəndləmə, yolxucu xəstəliklərlə bağlı dövlət proqramları, dializlə təminat, dispanserizasiya tədbirləri və s. ilə əlaqədar görülən işləri, statistikanı da qeyd etmək olar.

Amma bir məsələni də nəzərə almaq lazımdır ki, bütün bunlar sonda tibb xidmətinin əlçatanlığına və keyfiyyətinin yaxşılaşmasına xidmət etməlidir. Bu məsələlərlə bağlı isə rəsmilərin nikbinliyi ilə sadə insanların dəyərləndirməsi arasında çox böyük təzad var. Hansı tərəfin haqlı olduğuna qərar vermək üçün isə İran, Türkiyə, Rusiya, hətta Gürcüstana müayinə və müalicə üçün üz tutanların statistikasına nəzər salmaq lazımdır.

Sonda qeyd edək ki, nüfuzlu Blumberq (Bloomberg) agentliyinin Səhiyyə sistemlərinin effektivliyi reytinqində 2015-ci il üzrə Azərbaycan 55 ölkə arasında 51-ci yeri tutub…

Zaur İBRAHİMLİ

Strateq.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.