Yanan bina ilə MTN işi arasında əlaqə təsdiqlənir
20-06-2016, 10:20
Eldar Mahmudov hadisədən dərhal sonra hansı sənədləri ələ keçirib?
Hələ “MTN işi”nin ilk günlərində “Azadlıq” məlumat yaymışdı ki, bu məsələ ilə ötən ilin mayın 19-da Binəqədi rayonunda 15 nəfərin ölümü ilə nəticələnmiş yanğın arasında əlaqə var. Məlumatda deyilirdi ki, həmin ərəfədə keçmiş MTN şefi Eldar Mahmudovun qudası, hazırda həbsdə olan Cahangir Hacıyevlə bağlı müəyyən proseslər baş verirdi. Söhbət Beynəlxalq Bank ətrafında yaranmış “kredit qalmaqalı”ndan gedir. Cahangir Hacıyev də bu qalmaqalla əlaqədar həbs olunub.
Bildirilirdi ki, yanğın hadisəsinə görə həbs olunanlar, xüsusilə binaların üzlənməsini həyata keçirən “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov istintaqa kifayət qədər ilginc faktlar açıqlayıb. Məlumatda vurğulanırdı ki, onun məhkəmə prosesi zamanı verəcəyi açıqlamalarda yanan bina ilə “MTN işi” arasındakı əlaqəyə də aydınlıq gətirəcək məqamlar ola bilər.
Artıq bu iş üzrə məhkəmə prosesi başlayıb. Bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hazırlıq iclası keçirilib. Miryusif Mahmudovun vəkili Ilhamə Həsənova məhkəmədə maraqlı açıqlamalar verib. “Yanğın baş verərkən FHN-nin aparmalı olduğu araşdırma və yoxlamanı MTN aparıb. Binada yanğın söndürülməmiş 10-12 nəfər MTN əməkdaşı şirkətin ofisinə gəlib. Miryusif Mahmudovu Ağır Cinayətlərə dair Istintaq Idarəsinə aparıblar. Şirkətdən bəzi sənədlər də götürülüb”, – deyə vəkil bildirib.
Ilhamə Həsənovanın dedikləri həqiqətdirsə, o zaman MTN-in bu məsələyə anında müdaxilə etməsi müəyyən şübhələr yaradır. Axı fakt üzrə cinayət başlamamış MTN əməkdaşlarının Miryusif Mahmudovun ofisində nə işi var? Onlar hansı sənədləri götürüblər? MTN rəhbərliyi nəyi gizlətmək istəyib? Suallar çoxdur. Digər tərəfdən Ilhamə Həsənova dediklərindən görünür ki, MTN hətta FHN-nin işlərinə də müdaxilə edib. Bütün bunlar bir daha göstərir ki, “MTN işi” ilə yanan bina arasında hansısa əlaqə var. Güman ki, növbəti proseslərdə bu məsələ bir qədər də aydınlaşacaq.azadliq.info